Sizin link burada

Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

 

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Dəyişiklik edilməsinə səbəb marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.

 

Məlumat üçün bildiririk ki, 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə Agentlik tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunmuş, o cümlədən “141 Çağrı Mərkəzi”nə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.

 

Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. 17 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Dəyişiklik 16.12.2017 tarixindən qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq.

 

Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasını yeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində də analoji addımlar atılacaq.  

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>