Sizin link burada

Hər şey Sarkisyan üçün

 

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfəri Azərbaycan mediasında maraqlı müzakirələrə səbəb oldu. Onun helikopterlə Azərbaycan sərhədlərini pozaraq Azərbaycanın hava məkanına girməsi haqlı olaraq belə bir sual ortaya çıxardı: Azərbaycan Sarkisyanın helikopterini vura bilərmi? Rəylər müxtəlif oldu. Kimisi əsaslandırılmış “hə” dedi, kimisi əsaslandırılmış “yox”.

 

Bəzi analitiklər bunu müharibənin başlanması kimi qəbul oluna biləcəyi fikrini səsləndirdi. Bəzi ekspertlər isə birmənalı hökm verdi - Azərbaycan Sarkisyanın helikopterini vurmalıdır.

 

Yada salaq ki, bu, Sarkisyanın Azərbaycana helikopterlə ilk səfəri deyildi. Heç son səfər də deyil. Sarkisyan bundan sonra da helikopterlə Azərbaycan hava məkanına girəcək. Yəni Sarkisyanın helikopterini vurma üçün şanslarımız hələ də olacaq. Amma...

 

“Vura bilərikmi?” sualına cavab axtaran ekspertlərin yadına salım ki, bundan əvvəl Qarabağ səmasında Ermənistana məxsus helikopter vurulub. Və bu insidentdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatın əsaslandırma hissəsində vurulan helikopterin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki postlarına yaxınlaşması və bunun həmlə kimi qəbul olunduğu vurğulanmışdı. Deməli, vurulan helikopterin vurulmasının səbəbi postlarımıza həmlə etməsi olub. Bəs Ermənistan prezidentinin Dağlıq Qarabağa helikopterlə, hərbi geyimdə Azərbaycanı qıcıqlandıracaq nümayişkaranəliklə gəlişi nəyə xidmət edir? Axı formal məntiqlə ermənilər mövcud status-kvonu saxlamaq üçün Azərbaycanı qıcıqlandırmamalıdır. Və həm də bu, Azərbaycanı yox, hər kəlməsi sülhlə başlayıb, sülhlə bitən köhnə qitəni də qıcıqlandıra bilər axı. Çünki Avropaya inteqrasiya görüntüsü yaradan Sarkisyanla müqavilə imzalamış Avropa siyasətçiləri Qafqazda sabitlik istəyir. Bütün bu müəmmaların və sualların bir cavabı var: Məqsəd Sarkisyanı hakimiyyətdə saxlamaqdır.

 

Bəs Sarkisyanı hakimiyyətdə saxlanmaq daha çox kimin marağındadır? Təbii ki, Rusiyanın. Sözsüz ki, Sarkisyanı hakimiyyətdə saxlamaq asan deyil. Çünki Ermənistan növbəti ilin aprelindən yeni üsul-idarəyə keçir. Və bu keçid hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Nəzərə alsaq ki, bu gün Ermənistanda Rusiyanın ən sadiq siyasi tərəfdaşı Sarkisyan və onun komandasıdır, baş verənlərin məntiqi izahı aydın olar.

 

Rusiya bölgəni bütövlükdə itirmək təhlükəsi ilə üz-üzədir. Ermənistan Rusiyanın nəzarətindən çıxsa, bu proses reaktiv sürət ala bilər. Buna görə də Kreml müxtəlif planlar tətbiq edir. Sözsüz ki, bu planlardan biri mahiyyəti Azərbaycan və Ermənistanı özünə daha çox bağlamağa yönəlmiş “Lavrov planı” idi. Kağız üzərində guya ki, Dağlıq Qarabağ münaqişəsinin həllini ehtiva edən plan əslində Rusiyanın maraqlarının təmin olunmasına yönəlib. Bu plan baş tutmadı. İndi Rusiya alternativ planlar axtarışındadır. Və bölgədə mövcudluğunun təmin olunmasında Sarkisyan rejimi daha etibarlı tərəfdaşdır. Baş verənlərin hamısı əslində buna yönəlib. Hətta Ermənistanın Avropa İttifaqı ilə imzaladığı sazişin də mahiyyətində Sarkisyanın hakimiyyətdə saxlanılması dayanır. Ermənistanın Avropa ilə saziş imzalamağına izn verməklə Rusiya Sarkisyan rejimini rəngli inqilabdan sığortalamağa çalışır. Axı idarəetmə dəyişikliyi zamanı belə bir inqilabın baş vermə ehtimalı daha yüksəkdir. Eyni zamanda Ermənistanda sosial-iqtisadi və siyasi durum erməni xalqını razı salacaq səviyyədə deyil. Belə bir şəraitdə Sarkisyanın devrilməsi an məsələsi ola bilər. Buna görə də Rusiya Sarkisyan rejimini sığortalamaq üçün addımlar atır.

 

Qərbdən gələn rəngli inqilab küləyi Sarkisyanın bağladığı sazişlə sığortalandı. Bəs Sarkisyan xalqın qəzəbindən necə sığortalana bilər? Bu sualın cavabını Sarkisyanın helikopterlə, hərbi geyimdə Dağlıq Qarabağa gəlişində axtarmaq lazımdır.

 

Orta statistik erməni hesab edir ki, Sarkisyan rejimi erməni xalqı üçün nə qədər arzuolunmazdırsa, bir o qədər də lazımlıdır. Onun nəzərincə, Azərbaycanın revanşına qarşı dayana biləcək yeganə qüvvə məhz Qarabağ müharibəsindən çıxmış Sarkisyan və onun ətrafıdır. Artıq sirr deyil ki, beynəlxalq ekspertlərin müharibə proqnozları və Azərbaycanın hərbi ritorikası sadə erməniləri arzulamadıqları rejimə güvənmələrini şərtləndirir. Müharibə proqnozları və hərbi ritorika sadə erməninin özünümüdafiə instinktini işə salır və onlar müharibə adamlarına səs verir.

 

Sarkisyan artıq Qarabağ müharibəsi şinelindən çıxan digər qüvvələri neytrallaşdırıb. Əsas iddialı və aqressiv qüvvələrin liderləri Samvel Babayan və Seyran Ohanyan artıq oyundan kənardadır. Vitali Balasanyanın siyasi iddiaları olsa da o daha mötədil təsiri bağışlayır və hələ ki, Dağlıq Qarabağ hüdudları ilə kifayətlənir.

 

Beləliklə, erməni cəmiyyətinin maraqlarını təmin edə biləcək siyasi qüvvə Sarkisyan və onun komandasıdır. Necə deyərlər, bu gün baş verənlərin hamısı Sarkisyan üçündür.

 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>