Sizin link burada

Necə sevək ki, əzab çəkməyək?

 

Bəzən sevgimizi  idarə edə bilmədiyimiz üçün  problemlə  üzləşirik. Qan qaralır, göz zəifləyir, qan təzyiqi, şəkər, depressiya, nəticədə intihar özünü çatdırır.

 

Psixoloqla aramız  yox. Valideyn öz övladını psixoloqun yanına çətinliklə aparır. Sanki psixoloq gənclər üçün ayıb bir iş sayılır. Bəzən valideyn də özünü kənara çəkir. Burda nə var ki, mən də gəncliyimdə belə ötkəm, aqressiv idim, bir az böyüsün keçib gedər - deyir.

 

Həyatın nəzərdən qaçmış anlarında ölüm gizlənib bizə baxır. Atanın  heç vaxt ağlına gəlmir ki, oğlu dəli kimi sevə bilər. Özü də  atasının heç vaxt diqqətə almadığı qonşu qızını. Oğul sevir, ata razı deyil, ana əsəbi - hər şey öz axarından çıxır. Əsəblər idarə olunmur. Atanın aqressiv olmağı  oğulun sevgisini daha da  artırır. Nəticədə beyinin qaranlıq və həm də anlaşılmaz olan  bir guşəsi oğula özünü asmaq üçün  həyətdə gözəgəlimli bir budağı  nişan verir. Ata xəbərsiz…

Belə nişanların  yerini mən yaxşı bilirəm.  Həyətimdə  belə  ağac budaqlarını həmişə  kəsmişəm. Evimdə kəndir saxlamamışam. Belə düşünmüşəm.

Əsl sevgi nizamsız gəlir. Özü də belə sevgilər  əsasən valideynlərin düşüncələrinə zidd olur. Ərlik, ərənlik yaşına  çatmış gənclər bu ziddiyəti asanlıqla keçə bilmirlər, təfəkküləri ziddiyətə  ilişib yıxılır. Hər övladı olan ata deyil. Ata  təfəkkür, düşüncə deməkdir. Həyat bizim üçün  həz zaman  hazır ziddiyyətlər qoyub. Oğulsan, gəl rahat keç…

 

Sevgi lazım olduğu vaxtda gəlmir, ya gecikir, ya da tələsir. Ya   da   dəli kimi sevdiyin  sənə laqeyd olur. Bəs necə etməli? Belə hallarda ruh ayağa düşür. Ruh ayağa düşdümü,  məsələ çətinləşir.  Sevgi sənə əzab verir. İstəyirsən ölüb hamının peşmançılığını görəsən. Bax görəsən ha!

 

Lap elə qızın gözlərinin qabağında vena damarlarını doğramaq sevdiyinin  sübutu kimi görünə bilər. Ağıla bax. Deməli, belə düşüncəli  gənclər  həyatı boyu kitab oxumayıblar.  Evlərində kitab rəfləri yoxdur. Atası heç vaxt əlində  evə  kitab gətirməyib. Mütaliəsiz aşıq  həyat üçün oyuncaqdır, yelkənsiz qayıqdır. Sevgilisinə qovuşmaq, onu ələ almaq üçün  əlindən  heç bir iş gəlmir. Ancaq gücü verib ürəyinə, gözünə… Gücü verib o qızı izləməyə, güdməyə. Şərt qoyub,  əgər o, başqasına getsə, qızı öldürəcək, ya da özünü. Niyə? Çünki heç vaxt kitab oxumayıb, savad yoxdur, düşüncə  formalaşmayıb. Sadəcə, sevgi dolu ürəyi var. Bu da ona əzab verir. Sevgi  tərbiyə olunmalıdır. Olunmasa, uduzacaqsan, əzab çəkəcəksən.  O, necə tərbiyə olunur? Dünyagörüşlə, kinoyla, idmanla, mütaliə ilə, savadla, tədbirlə, peşakarlıqla, bacarıqla, əməklə. Bunların heç biri səndə yoxdursa, deməli, sən məğlub olacaqsan. Dediklərimi bacarsan, deməli,  sənin sevginin vəzni olacaq, sevginin dilini biləcəksən, anlaşacaqsan.

Bütün sevgilər belədir, ataya-anaya, torpağa, vətənə, bayrağa sevginin ritmi, vəzni olmalıdır. Səngərdən çıxaraq, “Vətən, mən səni  çox sevirəm” - deyib  sinəni güllənin qabağına  vermək ölçüyə nizama sığmayan sevgidir. Bunun əvəzinə sən hərbi texnikanın, kəşfiyyatın, fəndin, dərə-təpənin, düşmənin dilini öyrənsən, vətənə  daha yaxşı xidmət etmiş olarsan.  Vətənə ən böyük sevgini döyüşülərdə sağ qalmağı bacarmaqdır.

 

Torpağı əkib-becərmirsənsə,  daha onun sevməyin nə mənası?

Dəli sevgilərin bir yolu var, yenə deyirəm:  mütaliə, savad, elm, peşəkarlıq və  əmək.

Bunlar yoxdursa, həmişə sevgində əzab çəkəcəksən. Çəkmək istəmirsənsə, oxu.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>