Sizin link burada

Ərdoğan: "...İsraillə diplomatik əlaqələri kəsəcəyik"

“Qüds müsəlmanların qırmızı cizgisidir”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib.
 
R. T. Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.  
 
Türkiyə prezidenti ABŞ-da davam edən Rza Zərrab məhkəməsinə də toxunub. O qeyd edib ki, bu məhkəməni ABŞ dövlətindəki bir qrup təşkil edib: “Dövlətin kritik nöqtələrindəki köhnə qrupun hazırkı hökumətin siyasətinə zidd olaraq başqa siyasət yeritdiyi anlaşılır. Bizim tərəf-müqabilimiz hörmətli Trampdır və belə də qalacaq”.   
 
R. T. Ərdoğan bəyan edib ki, Rza Zərrab məsələsinə Türkiyə məhkəmələri baxıb və qərarını verib: “Məsələnin görünən tərəfinə gəlincə, İranla, yaxud başqa bir ölkə ilə ticarət quracağımıza biz qərar veririk. Türkiyə BMT qərarlarına riayət edib. Türkiyə-İran sərhədi ABŞ yaradılmamışdan əvvəl, 1636-cı ildə müəyyənləşib. Tarixən İranla bir çox məsələlərdə anlaşmışıq, yaxud anlaşmadığımız məsələlər olub. Ancaq İranla tarixi-mədəni əlaqələrimiz var. İranla ticarətin əsasını təbii qaz, neft ticarəti təşkil edir. ABŞ bizdən xahiş edəndə İrandan neft idxalını müəyyən səviyyəyə qədər azaltdıq. Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”.
 
R. T. Ərdoğanın sözlərinə görə, Şimali Suriyada bir terror qurşağı yaradılır: “Bu terror qurşağında hərbi bazalar yaradılıb. Şimali Suriyaya 3 minə qədər yük maşını ilə zirehli texnika, silahlar gəlib. ABŞ bu silahları kimə qarşı istifadə edəcək? İŞİD-ə qarşı? İŞİD qaldı? Suriyaya qarşı? Kimə qarşı istifadə edəcək? İrana, Türkiyəyə, bir az da qabağa gedərsə, Rusiyaya qarşı. Donald Tramp bizə dedi ki, İŞİD-dən sonra PYD/YPG-yə verilən silahlar geri alınacaq. Lakin əksinə, verilən silahlar artdı və ABŞ orada əlavə bazalar yaradır. Biz bunu müşahidə edirik və lazımi addımlar atacağıq. Biz heç kimin qarşısında əyilmədik və əyilməyəcəyik”.

LENT

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

Digər xəbərlər >>>