Sizin link burada

Azərbaycandakı sürüşmə sahələri yenidən aktivləşdi

Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.

 

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də uçqun-sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb: “Eyni zamanda, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən nisbi aktivlik qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15 və 24-26 - cı kilometrliklərində yamac boyu uçqun-töküntü və sürüşmə sahələri yaranıb. Cəlilabad- Cəngan- Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub. Yol boyu bir neçə yerdə uçqun hadisəsi baş verib”.

 

Ekspedisiya rəisi bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə aktivləşib, yeni uçqun hadisələri müşahidə olunub: “Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində isə aktivlik davam edir. Quba-Xınalıq avtomobil yolunun 36-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında aktivlik baş verib. Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində nisbi aktivlik müşahidə olunub, yol boyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.

 

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48 - A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun- töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb: “Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun- töküntü hadisələri müşahidə olunub. Ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxı-Qaleybuğurd - Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində, ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və sahədə bir neçə yerdə yeni uçqun sahələri yaranıb”.

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>