Sizin link burada

"Keşlə"nin baş məşqçisi: "Bu, Azərbaycan futboluna zərbədi" - MÜSAHİBƏ

 

“Keşlə” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

 

- “Keşlə”nin bilərəkdən zəif çıxış etməkdə ittiham olunan futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanılması və hazırda dəmir barmaqlıqlar arxasında olması ilə bağlı yayılan xəbər gündəmi zəbt edib. Məşqçilik karyeranızda ilk dəfədi ki, belə halla üzləşirsiz?

- Bəli, ilk dəfədi. Əvvəllər belə halla heç vaxt üzləşməmişdim.

 

- Bəzi futbolçuların bilərəkdən zəif çıxış etdiyini konkret olaraq, nə vaxt anladınız?

- Futbolda faydalı iş əmsalı deyilən bir şey var. Futbolçuların göstərdiyi performansı izləyirsən. Baxıb gördüm ki, əksər uşaqlarda bu, həddindən artıq zəifdi. Bu barədə özlərinə xəbərdarlıq etmişdim. Demişdim ki, məşqdə göstərdiklərinizi oyunda göstərmirsiz, zəif çıxış edirsiz.

 

- “Neftçi” ilə görüşdən sonrakı mətbuat konfransında futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbi haqda verilən sualı cavablandırarkən, “səbəbi başqa yerdə axtarmaq lazımdı, burda açıqlayası olsam, böyük partlayış olacaq” demişdiniz. Bu haqq-hesabı nəzərdə tuturdunuz?

- Orda da dediyim kimi, bəzi uşaqlar potensiallarından xeyli aşağı oynadılar.

 

- Həmin matçdan sonra, yəqin ki, klub rəhbərliyi ilə danışığınız oldu?

- Klub rəhbərliyi də həmin oyunda idi. Məğlubiyyət bir daha sübut etdi ki, uşaqlar potensiallarından aşağı çıxış edirlər.

 

- Hazırda məsələ ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır...

- Bəli, araşdırmanın nəticəsi bilinəndə mətbuata açıqlanacaq.

 

- Belə söz-söhbətin yayılması klubun imicinə zərbədi...

- Birinci növbədə, özlərinə ziyandı. İkincisi, “Keşlə”nin, klub rəhbərliyinin adına, üçüncü də Azərbaycan futboluna zərbədi. Buna daha nə açıqlama verək? Allah eləsin ki, hər şey onlar üçün yaxşı qurtarsın. Bu qədər konkret.

 

- Klubun məsələ ilə bağlı yaydığı bəyanatda Nizami Hacıyevlə Mirhüseyn Seyidovun Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 matçda danışılmış oyunlarda iştirakına şübhələr yarandığı qeyd olunub. Belə çıxır ki, sizdən əvvəlki baş məşqçinin dövründə də bilərəkdən zəif oynayıblar?

- Bu haqda heç bir açıqlama verə bilmərəm. Sadəcə, gördüyümü, uşaqlardan tələb etdiyimi dedim. Bildirdim ki, sizin karyeranız var, özünüzü, həmçinin, klubu, onun rəhbərliyini və ümumilikdə Azərbaycan futbolunu fikirləşin. Başqa şeylərə cavabdeh ola bilmərəm.

 

- “Keşlə”nin bəzi futbolçularının potensiallarından aşağı səviyyədə çıxış etməsi maaşlarının gecikməsi, maddi çətinliklərlə bağlı ola bilərmi?

- Demək olar ki, artıq klubun futbolçulara borcu yoxdu. Bütün maaşlar ödənilib. Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Axundov gələndən sonra məvaciblər daim verilib. 1 ayın maaşı qala bilər. O maaşlar da bu günləri verilir. Daha komandada elə söz-söhbət yoxdu. Rəhbərliyin səyi nəticəsində məsələ həll olunub, yoluna qoyulub. Hər şey qaydasındadı, heç bir problem yoxdu. 

 

- Adları açıqlanan futbolçularla yanaşı, daha kimlərlə bağlı belə bir şübhəniz var?

- Mən heç kimdən şübhələnmirəm. Dediyim kimi, faydalı iş əmsalı onlarda həddindən artıq aşağı idi. Sanki 2 nəfər güləşir, biri əlini-qolunu aşağı sallayıb, digəri isə onu qaldırıb, güləş fəndi ilə yerə çırpır. Belə ola bilməz axı. Qarşısındakı futbolçu ondan 5 baş güclü ola bilməz. Onların potensiallarını bildiyim üçün deyirdim ki, uşaqlar, birincisi, öz adınıza, ikinci klub, üçüncüsü Azərbaycan futboluna adına işləyirsiz, futbolu normal oynayın, özünüzü düzəldin. Həmişə onlardan bunu tələb etmişəm. Mənim tələbkarlığım həmişə göz qabağında olub. Hansı komandada olmuşamsa, daim belə davranmışam. Yadınızdadı, klubun rəhbəri Zaur Axundov məni əvəzedici komandaya təyin etmişdi. Əvəzedici heyətimizdə olan mübarizlik, döyüşkənlik və ürəkdən futbol oynamağa söz ola bilməz. Hər oyundan sonra bir futbolçumuzun ağzı partlayır, digərinin burnu. Kimisinin topuğu şişir, kimisinin beli. Hiss olunur ki, meydanda can qoyurlar. Təəssüflər olsun ki, bu əzmkarlığı əsas komandada görə bilmirdim. Halbuki uşaqların potensialına bələd idim, onların daha yaxşı oynamaq gücündə olduqlarını bilirdim. Bundan artığını edə bilərdilər. Başqa nəsə deməyə ehtiyac yoxdu.

 

- Bu futbolçuların yerini doldura biləcəksizmi? İşiniz daha da çətinləşməyəcək?

- Mən heç vaxt özümü heç nədən sığortalamıram. Bu gün hər klubun əvəzedici komandası var. Biz aşağıdan futbolçu yetişdirməliyik. Buna görə də, Zaur Axundov məni kluba koordinator təyin etmişdi. Bütün yaş qrupları üzrə komandalarda ən yaxşıları seçməli idik. Şükürlər olsun Allaha, geridə qalan 3-4 ay ərzində potensialı olan uşaqları hazırlamışıq. Həmin uşaqlardan bir neçəsi dünən kubok matçında iştirak etdi və özlərini yaxşı tərəfdən göstərdilər. Biz böyük iddialar uğrunda oynamasaq da, klubun mənafeyini və öz adımızı qorumaq üçün digər oyunlara da hazırlaşacağıq. Uşaqlar heyətə düşmək üçün özlərini göstərməyə məcburdular.

 

- “Keşlə”yə tətbiq olunan transfer qadağası yanvarda bitir. Yəqin ki, heyətə yeni futbolçular cəlb etməyə çalışacaqsız?

- Klub rəhbərliyi hansı göstərişi versə, biz o cür davranacağıq. Lazım olsa, istədiyimiz oyunçuları seçib, rəhbərliyə fikrimizi bildirəcəyik. Məsləhət bilinsə, kim layiqdisə, onları “Keşlə”yə gətirəcəyik.

 

- Mətbuatda Vaqif Cavadovla razılığa gəldiyiniz haqda xəbərlər yayılsa da, onu komandanın məşqində görmədik. Bu məsələ nə yerdədi? Vaqif sizin planlarınıza daxildimi?

- Bəli, Vaqif Cavadov planımıza daxildi. Yəqin, özünün kiçik, ev, ailə problemi var. Vaqif həmişə formasını saxlayandı. Fərdi olaraq məşqini edir. Bizimlə məşq edəndən bu günə qədər bədəni artıq 70 faiz hazırdı. Hazırda öz məişət işlərinin dalınca qaçır. Mən bildiyim qədərilə sənədlər yığır. İnşallah, gələndə canla-başla onunla da işləyəcəyik.

 

- Əvvəl işlədiyiniz müddətlə müqayisədə Azərbaycan futbolunda nələr dəyişib?

- Məni bir mütəxəssis kimi narahat edən məqam klubların sayının az olmasıdı. Futbolçular bir komanda ilə çempionatda 4 dəfə görüşürlər. Ölkə kubokunda da həmin rəqiblə üz-üzə gəlirsənsə, bu görüşlərin sayı 6-ya çatır. Bu, futbolçularda motivasiya bir qədər zəiflədir. İnşallah, başda AFFA prezidenti Rövnəq Abdullayev olmaqla, bu sayın gələn il 12-14-ə qədər artırılması gözlənilir. Yəqin ki, növbəti mövsümdən komandaların sayı çoxalacaq.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>