Sizin link burada

Burda Tramp 3, kraliça 32 min funta "satılır" - REPORTAJ

Bir-birinə qarışan xoş ətir qoxusu başımı döndürür. İnsanların arasında özümə yer açıb o biri bölməyə doğru gedirəm. Bu dəfə çiy balıq qoxusu əvəz edir ətir qoxusunu...

 

Qarşımdakı gənc cütlük önlərindəki vitrindən bir az sonra onlara günorta yeməyi olacaq balığa tamaşa edirlər. Onların yan-yörələrindəki insanlar 30 qramı bizim pulla təxminən iki yüz manat olan kürüdən yeyərək, şərablarından qurtumlayırlar. Kimisi isə bölmənin o biri tərəfində steyk yemək üçün təxminən 15 nəfərlik növbədə gözləyir...

 

Sizin də Londonun ən məşhur ticarət mərkəzi olan "Harrods"a yolunuz düşübsə, heç şübhəsiz, belə mənzərə ilə qarşılaşacaqsınız. Ancaq buranın sadəcə yeməklərdən və ya ətirlərdən ibarət olduğunu zənn etməyin. Siz səkkiz mərtəbəli alış-veriş mərkəzində ev mebellərindən, uşaq oyuncaqlarına, meyvə-tərəvəzdən texniki avadanlıqlara qədər, istədiyiniz hər şeyi tapa bilərsiniz.  

 

Çeşid-çeşid şokoladların, tortların, ən müxtəlif şirniyyatların olduğu başqa bölməyə keçirəm. Bir çinli kişi diqqətimi cəlb edir. Satıcılar onun üçün müxtəlif çeşidli şokoladları seçib, qarşısındakı kassaya qoyurlar. Beş dəqiqəyə çinlinin qarşısına 30-40 qutu yığılır. Marağıma yenilib, satıcı-çinli dialoqunu eşitmək üçün şokoladlara baxmaq bəhanəsiylə onlara yaxınlaşıram. Məlum olur ki, şokoladları Çinə ixrac etmək üçün alırmış.

 

Çinli kişini şokolad qutuları ilə baş-başa qoyub, ətir və gözəl qoxularının olduğu yerə qayıdıram. Parfümeriya, kosmetika bölməsindəyəm, yenə. Qadınlar üçün buranın cənnət olduğunu deməyə ehtiyac yoxdur, yəqin ki. Ümumiyyətlə, ticarət mərkəzi çeşidliliyi və gözəlliyi ilə Londona yolu düşən hər kəsin getməsi və görməsi lazım olan yerdir. Ancaq onu deyə bilərəm ki, yüzlərlə məşhur dünya markasının olduğu bu alış-veriş mərkəzində qiymətlər olduqca bahalıdır. Məsələn, meyvələr bizdə olduğu kimi kilo ilə yox, qramla satılır. Buna baxmayaraq, mərkəz hər gün on minlərlə insanla dolub-daşır. Siz buraya gəldikdə maraq üçün heç bir şey almadan gəzən turistlərlə yanaşı, Londonun zəngin insanlarını və onlardan daha zəngin təəssürat bağışlayan, sağa-sola para xərcləyən ərəbləri görə bilərsiniz.

 

Yuxarı mərtəbəyə çıxıram. Bahalı markaların yeni mövsüm məhsulları gözəl dizaynla alıcıların qarşısına çıxardılıb. Geyimlərin qiymətlərinə baxmağa isə ehtiyac yoxdur. Bahalı olduqları hər hallarından bəllidir. Bəzi geyimlər isə hətta qapalı şüşə vitrinlərdə nümayiş etdirilir. Gözəlliyi və zəngin çeşidləri ilə baş döndürən geyimlərin arasında bir az gəzindikdən sonra ən çox sevdiyim mərtəbəyə çıxıram. Daha pilləkənləri çıxıb qurtarmamış hər tondan çalan uşaq səsi qulağımda cingildəyir...

 

Oyuncaq və suvenirlərin olduğu mərtəbədir bura. Bir neçə uşaq əllərini süni ağ dənəciklərə salıb, satıcının su tökməsini gözləyir. Satıcı əlindəki vazadan yavaş-yavaş su tökərkən uşaqlar heyrətlənməyə başlayırlar. Dənəciklər böyüyür, qar halını alır. Satıcı uşaqlardan biri üçün qar topu düzəldir. Uşaq böyük bir sevinclə gah anasına, gah da əlindəkini qar yumrusuna baxır. Londonda ümumiyyətlə qar yağmadığı üçün uşağın, süni də olsa, ilk dəfə qar gördüyünü başa düşmək çox da çətin olmur...

 

"Qar" dənəciklərinin yanı başında pianinodan sədalar yüksəlir. Satıcılardan biri valideynə pianinonun necə işlədiyini göstərir. Onun qarşısındakı uşaqların çaldığı zərb aləti (bizim dəflərə oxşayır) ilə pianinonun səsləri bir-birinə qarışır. Bölmənin digər tərəfində isə balaca qızlar kuklaların (gəlincik),"şahzadə” paltarlarının olduğu yerdə ora-bura qaçışırlar. Bura ilk dəfə gələndə uşaq kimi, hər oyuncağa əlimə alıb xəyalən və felən uşaqlığıma qayıtdığım günü xatırlayıram.

 

Oyuncaqlardan sonra “Milyonçular qalereyası” diqqətimi çəkən növbəti bölmə olur. Məşhurların imzalı foto-avtoqrafları satılırmış sən demə, bu qalereyada. Məsələn, Trampın imzalı şəkli 3 min funtadır. Kraliça Elizabet və Kral Filippin cavanlıq şəkillərinin olduğu imzalı şəkli isə nə az nə çox, düz 32 min 400 funta satılır. Noyabrın 20-də evliliklərinin 70 illikləri tamam olan cütlüyün bu fotosunun tez bir zamanda hansısa bir milyonçu tərəfindən alınacağı isə heç bir şübhə doğurmur.

 

Digər maraqlı bölmə isə bir birindən zövqlü ev əşyalarının satıldığı bölümdür. Orta yaşlı bir kişi satıcıya sual verə-verə özünü yatağın üstünə atır, rahat olub olmadığını yoxlayır. Onlara baxa-baxa mebel bölümünü gəzməyə davam edirəm. Qiymətlər mənə həddindən artıq bahalı gəlsə də, alıcıların çoxluğuna o qədər də təəccüblənmirəm. Nə də olsa, bura Londondur...

 

Bax belə, insanlara, fərqli və zəngin bir aləmə tamaşa edə-edə yorulub, özümü bayıra  atıram. Etiraf edim ki, sizə danışmadığım bir neçə maraqlı bölüm daha var, amma ümid edirəm, yolunuz nə zamansa buradan düşsə, bu yerləri siz özünüz kəşf edəcəksiniz.

Londona və "Harrods"a gəlmək niyyəti olanlara isə onu məsləhət görürəm ki, alış-veriş mərkəzindən "Laduree" şirniyyat evinin yanındakı qapılardan birindən çıxın. Belə etsəniz, siz burada düzülmüş bir birindən bahalı, lüks avtomobillərlə şəkil çəkdirən turistləri görə bilərsiniz.

 

Ancaq məndən sizə başqa bir məsləhət, əgər "Harrods"un gözəlliyini tam görmək istəyirsinizsə, buraya yolunuzu axşam tərəfi salın. Belə ki, axşam 12-13 min işıq lampasının ortaya çıxardığı mənzərə sizi özünə heyran edəcək, qulağınıza gələn küçə musiqiçilərinin sədası soyuq London axşamlarında içinizi isidəcək. Vitrindəki marka geyinmiş bəxtəvər manikenlər isə bu işıqlar arasında üzünüzü güldürəcək.

Bax belə, həm uşaqlığınızı yada salmaq, həm də Londonun ruhunu özündə əks etdirən bu məşhur yerlə tanış olmaq istəyirsinizsə, yolunuzu mütləq "Harrods"a  salın.

 

Aytən Abbaslı

 

APA-nın London müxbiri

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>