Sizin link burada

“Qapını açıb çölə çıxanda dəhşətə gəldim...” – “Qasırğanın qənimi” haqda REPORTAJ - FOTOLENT

 

"Bibiheybət" Gəmi Təmiri Zavodunun həyətinə keçib, gəmilərin yan-yana lövbər saldığı sahilə yaxınlaşırıq. Fotoqrafımız Nicat Əlili ilə taxta pilləkənlərlə gəminin göyərtəsinə qalxırıq. Bizi gəminin komandiri hərbi salamla qarşılayır:

 

- "VİXR-8" yanğınsöndürən gəminin komandiri, daxili xidmət polkovnik-leytenantı Çingiz Quliyev! Gəmimizə xoş gəlmisiniz!

 

Yanğınsöndürən gəmilər 30 illik istismardan sonra hər 5 ildən bir klass həcmində təmir olunur. Təmir 3 ay çəkir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyində olan "VİXR-8" yanğınsöndürən gəmisi hazırda Bibiheybət Gəmi Təmiri Zavodunda təmirə dayanıb.

 

***

 

“Qasırğaların qənimi” "VİXR" yanğınsöndürən gəmiləri ulu öndər Heydər Əliyevin Moskvada rəhbər vəzifələr tutduğu illərdə Ümummilli Liderin təşəbbüsü və köməkliyi ilə Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərini yanğın təhlükəsizliyini daha etibarlı təmin etmək məqsədilə  Polşanın Qdansk şəhərində istehsal olunaraq Azərbaycana gətirilib.  “VİXR” tipli yanğınsöndürmə gəmiləri okean tipli olmaqla  hər cür hava şəraitində üzməyə qadirdir. 12-14 metr hündürlüyündə dalğalara qalib gələn  gəmilərin uzunluğu 73, eni 14, bortdan hündürlüyü isə 12 metrdir. Gəminin suya  oturumu 4 metrdir.

 

Bu gəmilərdən ölkəmizdə 8 ədəd olub. Hazırda "VİXR-3", "VİXR-5", "VİXR-7", "VİXR-8", "VİXR-9" gəmiləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyində istismardadır. Xüsusi təyinatlı bu gəmilər Xəzərin qoynundakı neft sənayesi müəssisələrinin  yanğın təhlükəsizliyini təmin edirlər.

 

***

 

Daxili xidmət polkovnik-leytenantı Çingiz Quliyev 1974-cü ildə Zirədə dənizçi ailəsində dünyaya gəlib. Necə deyərlər, gözünü açanda dənizi görüb. Azərbaycan Dövlət Dənizçilik Akademiyasını bitirib. Xidmətə 1997-ci ildə Neft Daşlarının nəzdində Cəmil Niftəliyev adlı yanğınsöndürən katerdə başlayıb.

 

 - Dənizçiliyə təsadüfi gəlməmişəm. Atam, babam, dayılarım dənizçi olub. Atam uşaqlıqdan mənə deyirdi, sən böyüyəndə kapitan olacaqsan. Oldum da. Dörd qardaşdan üçümüz dənizçiyik. İlk xidmətimə şturman – gəmi komandirinin köməkçisi kimi başlamışam. Sonra "VİXR-13" yanğınsöndürən gəmisinə təyinat aldım. 1 il işlədikdən sonra “VİXR-10” yanğınsöndürən gəmisinə komandirin baş köməkçisi keçdim. "VİXR-10"u Sərhəd Qoşunlarına veriləndən sonra gəldim "VİXR-11"ə. Əvvəl baş köməkçi, sonra komandir müavini oldum. 2008-ci il noyabrın 10-da həmin gəminin komandiri təyin olundum.

 

Hazırda "VİXR-8" yanğınsöndürən gəmisinə rəhbərlik edir. 3 növbədə xidmət göstərirlər. Gəmi təmirdə olsa da, onlar tam heyətlə xidmətdədir. 15 günü dənizdə, 1 ay evdə olurlar.

 

 

 

Gəmi komandiri deyir, 10 illik xidmət müddətində 30-dan çox yanğının söndürülməsində iştirak edib. Onlardan ən dəhşətlisi Bulla yatağındakı yanğın olub.

 

- 2013-cü il avqustun 17-də Bulla yatağındakı yanğın gücünə görə son illər dənizdə baş vermiş ən güclü yanğındır. Təzyiq 1000 atmosferdən yuxarı idi.  2015-ci il dekabrın 4-də Günəşli yatağının 10-cu özülü yananda mən “VİXR-11” gəmisində komandir idim. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Fizuli Əsədovun tapşırığı ilə "VİXR-8"-ə təhkim təyin olundum. Komandamı yığdım, hadisə yerinə getdik. Hadisə yerinə çatanda "VİXR-5", "VİXR-9" artıq orda idi. Artıq insanlar təxliyə olmuşdu. Bizim işimiz yanğın zamanı yüksək temperaturdan dəmir konstruksiyalar əriyib tökülməsin deyə onları soyutmaqdır.

 

***

 

Söhbəti başdan dinləyən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Xudat  Nəbiyev bildirir ki, platformanın dəmir konstruksiyaları vaxtından soyudulmasa, istilikdən dəmirlər əriyər, deformasiyaya uğrayar, platforma məhv olar. Nəticədə Xəzər dənizi neftlə çirklənər.

 

- Tək stasionar lülələrdən deyil, eləcə də motorxanadan şırnaqlarla su verilir. Yanğının qarşısı alınmazsa, yanğın ətraf quyulara da yayıla, güclü partlayışlar da ola bilər.

 

“Hadisə olanda rəhbərliyin bizə əsas tapşırığı insan həyatını vaxtında xilas etməkdir” – deyə gəmi komandiri əlavə edir.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-nin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Xidmət Şöbəsinin rəisi, polkovnik-leytenant Kamal Əliyev “Günəşli”dəki yanğını belə xatırlayır.

 

- Biz orda növbəli xidmət göstərirdik. Həmin ərəfədə hava şəraiti çox pis idi. Biz "VİXR-8"-ə köməyə gedirdik. Gəmi platformaya yaxınlaşa bilmirdi. Gəmi yaxınlaşır, külək aparır. Dalğa az qalırdı adamı göydə qapsın. Bizi kranla zənbil vasitəsilə qaldırdılar. Kran qalxdıqca külək zənbili havada oynadırdı. Ordan baxanda ancaq dəniz görünür. Hər tərəf sudur.  

 

Xudat Nəbiyev deyir, yanğın zamanı quyudan vahiməli uğultu gəlir.

 

- İnsan buna psixoloji hazır olmalıdır. Yoxsa, bu səsdə işləmək çətindir. Uğultu, üstəlik də güclü istilik olur. O qədər yüksək temperatur olur ki, əynimizdəki forma istidən əriyib büzüşür.

 

“İngiltərədə dənizçi yanğınsöndürənlərin işi ən ağır iş sayılır. Riskli, həyəcanlı...” – Çingiz müəllim əlavə edir.

 

***

 

Dənizçilik və yanğınsöndürən işləməyin şərəfli olduğunu deyən dənizçi - daxili xidmət mayoru Elçin Tağıyev 18 ildir "VİXR-8"-in böyük elektrik-mexanik işləyir. Ali Hərbi Dənizçilik Məktəbindən məzun olandan sonra ilk təyinatı “VİXR-8”-ə olub.

 

- 1999-cu il noyabrın 9-da işə başlamışam. İlk vaxtlar qorxdum, fikirləşdim burda işləyə bilməyəcəyəm. Burda işləmək hər oğulun işi deyil. Amma işlədikcə tədricən özümə güvəndim və qaldım. Bu müddətdə bir yanğından iştirak etmişəm. 2013-cü ildəki Bulladakı yanğında. Əsas işim aşağıdadır. Qapını açıb çölə çıxanda dəhşətə gəldim. Tüstüdən gəmilər bir-birini görə bilmirdilər.

 

- Yanğın 67 günə söndürüldü. Bizim xidmətimizə 2 növbə - 30 gün düşmüşdü - deyə gəmi komandirinin böyük köməkçisi, baş leytenant Tural Məmmədov qeyd edir.

 

***

 

Şəxsi heyətlə birgə gəmini gəzirik. “VİXR-8” yanğınsöndürən gəmisi həm də evi əvəz edir. Burada fiziki hazırlıq üçün göyərtədə turniklər var. Şturmanın kayutuna keçirik. Stolun üstündə Bakı buxtasının böyük xəritəsi var. Gəmi komandiri xəritədə hazırda gəminin dayandığı yeri göstərir. Oradan  kapitan körpüsünə keçirik. Gəmi buradan idarə olunur.

 

Komandir gəminin necə idarə olunmasını bizə qısaca izah edir. Gəmi Mərkəzi Postdan idarə olunur. Bura gəminin ürəyi də demək olar. Mühərriklər işə salındıqdan sonra idarəetmə yuxarı, yəni bura - kapitan körpüsünə ötürülür.

 

Rabitə vasitəsi ilə kapitanla əlaqəyə girib “idarəetməni qəbul edin” deyəndən sonra idarəetmə verilir yuxarı. Gəmi təzə olanda sürəti 20-22 uzel verib, indi 12 uzelə qədər verir. Deyir, gəmidə həm texnikanın avtomatından əlavə əllə idarə edilə bilən forması da var.

 

***

 

Gəminin üst hissəsi 4 mərtəbəlidir. Daha 4 mərtəbəsi isə dənizin içində qalır. Ümumilikdə, 320 kayut var. Hər kayutda əlüzyuyan, yataq, stol və oturacaqlar, yataqların sayına görə xilasedici jiletlər var. Kayutların 4-ü VİP-dir. VİP kayutların ayrıca sanitariya qovşağı var. Ümumi sanitariya qovşağında paltaryuyan maşına qədər var.

 

Komandir deyir, gəmidə 4 yer var ki, ora kənar adamların girişi qadağandır: kapitan körpüsü, rabitə qovşağı, mərkəzi post və kambuz, yəni mətbəx.  

 

Hərbinin bir çox sahələrində qadınlar olsa da, VİXR gəmilərinin heyətində qadın olmur. Hətta mətbəxdə belə kişilər işləyir.

 

Təzə bişmiş çörəyin ətri bizi gətirib mətbəxə çıxarır. Aşpazdan öyrənirik ki, günorta yeməyinə buğlama və kompot var. Stolun üstündə sobadan təzəcə çıxmış çörək buğlanır. Dənizçi çörəyinin dadına baxırıq. Mmmm... Dadlıdır.

 

***

 

Nəhayət, göyərtədəyik. Komandir bizə yanğınsöndürmə lülələrini göstərir. Öyrənirik ki, "VİXR"in digər gəmilərdən üstünlüyü onun həm də köpük verə bilməsidir. Gəminin 6 stasionar lüləsi var. 5-i su verir, 6-cı köpük. 60 ton köpük tutumu var. 20 atmosfer təzyiq verəndə 150 metr məsafəyə qədər su vermə qabiliyyəti var. Gəminin lap yuxarısına çıxmaq istəyirik.   Komandir məsləhət görmür. Külək çox güclü imiş, müvazinətimizi itirib yıxıla bilərikmiş.

 

Sonra sağ əlini qaldırıb gözünün üstünə qoyur:

 

- Dəniz yaman küləklidir. Bizimkilər indi orda dalğalarla çarpışır...

 

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>