Sizin link burada

"Leyla Şıxlinskaya" klinikasının əməkdaşları özlərini təqsirli bilmədilər

 

 

"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın cinayət işi üzrə və digərlərin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyib.

 

Proses dekabrın 26-da davam etdiriləcək.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

 

Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

Leyla Şıxlinskaya Lent.az-a açıqlamasında rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı cinayət işi açıldığını təsdiqləmişdi: "Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

 

Leyla Şıxlinskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>