Sizin link burada

... hər yer Natiqin şəkilləri idi

Kaş "Qarabağ" 10-0 uduzaydı...

 

 

 

Kaş "Qarabağ" 10-0 uduzaydı, amma Natiq ölməyəydi...

 

İlk ağlımdan keçən fikir bu oldu səhər tezdən eşitdiyim xəbərin şokundan çıxanda.

Neçə gündür ciddi əsəb sarsıntısı keçirirəm. Hər gün də gərginliyimin üstünə nəsə yeni bir gərginlik əlavə olunur. Son iki həftədə hər an ürək tutmasından, ya beyinə qansızmadan ölə biləcəyimi düşünürdüm. Dünən Qarabağ - Çelsi oyununa da baxmağa ehtiyat edirdim. Düşünürdüm ki, özümü unudub matçın gərgin anlarında yaşayacağım ani həyəcan məni yekunlaşdıra bilər. Amma yenə də oyunun başlamasına az qalmış televizorun qarşısında yerimi rahatladım. Özümü unutmamaq şərti ilə matçı seyr etməyə başladım. Cəmi bircə dəfə həyəcanlandım, bizimkilərin vurduğu top qapı tirinə dəyəndə. O da heç nə, yüngülcə səsimi qaldırmaqdan başqa fəsad törətmədi. Heç hakim komandanın ən dəyərlilərindən olan Rəşad Sadıqova "qırmızı kart" göstərib, "Qarabağ"ı bir nəfər azlıqda oynamağa məcbur edən də hirslənmədim. Səbirli olmaq lazımdı - düşündüm - onsuz da mən hakimin qərarını dəyişən deyiləm. Nəhayət matç bitdi və sevimli komandam 0-4 məğlub oldu...

 

Səhər tezdən FB-dən bildim ki, peşəkar həmkarımız, əziz dost, dəyərli insan Natiq Qədimov dünyasını dəyişib. Facebookun xanım istifadəçilərdən birinin ismarışını gördüm inboksumda: "İnanmaq olmur. Nolar, yalan olsa(((" 

 

 

Düşündüm ki, ya tanışlardan kiməsə nəsə olub, ya da cəbhədən çox pis xəbər var. Tələsik FB-ni gözdən keçirtdim. Hər yer Natiq Qədimovun şəkilləri idi. Profillərdən FB - yə Natiqin şəkilləri tökülürdü dayanmadan. Elə bil yarpaq tökülürdü noyabrın ağaclarından böyük bir xiyabana...

 

 

Qalxıb hazırlaşdım, evdən çıxdım. Soyuq hava bir az rahatlatdı məni. İlk ağlımdan keçən o oldu ki, kaş Çelsi Qarabağı 10-0 udaydı, Natiqə heç nə olmayaydı...

 

 

Xətai metrosundan çıxıb işə gələndə yolumun üstündəki parkdan bir neçə sarı çiçək üzdüm. Gətirib Natiqin APA Holdinqin girişində qoyulmuş qara lentli portretinin qarşısına, qərənfillərin arasına qoydum.

 

 

İşdə eşitdim ki, Natiq Qədimov dünən axşam - Qarabağ - Çelsi matçını izləyərkən ürək tutmasından ölüb. Bir neçə gün imiş ürək ağrısından gileylənirmiş...  

 

Günorta Natiqi Maştağa qəbiristanlığında dəfn edib, işə qayıtdıq. Buna "son mənzilə yola salmaq" da deyirlər. Əslində bəlkə də o dünya Natiq Qədimov kimi mehriban, xoş xasiyyət, həssas insanların elə ilk mənzili, öz dünyasıdı. Buralara yaddı onun kimiləri. Nə bilim, sözdü də deyirəm, yəqin təsəlli üçün. Ancaq fakt odur ki, bu gün bizim APA.TV komandamız da bir nəfər azlıqda işləməli oldu. Hansısa gözəgörünməz hakim içimizin ən dəyərlilərindən birinə "qırmızı kart" göstərdi sanki. İndi bütün bunları yazıb bitirərkən də düşünürəm ki, onsuz da mən bu hakimin də qərarını dəyişən deyiləm. Amma səbirli də olmaq istəmirəm...           

 

İlqar Rəsul - 23.11.2017

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>