Sizin link burada

Tanınmış jurnalist Natiq Qədimov torpağa tapşırıldı - YENİLƏNİB

 

Ötən gecə ürəktutmasından dünyasını dəyişən tanınmış jurnalist Natiq Qədimov torpağa tapşırılıb. Lent.az xəbər verir ki, mərhum Maştağada dəfn edilib. Dəfn mərasimində N.Qədimovun yaxınları, dostları və həmkarları iştirak edib. 

**

 

13:08

Dünən gecə saatlarında evində ürəktutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimovun nəşi evindən götürülüb.

 

Lent.az-ın məlumatına görə,  jurnalistin nəşi saat 13 radələrində Nərimanov rayonunda, yaşadığı Naxçıvanski küçəsində yerləşən mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

 

Mərasimdə jurnalistin yaxınları və media nümayəndələri iştirak edib.

**

00:32

“APA Holdinq” ailəsinə ağır itki üz verib. “APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış telejurnalist Natiq Qədimov 41 yaşında vəfat edib. Yaxınlarının və ailə üzvərinin bildirdiyinə görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib.

Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddət televiziya və mətbu orqanlarda çalışıb. Hələ "Ayna" ("Zerkalo") qəzetində işlədiyi müddətdən böyük hörmət qazanıb. İctimaiyyət isə onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişlərindən tanıyır. Əsasən kriminal xəbər aparıcısı və müxbiri olsa da, zarafatcıl, deyib-gülən, səmimi və mehriban insan kimi yaddaşlarda qalıb.

Telejurnalistin qəfil ölümü tək onun ailə üzvlərini deyil, dostlarını və onu tanıyan hər kəsi sarsıdıb. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqladı.

Allahdan əziz dostumuza rəhmət, ailəsinə isə dərin hüznlə başsağlığı diləyirik!

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>