Sizin link burada

Dilənməyə məcbur edilmiş, zorlanmış və atılmış uşaqlar...- HƏYAT DRAMI

Qayğısız günlər keçirtmək, valideyn nəvazişinə sığınıb dəcəllik, ərköyünlük etmək, bəzən nədənsə ötrü ağlayıb nazını çəkdirmək dolu uşaqlıq həyatı yaşamaq heç də hər kəsə nəsib olmur. Bəzi uşaqlar bu dövrünü küçələrdə, maddi və mənəvi sıxıntı keçirərək, fiziki və cinsi zorakılıqla üzləşərək yaşamağa məcbur olurlar. Məhz məcbur olurlar.…

 

 

APA.TV-nin “Həyat dramı” layihəsinin budəfəki buraxılışı Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan müxtəlif taleli azyaşlılara həsr olunub. Müvəqqəti yaşayış yeridir bura onlar üçün. Bura onları daimi yaşayış yerlərindəki şiddətdən, zorakılıqdan, iradələrindən kənar məcburiyyətlərdən xilas edir, qoruyur, güvəndə saxlayır. Çox çətin taleli bir neçə uşağın həyatından danışırıq bu dəfə. Gözlərini görə bilməyəcəksiniz bu balaların. Əslində onların gözlərinə baxmaq da çətin olar hər kəs üçün. Hər birinin gözündən keçmiş yaşantıları boylanır bu yavruların. Onlar çox kiçik yaşlarından həyatın xeyli amansızlığı ilə üzləşən Azərbaycan övladlarıdır...Danışılan talelərin hər biri yaşantıdır. Hazırda bu uşaqların taleyi ilə bağlı bəzi məsələlər istintaq materialı olduğu üçün onların adlarını və doğum yerlərini şərti olaraq söyləyəcəyik. Qəhrəmanlarımız haqda bəzi məqamları bizə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akifli danışır...

 

 

Veriliş boyu fərqli taleli sığınacaq sakinlərinin həyatı ilə tanış olacaqsınız. Onlar arasında valideynlərinin imtina etdiyi, anasını itirən və nənə-babası tərəfindən məcburi dilənçiliyə sürüklənən, məktəb yoldaşlarının şantaj yolu ilə dəfələrlə qeyri-ənənəvi yolla zorakılıq elədiyi, analığının şiddət və zorakılıq elədiyi azyaşlıları izləyəcəksiniz. Həm də bir ana danışacaq bu verilişdə. Sevgisinə təslim olub, uşaqları ilə Bakıya gələn və qeyri-rəsmi yaşadığı kişinin uşaqlarına qarşı törətdiklərini öz dilindən dinləyəcəksiniz...

 

 

Verilişdə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ilə də söhbətləşdik. O bildirdi ki,  son üç ilin statistikasına görə, Uşaqlar Birliyinin uşaq sığınacaq inteqrasiya mərkəzinə 970 uşaq daxil olub, onlardan qısamüddətli və uzun müddətli olanları da var.

 

 

Birlik sədri bildirib ki, zorakılığın ən ağır və həyat boyu beyindən silinməyəcək növü cinsi zorakılıqdır. Yaşının müxtəlif dönəmlərində cinsi zorakılıqla üzləşən uşaqların gələcəkdə özünə həyat qurması çox çətin olur, deyir Kəmalə xanım. Hazırda sığınacaqda 33 uşaq, 5 valideyn qalır. Sığınacaq 15 nəfərlik nəzərdə tutulsa da, müxtəlif ağır taleli uşaqlarının sayının artması burada sıxlıq yaradıb.

 

 

Hələ həyatın hansı və neçə üzünün olduğunu biləcək yaşda olmayanlar idi bu yavrular. Bütün bunlara nə ad qoyaq, bilmirik. Bildiyimiz odur ki, bütün bunları da edən bizlərik. Bizlərdən bir qismi...

 

Sığınacaqda onlara musiqi dərsi də keçirilir. Həyatlarındakı ağrı-acını unudurlar bəlkə də bu dərslərdə, gələcəklərinə ümid edirlər öz doğma vətənlərində!

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>