Sizin link burada

"İslahatlara ehtiyac var” - Bahar Muradova

 

“Ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

 

O qeyd edib ki, bəzən işin çoxluğu, hakimlərin və müstəntiqlərin fəaliyyəti ilə bağlı yaranan problemlər insan hüquqlarına təsir edir.

 

B. Muradova vəkillik sahəsində də ciddi problemlərin olduğunu bildirib.

 

O vurğulayıb ki, vəkilləri əvəz edən müdafiəçilərlə bağlı qanunvericiliyə tənzimləmə ediləndən sonra bu sahəyə ciddi diqqət yetirmək lazımdır.

 

B. Muradova bildirib ki, insan hüquqlarına təsir göstərən bir sıra amillər birbaşa və dolayısı yolla hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır: “Vəkillərin, hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı rast gəlinən çətinliklər dolayısı ilə, yaxud birbaşa insan hüquqlarına təsir edir. Əlbəttə, hakimlərin sayı artırılmalıdır və bunun da gələn ilin büdcəsində nəzərə alınması vacibdir”.

 

Onun sözlərinə görə, obyektiv səbəblərdən insan hüquqlarının pozulmasından söhbət getmir: ”İş yükünün çoxluğundan, işlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir sıra məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı da bir sıra prosedurların pozulmasına gətirib çıxarır. Təbii ki, verilən hökmlərin nəticəsinə istintaqdan narazı qalan vətəndaşlar hüquqlarının pozulduğu qənaətinə gəlirlər və hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət etməli olurlar. Bizim komitəyə bu mövzuda edilən müraciətlərin çoxluğunu nəzərə alaraq deyirəm ki, hüquq-mühafizə, təhlükəsizlik orqanlarında və məhkəmə hakimiyyətində insan hüquqlarının real şəkildə qorunmasının həyata keçirilməsini təmin edəcək islahat və dəyişiklərə ehtiyac var. Bu məsələni çox gözləmək olmaz”.

 

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>