Sizin link burada

"Lotu Quli"nin kirvəsi: "Mənim yerimə qol çəkiblər"

 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə M. Namazov ifadə verib. O bildirib ki, heç zaman narkotik maddə istifadə etməyib: "Həmin günü evdə oturmuşdum. Qapımız döyüldü. Eynəkli oğlan idi. Maşınının mənim avtomobilimin yanında olduğunu, çıxara bilmədiyini dedi. Xahiş elədi ki, maşını çəkim. Uşağın da əlindən tutub aşağı düşdüm. Sən demə, "blok"da polislər durublar. Aşağı düşdüm, qapının ağzında qonşumla salamlaşdım. Qonşum hüquqşünas idi. Həyətə düşən kimi 15 nəfər üstümə atıldı. Qolumu qandalladılar. Uşaq ayaq altında qaldı. Polisə gətirdilər".

 

Məhəbbət Namazov bildirib ki, polisdə suallar ancaq "Lotu Quli" ilə bağlı olub: "Orda soruşdular ki, sən "Lotu Quli"ni tanıyırsan? Dedim, qohumumdu. Dedilər, ona görə həbs edilibsən. "Quli" haqqında nə bilirsən, ondan danış. Dedim, onun haqqında heç nə bilmirəm. Üstümə düşdülər ki, sən onun sifarişlərini yerimə yetirirsən. Dedim, elə bir şey yoxdu. Şəkilimizi gətirib, qabağıma qoydular. Dedim, 10 il qabaq həbsxanaya gedib şəkil çəkdirmişəm. Qabağıma vərəq qoydular ki, nə bilirsən, danış. Ya da bu vərəqə qol çək. Dedim, oxuya bilmədiyim şeyə qol çəkə bilmərəm. Üstündən bir müddət keçdi. Otağa keçirdilər. Polis gəldi ki, özünü yaxşı aparmırsan. Qabağıma narkotik gətirdilər, dedilər, bu oldu sənin. 8 gün məni saxladılar, "Quli"nin üzünə durmağımı istədilər. Həmin günlərdə də nələr çəkdiyimi bir Allah bilir. Lakin mən bunlara dözdüm. Heç bir sənədə qol çəkmədim. Mənim yerimə qol çəkiblər. Dedilər, sən çıxa bilməyəcəksən. Bir yolun var, o da "Lotu Quli"nin üzünə dur. Mən bunu eləmərəm. Axırda məni öpdülər və dedilər ki, sən yaxşı oğlansan, amma içəri getməlisən".

 

Daha sonra prokurorun suallarına cavab verən Məhəbbət Namazov bildirib ki, evindən çıxan silahlar da ona aid deyil: "Hamısı sifarişdir və özləri qoyub, tapıblar".

 

Məhkəmə noyabrın 29-da davam edəcək.

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>