Sizin link burada

YAP ilə Çin Kommunist Partiyası arasında sıx əlaqələr qurulub

 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi və Çin Kommunist Partiyasının (ÇKP) XIX Qurultayının uğurla başa çatmasına həsr olunan “Azərbaycan-Çin: partiyalararası dialoq” mövzusunda elmi tələbə seminarı keçirilib.

                    

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov YAP və Çin Kommunist Partiyası arasında əməkdaşlığın uğurlu inkişafından söz açıb.

 

R.Abbasov ÇKP Mərkəzi Komitəsi nümayəndə heyətinin YAP-ın birinci tarixi qurultayında iştirakından danışıb, ümummilli lider Heydər Əliyevin Çin nümayəndələri ilə görüşünü xatırladıb. O, “Böyük İpək Yolu İqtisadi Qurşağı” proqramının həyata keçirilməsində YAP-ın və ÇKP-nın mühüm rolunun olduğunu, YAP-ın sədri İlham Əliyevin partiyanın 25 illik yubileyinə həsr olunan mərasimdəki çıxışında Azərbaycanın Avrasiya qitəsindəki nəqliyyat mərkəzlərindən birinə çevrilməsinin və nəqliyyat sahəsində tranzit ölkə statusunun əldə edilməsinin vacibliyini xüsusi vurğuladığını söyləyib. R.Abbasov deyib ki, Prezident İlham Əliyev bu ölkəyə rəsmi səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşündə YAP və ÇKP arasında sıx əlaqələrin olduğunu və bunun ikitərəfli münasibətlərin güclənməsinə kömək göstərdiyini qeyd edib.

 

Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva məruzələrində Azərbaycan-Çin siyasi əməkdaşlığının uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, iki ölkənin iki hakim partiyasının iqtisadi siyasətindən danışıblar.

 

Seminarda qeyd olunub ki, Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutu Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanışlığı məqsədi daşımaqla yanaşı, “Bir kəmər-bir yol” konsepsiyasının həyata keçirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılmasına töhfə verir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>