Sizin link burada

Alman kəşfiyyatının qızıl dövrü: “Abver” - ARAŞDIRMA

 

Eldar Əmirov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

ADU-nun Rusiyaşünaslıq ETL-in baş elmi işçisi 

 

Alman dilindən tərcümədə (alm. Abwehr) müdafiə, müqavimət mənasını verən  “Abver” ifadəsi 1919-cu ildən 1944-cü ilə qədər mövcud olmuş alman hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətinin abbreviatur adıdır. Tam adı "Auslandnanchiricten und Abwehrant" olan bu xəfiyyə təşkilatı Vermaxtın, yəni nasist Almaniyasının ali komandanlığına daxil edilmiş mühüm güc strukturlarından biri idi. Fəaliyyət göstərdiyi 25 il ərzində istər ölkə xaricində, istərsə də daxilində xeyli sayda uğurlu əməliyyatlar həyata keçirmiş “Abver”in ən parlaq dövrü heç şübhəsiz ki, admiral Vilhelm Kanarisin adı ilə bağlıdır.

 

Bütün Avropanı əhatə etmiş və öz dövrünə görə kifayət qədər effektiv iş üsuluna malik “Abver”in süqutu alman ordusunun İkinci Dünya Müharibəsinin cəbhələrindəki uğursuzluqları ilə üst-üstə düşdü. 1944-cü ildə Hitlerin əmri ilə ləğv edilən “Abver”in strukturuna daxil olan bölmələr müxtəlif güc nazirliklərinin və təhlükəsizlik qurumlarının tabeliyinə verildi. Qısa müddət mövcud olmasına baxmayaraq, kəşfiyyat tarixinin ən güclü strukturlarından biri kimi yadda qalmış “Abver”in həyata keçirdiyi bir çox əməliyyatlar hazırlanması və icra texnikası baxımından ideal hesab olunur. Həmin əməliyyatlar bu gün də dünyanın müxtəlif ölkələrində peşəkar kəşfiyyatçıların hazırlanması işində uğurlu nümunələr kimi öyrənilir və tədris olunmaqdadır. “Abver”in irsi həmçinin kəşfiyyat tarixini dərindən öyrənən tədqiqatçılar üçün də mövzu olaraq öz cəlbediciliyini qoruyub saxlamaqdadır.

 

“Abver”in yaradılması zərurəti Birinci Dünya Müharibəsinin yekunlarına əsasən məğlubiyyətə uğramış Almaniyanın imzaladığı Versal sülhündən (28 iyun 1919-cu il) sonra meydana çıxmışdı. Belə ki, sazişin şərtlərinə görə, məğlubiyyətə uğramış Almaniyaya qarşı hərbi sahədə bir sıra məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurdu. Həmin məhdudiyyətlərə görə, Almaniyaya 100 000 nəfərdən çox şəxsi heyəti olan ordu saxlamaq qadağan edilmiş, ölkənin təyyarə və tank istehsal edən zavodları isə bağlanmışdı. Bu məhdudiyyətlər özünü xüsusi xidmət orqanlarının fəaliyyətində də göstərmiş oldu. Versal sülhünün şərtlərinə əsasən, Almaniyanın hərbi kəşfiyyat və xarici kəşfiyyat idarələri tamamilə aradan qaldırıldı.

 

Aydın məsələdir ki, belə məhdudiyyətlərin tətbiqi fonunda Almaniya nüfuzlu dövlətdən daha çox oyuncaq bir qurumu xatırlatmağa başlamışdı. Yaranmış vəziyyətlə barışmaq niyyətində olmayan keçmiş kəşfiyyatçılar dövlətin məxfi razılığı əsasında yeni alman kəşfiyyatının formalaşdırılması prosesinə start verdilər. 1919-cu ilin sonlarından mayor Kempin rəhbərliyi altında həyata keçirilən təşkilatlandırma işi 1921-ci ildə öz bəhrəsini verir.  Belə ki, həmin il Müdafiə Nazirliyinin tərkibində ayrı-ayrı qoşun növlərinə məxsus lokal kəşfiyyat xidmətləri vahid mərkəzdə birləşdirilir və yeni quruma “Abver” adı verilir. “Abver” adının seçilməsi isə alman kəşfiyyatçılarının gələcək məqsədlərindən daha çox, Berlinin İngiltərə və Fransada şübhə oyatmamaq üçün effektiv maskalanmaq niyyətlərindən xəbər verirdi. Adının mənasından da göründüyü kimi, “Abver” hücum etmək, təxribatlar törətmək üçün deyil, sadəcə, daxili iğtişaşlardan müdafiə olunmaq üçün yaradılmış bir təşkilat qismində bütün Avropaya təqdim edilir. Almaniya rəhbərliyi “Abver”in yaradılma zərurətini Birinci Dünya Müharibəsində qalib gəlmiş müttəfiqlərə izah etmək üçün əsaslı səbəb də tapır. Rəsmi Berlin bəyan edir ki, onun ölkəsində revanşist əhval-ruhiyyə ilə yaşayan faşist təşkilatları kifayət qədər gücləniblər və onların sərəncamında böyük sosial baza mövcuddur. Digər tərəfdən isə Almaniyada kommunist təhlükəsi baş qaldırmaqdadır. Eyni zamanda ortaya çıxan bu iki təhlükə ilə mübarizə aparmaq üçün isə Almaniyaya mütəşəkkil kəşfiyyat orqanı lazımdır. Rusiyanın timsalında kommunist dəhşəti ilə üzləşmiş Avropa ikinci qırmızı inqilabın baş verməməsi üçün istəmədiyi halda “Abver”in yaradılması ilə barışmaq məcburiyyətində qalır. 1925-ci ildən etibarən bu qurum üç bölməyə ayrılır: “Abver-1”, “Abver-2” və ”Abver-3”.

 

Təşkilatın ümumi fəaliyyət prinsipinə əsasən, “Abver-1” ölkə daxilində və xaricində kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğu halda, “Abver-2” radioqramların tutulmasından və ələ keçirilmiş məlumatların oxunmasından məsul idi. “Abver-3”ün səlahiyyətləri isə əks-kəşfiyyat sahəsini əhatə edirdi. Ölkə daxilində fəaliyyət göstərən xarici dövlətlərin casus şəbəkələrinin, həmçinin yerli təxribatçıların zərərsizləşdirilməsi III şöbənin birbaşa öhdəliyi idi. 1925-27-ci illər arasında “Abver” özünün xaricdəki ilk uğurlu əməliyyatlarını həyata keçirməyə müvəffəq olur. Polşa və Çexoslovakiyanın əməkdaşlığa cəlb edilmiş yüksək rütbəli zabitləri vasitəsilə alman kəşfiyyatı strateji əhəmiyyət daşıyan məlumatlar əldə edir. SSRİ-nin möhkəmlənməsindən sonra kommunistlərin xüsusi xidmət orqanları ilə səmərəli əməkdaşlıq qurmağa nail olan “Abver” bu ölkənin ərazisindən dəfələrlə öz planlarının icrası zamanı keçid məntəqəsi kimi bəhrələnməyi də unutmur. 1932-ci ildə “Abver”in tərkibində növbəti struktur dəyişikliyi baş verir və Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat xidməti də bu quruma tabe edilir. Nəticədə “Abver”in say tərkibi artır və fəaliyyət dairəsi də xeyli genişlənir. Xidmətin yeni rəhbəri vəzifəsinə isə hərbi dəniz qüvvələrinin Konrad Patsiq adlı yüksək çinli zabiti təyin edilir.

 

Patsiq öz sələfləri ilə müqayisədə daha radikal və qətiyyətli fəaliyyətin tərəfdarı olduğundan, onun üç illik rəhbərliyi dövründə “Abver” risk dərəcəsi yüksək olan silsilə əməliyyatların təşkili ilə məşğul olur. Doğrudur, İngiltərə ərazisində keçirilməsi nəzərdə tutulmuş əksər kəşfiyyat xarakterli təşəbbüslər iflasa uğrasa da, “Abver” bu müvəffəqiyyətsizliklərin əvəzini Fransada icra etdiyi uğurlu əməliyyatla çıxır. “Abver”in Fransa ilə bağlı olan ilk uğurlu əməliyyatı bu ölkənin ərazisində rəsmən fransalı sahibkara məxsus, əslində isə alman kapitalı əsasında təsis edilmiş xəritəçəkmə müəssisəsinin açılmasıdır. Bu firma təsis sənədlərində öz fəaliyyətinin əsas məqsədi kimi Fransa ərazisində dəmir yol stansiyalarına yaxın yerlərdə yerləşən istirahət məkanlarının turistik xəritələrinin hazırlanması olduğunu göstərdiyindən, onun əməkdaşları asanlıqla ölkə boyunca istədikləri obyektin şəklini çəkmək imkanı qazanmışdılar. Aydındır ki, çəkilən şəkillər xəritələrin hazırlanması ilə yanaşı, alman kəşfiyyatının fəaliyyətində də geninə-boluna istifadə edilirdi.

 

1933-cü ildə Almaniyada “Abver”in fəaliyyətinə ciddi təsir edən hadisə baş verir. Seçkilərdə qələbə qazanan nasistlər Hitlerin simasında hakimiyyətə gəlirlər. Gözlənilmədən baş vermiş bu hakimiyyət dəyişikliyi ölkənin cari siyasi prioritetlərini 180 dərəcə dəyişir. Almaniyada Birinci Dünya Müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq, ölkənin tapdalanmış qürurunu yenidən özünə qaytarmaq üçün total hazırlıqlar başlanır. Hərbi istehsal görünməmiş miqyas alır, ölkənin bütün resursları güc strukturlarının yenidən formalaşdırılmasına cəlb edilir. Alman xüsusi xidmət orqanlarının və gizli polisin rəhbəri qismində isə səhnədə yeni fiqur - Himmler peyda olur. Bütün kəşfiyyat strukturlarını öz nəzarəti altına almağa çalışan bu şəxs tezliklə Patsiqi “Abver”in rəhbərliyindən uzaqlaşdırır. Bəhanə qismində isə Patsiqin Polşaya dair hazırlanan kəşfiyyat planlarının icrası zamanı nümayiş etdirdiyi özbaşınalıq göstərilir.

 

Patsiq həqiqətən də Polşa məsələsində Himmlerlə həmfikir deyildi, lakin bu, əsla “Abver” rəhbərinin dəyişdirilməsi üçün ciddi səbəb ola bilməzdi. Himmlerin kəşfiyyat qurumlarını inhisara almaq cəhdlərinin tərkib hissəsi olan sözügedən istefadan sonra hər kəs “Abver”in formal quruma çevriləcəyini düşünürdü, lakin bu qəbildən olan mülahizələrin hamısı son nəticədə boşa çıxdı. Vəzifəyə 1935-ci ildə Hərbi Dəniz Qüvvələrinin 47 yaşlı zabiti Vilhelm Kanaris (1887-1945) gətirildi.

 

Sonralar bütün tarixçilər “Abver”in qızıl dövrünü məhz bu şəxsiyyətin adı ilə bağlayacaqdılar. Hələlik isə o, heç kəsə məlum olmayan adi donanma zabiti idi. Vilhelm Kanaris əvvəllər də Hərbi-Dəniz Qüvvələri tərkibində alman kəşfiyyatı üçün İspaniya və Latın Amerikasında xeyli faydalı xidmətlər göstərmişdi. Lakin indi onun qarşısında duran məqsədlər əvvəlkindən daha çətin və qlobal idi. Kanaris dünyanı diz çökdürmək niyyətində olan və bunun üçün görünməmiş hərbi hazırlıqlar həyata keçirən bir dövlətin aparıcı kəşfiyyat qurumlarından birinə başçı təyin olunmuşdu. Tezliklə Kanarisin yüksək peşəkarlıq və təşkilatçılıq bacarıqları özünü tam miqyası ilə göstərməyə başladı. Az sonra “Abver”in fəaliyyətini mobilləşdirməyə və qurumun çevikliyini artırmağa imkan verən daha bir hadisə baş verdi. 1936-cı ildə Hitlerin qərarı ilə alman kəşfiyyat orqanlarının səlahiyyətləri dəqiqləşdirildi və nəticədə “Abver”in üzərindən siyasi istintaqla, həmçinin xarici ölkə ərazisində siyasi-ideoloji işlə məşğul olmaq kimi ağır öhdəliklər götürüldü. Bundan sonra “Abver”in qarşısında əsas fəaliyyət istiqaməti kimi kəşfiyyat və hərbi əks-kəşfiyyat işinin təşkili vəzifəsi qoyulmuş oldu. 

 

Öz məsuliyyət yükünü əhəmiyyətli dərəcədə azaldan Kanaris bilavasitə fəaliyyətə başlayır. Onun rəhbərliyi altında “Abver”in yeni təşkilatlanma prosesi həyata keçirilir. Yeni struktur islahatları çərçivəsində bu qurumun mərkəzi aparatı – “Z” şöbəsi təşkil edilir. Üçüncü, yəni əks-kəşfiyyat bölməsinin tərkibində iqtisadi kəşfiyyat qrupunun yaradılması da “Abver” üçün yenilik olur. Bu qrupun əsas hədəfi kimi isə o dövrdə yüksək texnoloji tərəqqi  ilə seçilən ABŞ müəyyən edilir. ABŞ ərazisində kommersiya fəaliyyəti ilə məşğul olan ticarət firmalarının əli ilə Kanaris əsasən silah texnologiyaları olmaqla, bu ölkənin ağır sənaye kompleksi haqqında maraqlı məlumatlar toplamağı bacarır. Hətta mənbələr 1942-ci ildə sualtı gəmi ilə ABŞ sahillərinə 8 nəfərlik kəşfiyyat qrupunun çıxarılması haqqında məlumat da verirlər.

 

Kanarisin rəhbərliyi altında “Abver” ilk uğurlu əməliyyatını 1936-cı ildə Fransa ərazisində həyata keçirir. Söhbət Birinci Dünya Müharibəsi dövründə inşa olunmuş və keçilməz hesab edilən məşhur “Majino müdafiə xətti”nin müəlliflərindən olan hərbi mühəndislərdən birinin “Abver”in casusları tərəfindən məharətlə əməkdaşlığa cəlb olunması əməliyyatından gedir. Əməliyyat nəticəsində zahirən qüsursuz və alınmaz qala təəssüratı yaradan istehkamın bütün zəif nöqtələri haqqında məlumatlar qısa zamanda alman kəşfiyyatının əlinə keçdi. Yeri gəlmişkən, sonralar, daha dəqiq desək, 1940-cı ildə məhz bu məlumatlar əsasında hərəkət edən alman qoşunları heç bir çətinlik çəkmədən, cəmi bir ay ərzində bütün Fransanı işğal etməyə müvəffəq oldular.

 

İkinci Dünya Müharibəsinin başlaması ilə üzərinə ağır yük düşən qurumlardan biri də “Abver” olur. Əvvəlcə Polşanın, sonra Çexoslovakiyanın işğalı zamanı psixoloji müharibənin və təxribat texnikasının ən yüksək səviyyədə tətbiqinə nail olan “Abver” alman ordusunun bu ölkələri işğal etməsini asan bir tapşırığa çevirir. 1941-43-cü illərdə “Abver” eyni müvəffəqiyyətlə SSRİ-yə də qarşı mübarizə aparır. Xeyli sayda təxribatlar törədən “Abver” sovet nəqliyyat sisteminin fəaliyyətini, xüsusilə də dəmir yolu nəqliyyatının işini cəhənnəmə döndərir. Həmin ərəfədə “Abver”in xarici kəşfiyyat bölməsinin tərkibində “Şərq” və “Qərb” adlı xüsusi dəstələr yaradılır. Adlarından da göründüyü kimi, bu dəstələrdən birincisinin məqsədi Şərq ölkələrində, digəri isə Avropada casusluq fəaliyyətinin təşkili üçün nəzərdə tutulmuşdu. İran və Şimali Afrikada geniş casus şəbəkəsi formalaşdırmağa nail olan “Şərq” dəstəsinin fəaliyyəti xüsusilə seçilirdi. Alman tarixçisi Karl Barts yazır ki, Kanaris öz təbiəti etibarilə sadiq, lakin kifayət qədər dinc bir insan idi. Onun müharibənin əleyhinə olduğunu ilk vaxtlardan demək olar ki, bütün alman komandanlığı bilirdi. Buna baxmayaraq, Üçüncü Reyxin rəhbərliyi yüksək peşəkarlığı və sədaqəti ilə seçilən bu insana Almaniyanın ən qüdrətli qurumunu həvalə etməkdən çəkinmədi.

 

1943-cü ildən etibarən İkinci Dünya Müharibəsi cəbhələrində uğur almanlardan üz döndərməyə başlayır. Ordunun müvəffəqiyyətsizlikləri fonunda kəşfiyyatın da uğurlarının sayı azalır. 1944-cü ildə isə “Üçüncü Reyx” üçün ümumiyyətlə kəskin və çıxılmaz bir vəziyyət yaranır. Artıq “Abver” füreri əvvəlki müvəffəqiyyətləri ilə tez-tez sevindirə bilmir. Kanaris isə öz növbəsində tədricən  hakimiyyət üçün arzuolunmaz şəxsə çevrilməyə başlamışdı. Həmin il onun istefaya göndərilməsi məsələsi yuxarı dairələrin müzakirəsinə çıxarılır. Baxmayaraq ki, 1944-cü ilin martında məhz onun hazırladığı qəfil hücum planı nəticəsində müharibədən çıxmaq istəyən Macarıstan rəhbərlərin hamısı Budapeştə çıxarılmış xüsusi desant və kəşfiyyat qrupu tərəfindən həbs edilmiş, şəhərin özü isə bir neçə saat ərzində tamamilə nəzarət altına alınmışdı. Lakin bu müvəffəqiyyət Kanarisin sonuncu uğuru kimi yadda qaldı. Açıq şəkildə müharibəyə qarşı çıxması, üstəlik, öz yaxın ətrafına müharibə əleyhdarı olan zabitləri toplaması Kanarisi istefaya göndərməyə çalışan qüvvələrin əlinə tutarlı bəhanə vermiş oldu. 1944-cü ilin yayında isə Kanarisin həbsi ilə nəticələnən hadisə baş verir. Həmin vaxt Hitlerə qarşı yüksək rütbəli hərbi xadimlərin təşəbbüsü ilə növbəti dəfə uğursuz sui-qəsd cəhdi həyata keçirilmişdi. Aydın məsələdir ki, belə bir vəziyyətdə şübhəli şəxslərin siyahısında birinci yeri Kanaris tuturdu. Müharibənin əleyhinə olan, üstəlik, Hitlerin siyasəti ilə razılaşmayan zabitləri ətrafına toplayan Kanarisdən savayı füreri öldürməyə kim cəsarət edə bilərdi ki? Hitlerə sui-qəsdin təşkili ittihamı ilə həbs edilən Kanaris 1945-ci il aprelin 8-də edam olunur. Edama qədər isə Hitlerin əmri ilə “Abver” bir qurum kimi ləğv edilir, onun bölmələri isə kəşfiyyat orqanları arasında bölüşdürülür.

 

Təbii ki, Kanarisin fəaliyyəti dövründə buraxdığı ciddi səhvlər də olub və onlardan ən başlıcası şifroqramların, həmçinin məxfi məlumatların ötürüldüyü “Eniqma” cihazının texniki cəhətdən daha mükəmməl vasitə ilə əvəzlənməməsidir. Çünki bu cihazın iş prinsiplərindən xəbər tutan müttəfiqlər İkinci Dünya Müharibəsinin son illərində almanların bütün planlarının məzmunu ilə tanış olmaqda çətinlik çəkmirdilər. Lakin Kanarisin ümumi fəaliyyətinə və xidmətlərinə nəzər salarkən onun edama deyil, hörmətə layiq olduğunu aydın bir şəkildə görə bilərik. Alman ordusunun hərb meydanlarındakı ümumi uğursuzluqlarının məsuliyyətini bir tək Kanarisin və “Abver”in üzərinə yıxmaq isə ən azı ədalətsizlikdir.

 

Müharibə əleyhdarı olduğuna görə edam edildiyi heç kəsə sirr olmayan Kanarislə birlikdə alman kəşfiyyat tarixinin ən şanlı, eyni zamanda bir o qədər də ziddiyyətli səhifəsi bağlanmış oldu. “Abver”in fəaliyyəti rəsmən 1944-cü ildə dayandırılsa da, onun yetişdirdiyi peşəkar zabit kadrları müharibədən sonra hər iki Almaniyanın polis  və kəşfiyyat orqanlarında öz fəaliyyətlərini uğurla davam etdirdilər.

 

Təbii ki, ümumilikdə III Reyxin və onun tərkib hissəsi olan “Abver”in uğrunda mübarizə apardıqları məqsədlər və rəhbər tutduqları dəyərlər sivil bəşəriyyət üçün əsla qəbuledilməzdir. Ancaq sırf peşəkarlıq nöqteyi-nəzərindən “Abver”-in əməliyyatlarından öyrəniləcək çox şey var. Təsadüfi deyil ki, “Abver”in dağıdıcı fəaliyyətindən ən çox əziyyət çəkmiş SSRİ-də və onun varisi olan hazırkı Rusiya Federasiyasında bu alman kəşfiyyat xidmətinin keçirdiyi əməliyyatlardan, bu qurumun iş prinsiplərindən bəhs edən onlarla tədqiqat işləri nəşr edilmişdir.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>