Sizin link burada

Yeni Azərbaycan Partiyası - qüdrətli Azərbaycan naminə ...

 

Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən aparıcı qüvvə, xalqın ali mənafeyinin ifadəçisidir. Yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan YAP strateji inkişafa imza atmışdır. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətini genişləndirən partiya yeni nailiyyətlər əldə etmişdir. Bu gün YAP Cənubi Qafqazın ən böyük partiyası olmaqla “xalq partiyası” imicini formalaşdırmış, 23 illik iqtidar fəaliyyəti ilə etimadı doğrultmuşdur.

1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə Respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Cəmiyyətdə böyük nüfuz sahibi olan və hakimiyyətlə birbaşa əlaqəsi olmayan şəxs tərəfindən yaradıldığı üçün partiya klientel partiya olaraq fəaliyyətə başladı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd - yeni, totalitarizmin buxovlarından azad olan, həmçinin ictimai-siyasi cəhətdən sabit olan Azərbaycanın qurulmasından, demokratik inkişaf yolunun seçilməsindən ibarət idi. Nizamnamədə də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmır. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdı. 1993-cü il oktyabr ayının 3-də Heydər Əliyevin ölkə prezidenti seçilməsiylə partiyanın həyatında yeni bir dövrün əsası qoyuldu, Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatları açıq şəkildə reallaşmağa başladı. YAP-a inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranmasıyla müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı qüvvə, dövlət siyasətinin reallaşmasında əsas aktordur. Partiya üzvlərinin sayı 700 mindən çoxdur. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbuledilənliyinin göstəricidir. Digər bir vacib xüsusiyyət partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Belə ki, YAP sıralarına qoşulanların 40 faizi gənclərdir.  Bu gün gənclik YAP-ı təkzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplərin bu gün xalq tərəfindən tam dəstəkləndiyini bildirmiş, bugünkü iqtidarın apardığı siyasətin yeganə düzgün siyasət olduğuna diqqəti yönəltmişdir.

Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır. Bu  illər ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə əldə edilən nailiyyətlər YAP-ın adı ilə bağlıdır. YAP Azərbaycanın uğurlu, parlaq gələcəyini təmin edə biləcək yeganə partiyadır. Partiyanın amalı qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır.

Bütün sadalanan amillər təsdiq edir ki,  ölkə qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla ümummilli lider Heydər Əliyevin siyasi irsinə varislik ruhunda davam edəcəkdir. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasındaAzərbaycanın tərəqqi atributuna çevrilmişdir. 

                                                   Nailə Məmmədova  

   “Azerbaijan Realities”

LENT

24 Fevral 2018
23 Fevral 2018

Digər xəbərlər >>>