Sizin link burada

Toyda qətl törədən şəxsin anası: "Namusa toxunan sözlər işlətdiyi üçün..."

 

 

 

Toyda yeyib-içdiyi tanışını qətlə yetirməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Ramik Aydabəyovun anası ifadə verib. Ana ifadəsində qeyd edib ki, toyda həm oğlu, həm də ölən şəxs sərxoş olub:

 

“Həmin günü gəlinim məni evə çağırdı. Gördüm ki, ağlayır. Evə gəlib çatanda Radikin də uşaq kimi ağladığını gördüm. Allaha yalvarırdı. Soruşdum ki, axı nə olub? Dedi, ana bilərəkdən eləməmişəm, Allaha dua edirəm ki, İlqara heç nə olmasın. Mənə dedi ki, sən də dua elə. Dedim axı nə olub? Dedi ki, məclisdə İlqar ona elə söyüşlər söyüb ki, özünü saxlaya bilməyib. Oğlum dedi ki, namusa toxunan sözlər işlətdiyi üçün onu vurub".

 

Qadın ifadəsində oğlunun peşman olduğunu deyib: "Biz istəməzdik ki, İlqarın uşaqları yetim qalsın. İkisi də içib. Əgər içməsəydilər, belə hadisə baş verməzdi. Oğlum dedi ki, polisə təslim olmağa gedir. Amma polislər ondan əvvəl gəldi”.

 

Məhkəmədə şahid qismində mərhumun dayısı oğlu Rahil Məlikov da ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.  Sualları cavablandıran şahid toy sahibi olduğu və məclisə dəvət olunan 130 qonağa 250 araq aldığını deyib.

 

 

 

Qeyd edək ki, qətl bu il Qusarın Xürel kəndində keçirilən toy məclisində baş verib.

 

 

 

46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov 35 yaşlı həmkəndlisi Ramik Adil oğlu Aydabəyovla yeyib-içiblər. Daha sonra onlar arasında mübahisə düşüb.

 

 

 

Ramik Aydabəyov masanın üzərindəki butulkanı əvvəlcə sındırıb, sonra isə arxası ilə İlqar Ulubəyovun boyun və baş nahiyəsinə xəsarət yetirib.

 

 

 

İ.Ulubəyov şah damarından kəsilmiş yara alıb. Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda qanitirmədən ölüb.

 

 

 

Ramik Aydabəyov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

LENT

12 Dekabr 2017

Digər xəbərlər >>>