Sizin link burada

Kəmaləddin Heydərov Moldovanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldova Respublikasının müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti, o cümlədən FHN-in Akademiyası barədə qonaqlara ətraflı məlumat verib. Nazir Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırıb.

 

Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizda səmimi qəbula görə minnətdarlığını bildirmiş və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə yerində tanış olublar.

LENT

12 Dekabr 2017
11 Dekabr 2017

Digər xəbərlər >>>