Sizin link burada

Rusiya niyə tələsir? - AKTUAL ŞƏRH

 

Rusiya və Türkiyə prezidentləri Soçi görüşündən sonra keçirdikləri mətbuat konfransında Qarabağ barədə danışmadılar. Amma öz aralarında nəsə danışmış kimi görsənirlər. Çünki bu görüşdən dərhal sonra maraqlı informasiyalar dövriyyəyə buraxıldı:

 

Lavrov Bakıya və İrəvana gəlir;

 

Məmmədyarov və Nalbandiyan bu səfərdən əvvəl Moskvaya gedəcək;

 

Putin Sarkisyanı Kremlə çağırıb.

 

Kimin necə şərh etməsindən asılı olmayaraq, bu üç informasiyanın arxasında bir plan dayanır – Lavrov planı.

 

Lavrov planının arxasında nə dayandığı isə artıq hamıya bəllidir: 5 rayon işğaldan azad edilir, Qarabağa Rusiya silahlı qüvvələri sülhməramlılar adı ilə yeridilir... Sonrası isə əhəmiyyətli deyil, daha doğrusu, Azərbaycan üçün əhəmiyyətli deyil. Çünki bu plan 5 rayon əvəzində "əlvida, Qarabağ" deməkdir.

 

Sözsüz ki, bu plan rəsmi Bakını qane etmir və Rusiya mahiyyəti dəyişmədən yeni kombinasiyalar qurur. Elə son səfər də plan-tələnin üstünə bağlanmış yeni bantın təqdimatından başqa bir şey olmayacaq. Təsadüfi deyil ki, bu bantın altında nə olduğunu yaxşı bilən dövlət başçımız İlham Əliyev ən son çıxışında Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin dəyişmədiyini bir daha vurğulayıb.

 

Diqqət çəkən başqa bir məqam 2011-ci ildə Kazanda başlayan prosesdə Rusiyanın birdən-birə fəallaşmasıdır. Status-kvonun saxlanılmasında daim maraqlı olan Rusiya nədən situasiyanı dəyişmək istəyir?

 

İki mühüm səbəb ola bilər.

 

Birincisi: Rusiya ətrafında çənbərin daraldığı hiss edir. Cavab tədbiri görmək sözsüz ki, Rusiya üçün prioritetdir. Çənbər quranların planlarını alt-üst etməyin bir yolu var. Öz ətrafında bufer zona yaratmaq. Qafqazın bütövlükdə təsir dairəsindən çıxmaq ehtimalı Rusiya üçün ölüm hökmünə bənzər bir reallıq olardı. Buna görə də Kreml imperiya ambisiyalarının ən həssas nöqtədə zərrə qədər də olsun zəifləməsinə izn vermək istəmir. Moskva Qarabağa yenidən qoşun yeritməklə öz “tarixi ədalətini” bərpa edəcəyini və daralan çənbərə mane olacağını zənn edir. Buna görə də Rusiya tələsir.

 

İkincisi: Rusiya hiss edir ki, Ermənistanda və Dağlıq Qarabağda situasiya onun arzuladığı kimi deyil. Bu, çox risklidir. Çünki bir an içərisində situasiya nəzarətdən çıxa bilər. Və bu situasiya fonunda Ermənistan yeni üsul-idarənin tətbiqinə hazırlaşır. Qafqazda Rusiyanın əsas dayağı olan Sarkisyan rejimi prezident üsul-idarəsindən, parlament üsul-idarəsinə keçməlidir. Rusiya öz dayağını yenidən Ermənistanın sükanı arxasında görmək istəyir. Amma ağır sosial-iqtisadi durum fonunda buna asanlıqla nail olmaq çərindir. Məhz bu amil də Rusiyanı tələsdirə bilər. Çünki Ermənistanı əldə saxlamaq üçün hazırda Rusiyanın Qarabağ münaqişəsindən maraqlı və əsaslandırılmış bəhanə tapa bilməsi real deyil.

 

Müxtəlif kanallardan əldə olan məlumata görə, Ermənistanda Sarkisyan üçün yeni vəzifə də düşünülüb. Bu güc strukturlarının tabe olduğu və geniş səlahiyyətlərə malik Təhlükəsizlik Şurasına bənzər bir qurum olmalıdır. Sarkisyanın Prezidentlik səlahiyyəti bitdikdən sonra o məhz bu vəzifəni tutacaq və ölkəsində Rusiyanın general-qubernatoru kimi fəaliyyət göstərəcək. Bunun üçün isə Qarabağ ətrafında yeni situasiyanın yaradılması mütləq vacibdir.

 

Bəs son vaxtlar gündəmə Qarabağ mövzusu ilə gələn Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu planın harasındadır? Bu sualın iki cavabı ola bilər:

 

Birincisi: Türkiyə prezidenti Rusiyanın planlarından xəbərdardır və məhz buna görə də Putinlə bu mövzunu müzakirə etmək istəyində olub. Lakin Rusiya prezidenti Ermənistanı qıcıqlandırmamaq üçün Ərdoğanı bu danışıqlardan kənarda tutur.

 

İkincisi: Türkiyə prezidenti baş verənlərin içərisindədir və 5 rayon məsələsində fikirləri  Rusiya ilə üst-üstə düşür. Bəlkə də Putinlə bu məsələni müzakirə edəcəyi bəyanatını verən prezident Ərdoğan dost Azərbaycana “narahat olmayın, hər şey kontrol altındadır” demək istəyib.

 

Sözsüz ki, bu prosesin qapalı məqamları həddən artıqdır. Amma aydın olan bir məqam var - Rusiyanın tələskənliyi fonunda nəticəni çox gözləmək lazım olmayacaq. Prosesin nəticəsini...

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>