Sizin link burada

Mənim Əli Kərimlə şəklim var

 

Bu il  tanınmış şair Ramiz Mövsümün   “Azərbaycan”  jurnalında şeirlərinin çapı gecikdi. Səbəb  isə  hamıya  tanış olan duyğu və düşüncələrin ədəbi mətnə çevrilə bilməməyidir. Sözüm bunda yox.

 

Şairin son aylar redaksiyamıza  ardıcıl gəlməyində və şeirlərinin  çapını israrla tələb etməyində  müasir poeziyamız üçün xarekterik olan bir neçə nüansı gördüm və həmin ştrixləri yaddaşımın bir güncünə bənd elədim.

 

Ramiz Mövsümü çoxdan   tanıyıram. Hətta kənddə quzu otardığım vaxtlardan. Sonra onu işlədiyim Yazıçılar Birliyində  dostu və şahmat silahdaşı  Siyavuş Məmmədzadə ilə şahmat oynayan gördüm.  Belə vaxtlarda Ramiz Mövsümün   oyuna daxil olmağı  çətin idi, hələ gərək əvvəlcə tamaşaçı qismində Məmməd Orucla Siyavuş Məmmədzadənin qarşıdurmasına baxaydı, sonra yer boşalan kimi özünü verəydi  stola. Sonra uzun bir oyun...

 

İllər sürətlə keçdi... Siyavuş  Məmmədzadə xəstələndi,  yazıçılar birliyinə gəlməyi seyrəldi, sonra isə  müalicəsini evdə davam etdirdi. Beləliklə, şahmat taxtası   yazıçılar birliyinin dördüncü mərtəbəsində ədəbi orqanların otaqlarından 

göyə uçdu.

 

Sonra... Sonra isə şahmatı nə Məmməd Oruc oynadı, nə də Ramiz Mövsüm. Deməli, Ramiz Mövsüm  tək qaldı, şahmatın birləşdirdiyi adamlar ayrıldılar, hərə bir tərəfdə  öz təkliyini  çəkməyə başladı.

 

Ramiz Mövsüm  Siyavuş Məmmədzadədən  ayrılandan sonra tək gəzdi, xatirələrlə yaşadı. Redaksiyaya şeir gətirdi, çapını israrla tələb etdi. Şahmatın yoxluğu  onu daha da aqressiv elədi. Səyavuş Məmmədzadə dağ kimi yanından çəkilib getmişdi. Ramiz Mövsüm  hərdən müvazinətini itirəndə, xatirələrindəki şəkillərdən  yapışırdı. Şəkillər onu nə dərəcədə saxlayırdı, deyə bilmərəm. Bir onu bilirəm ki, şahmatın yoxluğu  onu şeirə tərəf  daha da itələdi.

 

Ramiz Mövsüm  78 yaşının içindədir. Tənhadır, təkdir. Dostlarının çoxunu itirib. Bir  Siyavuş Məmmədzadə vardı, o da indi işə gəlmir. Şeirlərinin çapı  yubananda onun gətirdiyi  misallar məni kövrəldir:  “Mənim Məmməd Arazla, Əli Kərimlə, Qılman İlkinlə, Qabillə  şəkillərim var.  1960-cı ildən bu günə kimi  dövrü mətbuatda  çap olunuram. İstəyirsən, o şəkilləri gətirim sənə göstərim”.

 

İndi Ramiz Mövsümin dostları şəkillərdir. Onlar da hələlik bu dar macalda işə yaramır. Əgər o şəkkillər  bir an içində canlı olsaydılar, Ramiz Mövsümün hayına çatardılar.  Bu şəkil məsələsi məni çox düşündürdü. Birdən-birə həyatın faniliyinə və Ramiz Mövsümün təkliyinə dəli kimi inandım. Özümü, gələcəyimi düşündüm.

Belə bir məqamda Ramiz Mövsüm ənənəvi bir üsula əl atır: “Mən modern  şeiri bəyənmirəm, qafiyyəsiz şeirin  ədəbiyyat olmağını qəbul etmirəm”.

Sonra misallar gətirir:  Məmməd Araz belə deyirdi, Əli Kərim belə danışırdı, Qılman İlkin  bu cür yazırdı və sair.

 

O, elə bilir ki,  şeirlərinin çapının yubanmağı   modern  şeir olmamağı ilə bağlıdır. Yenə misallar:  Qabil  qafiyyə haqqında belə deyirdi, Məmməd Araz belə yazırdı.

 

Ramiz Mövsüm  həm də elə bilir ki,  şeirlərinin çapının yubanmağının səbəbi dostlarının tez bir  zamanda şəklə çevrilməyidir.  Dünən məndən ayrılan kimi yenə zəng elədi: Mənim Əli Kərimlə, Qılman  İlikinlə, Məmməd Arazla şəklim var,  istəyirsən, sabah gətirim bax. Gətirdi də.

O şəkillərə   baxdım, baxdım... Bu an qəlbimindən  dərin bir cızığın sızıltısı keçdi: Axı  mən necə edim ki, dostlarım şəklə çevrilməsin?!

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>