Sizin link burada

Dövlət orqanları tərəfindən 990 vakant vəzifə müsabiqəyə çıxarılıb

 

"Dövlət orqanları tərəfindən dövlət qulluğu ilə bağlı müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub".

 

 

Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov deyib. O bildirib ki, inzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim edilib.

 

 

V. Misirovun sözlərinə görə, dövlət orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.

 

Xatırladaq ki, Mərkəz noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Test imtahanlarına qeydiyyat 7 noyabrda başlayıb və AA, AB və AC vəzifə qrupları üzrə 17 noyabrda, BA və BB vəzifə qrupları üzrə isə 6 dekabrda başa çatacaq. Həmçinn, Mərkəz tərəfindən 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.

 

Qeyd edək ki, dövlət qulluğuna dair qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq dövlət qulluğuna qəbul üçün müraciət edən şəxs Mərkəz tərəfindən ayda bir dəfədən az olmayaraq keçirilən test imtahanlarında iştirak edərək vəzifə altqrupları üzrə imtahandan qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamalı və inzibati vəzifə üzrə sertifikat əldə etməlidir. Sertifikat 5 il müddətinə qüvvədədir və şəxsə Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə, həmin vəzifələrin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən, vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğun olaraq keçirilən müsahibələrdə iştirak etmək hüququ verir.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>