Sizin link burada

Qənirə Paşayeva jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva jurnalistika fakültəsi tələbələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dəvəti ilə gənc jurnalistlərlə görüşən millət vəkili bu təşəbbüsün müəlliflərinə təşəkkürünü bildirib. Fakültənin dekanı Vüqar Zifəroğlu və müəlliməsi Aygün Əliyeva bu cür görüşlərin böyük əhəmiyyətindən danışıblar.

 

"Jurnalist olmaq istəyən gənclərlə görüşü çox maraqlı və önəmli hesab edirəm",- deyən millət vəkili gənclərdən onları jurnalistikaya gətirən səbəblərlə maraqlanıb. Özünün jurnalist fəaliyyəti ilə bağlı bir sıra təcrübələrini gənc jurnalistlərlə bölüşüb. "Jurnalistika bir sevdadır, yanğıdır, fədakarlıqdır",- deyən millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb.

 

Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meylli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meylli olmalıdırlar. O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.

 

Görüşün sonunda Q. Paşayeva müəllifi olduğu kitabları tələbələrə imzalı hədiyyə edib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>