Sizin link burada

SSRİ rəhbərinin əcaib istəyi: "Tüstünü mənə tərəf üfürün" - XATİRƏ

 

 

Düz 35 il əvvəl sovet lideri Leonid Brejnev vəfat etdi. 1964-cü ildən, düz 18 il SSRİ-yə rəhbərlik etmiş Loenid İliçin səhhətində artıq neçə vaxt idi ki, ciddi problemlər vardı. Amma bununla belə onun belə tez öləcəyini ən yaxınları belə gözləmirdilər.


***

 

Brejnevin ölümünün 35 illiyi ərəfəsində rusiyalı həmkarlarımız sovet liderinin Moskva yaxınlığında bağ evinin komendantı olmuş Oleq Aleksandroviç Stronovla görüşüblər. Brejnev son gününü də elə bu bağ evində keçirmişdi.

 

- Brejnev son vaxtlarını bağ evində keçirirdi, Kremldə demək olar ki, olmurdu. Deyirdi ki, şəhərdə mənzildə gəzmək, hərəkət etmək mümkün deyil. Hələ üstəlik geyinməlisən, qalstuk taxmalısan. Deyirdi, heyf deyil bağ evi. İdman şalvarını geyinirsən, gödəkçəni çiyninə atırsan, meşədə gəzirsən. Eyni zamanda işinlə məşğul olursan.

 

- O, xeyirxah adam idi?

 

- Çox, xeyirxah idi. Hamıya kömək edirdi, hamımıza da mənzildən tutmuş başqa şeylərə qədər kömək edib. O, mühafizəçilərinin, sürücülərin ad günlərini əzbər bilirdi və həmin gün onlara hədiyyə verərdi.

 

- Qayıdaq 10 noyabr 1982-ci ilə. Onun ölümü gözlənilirdimi?

 

- Mən hələ də heyrət içindəyəm. Təsəvvür edin, noyabrın 9-da Zavidovodan ovdan qayıtdı. Mən onu elə bağda gözləyirdim. Görüşdük, bir yerdə şam elədik. Sonra bağdakı kinozalda filmə baxdıq. Nəsə film ona maraqsız gəldi. Bizə dedi ki, mən yatıram. Səhər 10-un yarısında məni oyadarsız. Mənə qayıtdı ki, Oleq, sən də tezdən burada ol, bəzi tapşırıqlarım olacaq

 

- Nə tapşırığı?

 

- Bilmirəm. Çünki çatdırıb deyəmmədi. Həmin vaxt mən, onun mühafizəsinin rəis müavini Vladimir Medvedev, mühafizəçi Vladimir Sobaçenkov və arvadı Viktoriya Petrovna, artıq səhər yeməyinə hazırlaşırdıq. Sobaçenkovla mən onun otağına keçib oyatmaq istədik. Gördük ki, halı özündə deyil. Sobaçenkov yavaşca dilləndi ki, "Leonid İliç, durmaq vaxtıdır". Yenə təkrarladı, amma Leonid İliç tərpənmədi. Əlimlə nəbzini yoxladım, buz kimiydi, nəbzi də vurmurdu. Bu vaxt dərhal ona süni nəfəs verməyə başladıq. Amma keçinmişdi. Bununla belə, təcili yardım maşını gəlib çıxanadək nəfəs verməyə, sinəsini masaj etməyə davam etdik. Faydası olmadı. Təcili yardım maşınıyla eyni zamanda Andropov, Ustinov, Qromıko, habelə səhiyyə naziri Çazov da gəlib çıxdı. Və Çazov da bildirdi ki, artıq heç nə etmək mümkün deyil.

 

Bilirsiz, Leonid İliç 3 dəfə infarkt keçirmişdi. Bir dəfə də kliniki ölüm. Müharibədə də kontuziya almışdı. Yəni təsirsiz ötüşmədi.

 

- Bəs həmin vaxt bağda həkimlər olsaydı, onu xilas etmək olardı?

 

- İnanmıram. O, ümumiyyətlə, həkimlərə inanmırdı. Bir xatirə danışım. Onun şəxsi bərbəri vardı, hər gün səhərlər yanına gələrdi. Bir dəfə Brejnevə deyib ki, saçınız tökülür. Brejnev də bu barədə Çazova deyib. Çazov dərhal xüsusi komissiya yaradıb, saçtökülmənin səbəblərini araşdırmağa başlayıblar. Komissiya üzvləri Brejnevlə görüşəndə, Leonid İliç onları kabinetindən qovmuşdu. Çazova bilirisinizmi nə demişdi? "Sənin bu professorlarının hamısı keçəldi, bunlar mənə nə kömək edə bilər ki?"

 

Səhhətinə fikir vermirdi. Təsəvvür edin, həkimlər ona siqaret çəkməyə qadağan etmişdi. Düzdür, çəkmirdi. Amma mühafizəçilərini çağırıb deyirdi ki, siqaret çəkin və tüstünü mənə tərəf üfürün. O da tüstünü ciyərlərinə çəkirdi...

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>