Sizin link burada

Pomidor diplomatiyası

 

 

Təyyarə insidentindən sonra Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi müxtəlif sahələrdə öz neqativ təsirini göstərmişdi. Bu sahələrdən biri də pomidor biznesi idi.

 

Həm Türkiyənin pomidor istehsalçıları, həm də pomidor biznesi ilə məşğul olan iş adamları bu böhrandan öz nəsibini, daha dəqiqi, zərbəsini aldı.

 

Artıq xeyli vaxtdır ki, bu iki ölkə arasında münasibətlər normallaşıb. Amma pomidor biznesi ilə bağlı hələ də iki ölkə arasında köhnə qaydaların bərpasını bərqərar edəcək razılaşma yoxdur. Rusiya buna hələ razılıq vermir.

 

Rəsmi strukturlar bunu Rusiya istehsalçılarının maraqlarının qorunması kimi qələmə verir. Guya Türkiyə ilə münasibətlər gərginləşəndən sonra Rusiyada kütləvi pomidor əkini aparılıb. Buna görə də Rusiya başqa ölkədən pomidor alsa, rus istehsalçılarının maraqlarına toxuna bilər. Gülünc bəhanədir, məncə…

 

Amma Putun və Ərdoğan saydığını saysın, görək Türkiyə pomidorunu Rusiyaya daşıyan işgüzar oğlanlar nə sayır?

 

Əvvəlcə bu sahənin adamlarından eşitdiyim başqa bir nüansı diqqətinizə çatdırım. Deyilənə görə, Rusiya Türkiyə ilə yanaşı nə Gürcüstandan, nə də Azərbaycandan pomidor idxal edir. Daha doğrusu, bu üç ölkədən pomidor idxalına qadağa var.

 

Amma Rusiya bazarında Türkiyə və Azərbaycan pomidoru var. Bəli, bəli, var. Və bu bizneslə məşğul olan bir xeyli insan da var. Onlar arasında təbii ki, azərbaycanlılar, gürcülər və türklər də var.

 

Bəs Rusiya bu üç ölkədən pomidor idxalına qadağa qoyubsa bu pomidor oralara necə gedib çıxır?

 

Bax, burda pomidor diplomatiyasının mahiyyəti üzə çıxır.

 

Türkiyədən, Gürcüstandan və Azərbaycandan fərli olaraq Ermənistandan Rusiyaya pomidor aparmaq qadağan deyil. Amma hamı bilir ki, Ermənistanda Rusiya bazarını doyduracaq qədər pomidor yoxdu.

 

Bu gün Rusiya bazarlarına gedən Türkiyə pomidoru Ermənistan üzərindən gedir. Türk iş adamlarının, məsələn, Gürcüstana satdıqları pomidoru ermənilər rahat şəkildə alıb öz ölkələrinə daşıya, oradan isə “erməni pomidoru” adı altında bəh-bəhlə Rusiyaya göndərə bilərlər... Belə olanda Türkiyə pomidoru Rusiyaya Ermənistan malı kimi gedir. Bu isə qadağan deyil. Sözsüz ki, bu biznesdə Ermənistanın da gəliri var.

 

Türkiyə malına embarqo qoyulması siyasəti yürüdən Rusiya bunu yaxşı bilir. Amma göz yumur. Birinci - ona görə ki, pomidora ehtiyacı var. Bazarı boş qoymaq olmaz. İkincisi – bu pomidorlar Rusiyaya Ermənistan üzərindən, Ermənistan malı kimi gedir və Ermənistan da bundan pul qazanır.

 

Paradoksdur. Rusiyada satılacaq Türkiyə pomidoru Ermənistana xeyir verir.

 

Məsələ ondadır ki, bu pomidor diplomatiyasını nə Putin düşünüb, nə də Ərdoğan. Bunu bir az çevik düşünə bilən iş adamları düşünüb. Amma hər iki ölkəyə sərf edir deyə hələ ki, bu diplomatiya qüvvədədir.

 

Vəssalam.
 

Bu da sizin üçün pomidor diplomatiyasının mahiyyəti. Bəzi qlobal problemlərin elə sadə həlləri olur ki…

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>