Sizin link burada

“İşimin ağır olacağını əvvəlcədən bilirdim” – Qurban Qurbanov

Milli komandamıza yenicə baş məşqçi təyin olunmuş Qurban Qurbanov Azərbaycan və Almaniya U-21 yığmaları arasındakı oyunu izləyib. O, matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Matç haqqında nə düşünürsüz?

- Demək istədiyim çox şey var, ancaq ehtiyac görmürəm. Qarşıda bir görüş yenə olacaq. Sadəcə bildirmək istəyirəm ki, istəməzdik belə oyun olsun. Amma problemlərimiz çoxdu. Xüsusən də oyunçu baxımından.

 

- Sanki meydanda mübarizə getmirdi. Siz nə gördüz, nə müşahidə etdiniz?

- Mənim fikir bildirməyim çox da düzgün olmaz. Yəqin ki, məşqçiləri bu barədə danışacaq. Hansı tapşırıq verilib, nə cür hazırlaşıblar, biz kənardan baxıb buna müdaxilə edə bilmərik. Sadəcə, kənardan baxıb problemlərin çox olduğunu gördüm.

 

- Məlumdur ki, U-21 milli komandanın əsas oyunçusu bazasıdır. Bu komanda haqqında nə deyə bilərsiz?

- Düz qeyd edirsiz, gənclər yığması əsas millinin bazası olmalıdı. Ancaq indiki halda, bu oyundan sonra nəsə demək olmaz. Gözləməliyik.

 

- Matçın gedişində bir neçə dəfə protokola baxdığınız diqqətimizi çəkdi. Bilmək olarmı təəccübünüzə nə səbəb olmuşdu?

- Elə ciddi bir şey yox idi. Meydandakı bütün oyunçuları tanıyıram, hamısının nömrəsini də bilirəm. Sadəcə bəzi məqamlar var idi ki, onları dəqiqləşdirirdim.

 

- Sizin milliyə baş məşqçi təyin olunmanızdan sonra milliyə legioner oyunçuların dəvət olunması dayanacaqmı?

- Mənim indiki halda nəsə deməyim düz olmaz. Dekabrın ortalarında mətbuat konfransı olacaq ki, orda bütün sualları cavablandıracam.

 

- Yəqin ki, bu oyundan sonra daha əmin oldunuz ki, çox ağır yükün altına girmisiz?

- Bu, bizə daha əvvəldən də məlum idi. Yeni heç nə görmədim.

 

- Matçı Elçin Rəhmanova birlikdə izlədiniz. Ola bilərmi, gələcəkdə U-21-in baş məşqçisi məhz Elçin müəllim olsun?

- (Xeyli düşünür) ...Gəlin bu barədə fikir bildirməyək. Elçin müəllim hələ ki, mənim yanımdadı.

 

- Bu qarşılaşmada nəticə, hesab elə də əhəmiyyətli deyil. Məğlubiyyət gözlənilən idi. Sadəcə sizinlə birlikdə Adil Şükürovu da gördük. Demək olarmı ki, artıq gələcək iş planınız, ssenariniz hazırdı? Vəzifələri bölüşdürmüsüz?

- Xeyr. Bu, elə də asan iş deyil. AFFA rəhbərliyi ilə oturub danışmalıyıq, müzakirə olmalıdı. Bu gün heç bir məşqçi mənə görə gəlməyib bura.

 

- Köməkçilərinizin kimliyi bəllidirmi?

- Bəzi adlar ətrafında danışmışıq. Müzakirələr gedir. Hələ ki, dəqiq qərar verməmişik.

 

- Mediada belə xəbər yayıldı ki, milli komandanın ayrıca mətbuat xidməti olmalıdır. Sizin münasibətiniz necədir buna?

- Düşünürəm ki, oyundan sonra ayaqüstü bu qədər danışmaq, detallı fikir bildirmək düzgün olmaz. Mətbuat konfransında hər şey barəsində danışarıq.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>