Sizin link burada

Dünya çempionatına Avropadan kimlər gedəcək? - OYUNLAR

Sabah DÇ-2018-in seçmə mərhələsinin pley-off oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının qrup mərhələsində 2-ci yeri tutan 8 komanda “Köhnə qitə”nin payına düşən son 4 vəsiqə uğrunda mübarizəyə start verəcək.

 

6 gün davam edəcək qarşılaşmalardan sonra Rusiyadakı mundiala vəsiqələrin sahibləri bəlli olacaq. Mübarizəyə Belfastda start veriləcək. Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparmış Şimali İrlandiya birbaşa vəsiqəni son anda əldən verən İsveçrə ilə görüşəcək. Sonuncular 12 il əvvəl də mundiala pley-offdan yollanmışdı. İsveçrəlilər bu mərhələdəki yeganə cəhdində Türkiyəni səfər qoluyla keçmişdi – 2:0, 2:4. Şimali İrlandiya isə tarixində ilk dəfə pley-offda oynayacaq.

 

İlk oyun günü Xorvatiya və Yunanıstan milliləri arasında görüşlə tamamlanacaq. Bütün cütlərdə olduğu kimi onlar da 3 gün sonra cavab matçına çıxacaq. Xorvatiya millisi pley-off mərhələləri tarixinin ən uğurlu komandasıdı. 4 dəfə bu raunda yüksələn balkanlılar DÇ-1998, AÇ-2004, AÇ-2012 və DÇ-2014-ə də bu yolla yüksəlib. Son iki mundiala pley-offdan çıxan Yunanıstan yığması da bu raundda uduzmayıb. Qalib gələn komanda DÇ-yə 3 dəfə pley-off vasitəsilə yüksələn ilk Avropa təmsilçisi olacaq.

 

Ən maraqla gözlənilən duel İtaliya və İsveç milliləri arasında keçiriləcək. Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb. Lakin DÇ-1998-in pley-offunda rusiyalılar apenninlilərlə bacarmayıb. İsveç yığması isə son iki turnirə vəsiqə uğrunda belə matçlar keçirməli olub. DÇ-2014-ə skandinaviyalıların yolunu da Portuqaliya bu raundda bağlayıb – 0:1, 2:3. AÇ-2016-ya gedən yolda isə danimarkalılar İsveç qarşısında aciz qalıb – 2:1, 2:2. Əgər sonuncular İtaliyanı dayandıra bilsə, “Skuadra Adzurra” indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

 

Sonuncu cütdə Danimarka ilə İrlandiya münasibətlərini ayırd edəcək. İlk dəfə mundialın pley-offunda oynayacaq danimarkalılar iki dəfə qitə çempionatı üçün həlledici duel həyəcanı yaşayıb. AÇ-2000-ə İsrail üzərində darmadağınla (5:0, 3:0) yüksələn şimallıları AÇ-2016-ya İsveç buraxmayıb. 16 ildən sonra mundiala yüksəlmək istəyən İrlandiya 8-ci dəfə pley-off oynamaqla Avropa rekordçusu olacaq. Bu yığma DÇ-2002, AÇ-2012 və AÇ-2016-ya bu mərhələdəki qələbə ilə yüksəlib. AÇ-1996, DÇ-1998, AÇ-2000, DÇ-2010-da isə irlandiyalıları pley-offda dayandırıblar.

 

Qeyd edək ki, bu həftə qitələrarası pley-off mərhələsi də start götürəcək. Noyabrın 10-da Honduras – Avstraliya, ertəsi gün Yeni Zelandiya – Peru qarşılaşmaları baş tutacaq. Hər iki cütdə cavab oyunu ayın 15-də keçiriləcək. Bu həftə həm də Afrika zonasında seçmə mərhələyə yekun vurulacaq və son vəsiqələr sahibini tapacaq.

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

İlk oyunlar

9 noyabr

21:00. Şimali İrlandiya - İsveçrə

23:45. Xorvatiya - Yunanıstan

10 noyabr

23:45. İsveç – İtaliya

11 noyabr

23:45. Danimarka – İrlandiya

Cavab oyunları

12 noyabr

21:00. İsveçrə - Şimali İrlandiya

23:45. Yunanıstan - Xorvatiya

13 noyabr

23:45. İtaliya - İsveç

14 noyabr

23:45. İrlandiya - Danimarka

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>