Sizin link burada

İtə qurban gedən “Artist”, “Lotu Hikmət”in “xlebniki”, ana qucağında ölüm - ÜRƏK DAĞLAYAN HEKAYƏT

 

 

Bizim uşaqlığımızın filmləri idi: “Kortik”, “Bürüncü quş”… 70-80-ci illərdə elə bir sovet uşağı ola bilməzdi ki, bu filmlərə baxmasın. Mişa Polyakov, Genka Petrov, Slava, eləcə də digər pionerlərin macəra dolu hərəkətləri, hər seriyada həyacanda saxlayan məqamlar... belə filmlər idi...

 

Hər bir sovet pioneri üçün Mişa, Genka, Slava, Byaşa az qala bütə çevrilmişdilər. Etiraf edək ki, hamımızı məhz onlara oxşamaq istəyirdik o zamanlar. Amma...

 

Amma biz azərbaycanlılarda bir “taleyi oxşamasın” deyimi də var. Hə, heç kimin ağlına da gəlməzdi ki, bütün SSRİ-nin tanıdığı, bütün sovet uşaqlarının kumirləri olan bu qəhrəmanları canlandıran uşaqların sonrakı həyatı çox uğursuz olub. Xüsusi ilə də Mişa Polyakovun, Sergey Şevkunenkonun. Elə Genka rolunun ifaçısı Vladimir Diçkovskinin də bəxti gətirməyib. Amma Şevkunenkonun yaşadıqları tam başqa hekayədir…

 

***

 

Sergey 1959-cu ildə “Mosfilm” kinostudiyasını rəhbər işçilərindən olan Yuri Şevkunenkonun ailəsində doğulmuşdu. Uşaq vaxtından dəcəlliyi ilə seçilərmiş. Hə, təkcə dəcəlliklə yox, həm də liderlik keyfiyyəti ilə. “Mosfilm”in işçiləri üçün tikilmiş binada yaşayırdılar. Məhəllədə isə Sergeyi “Şeva” və “Şef” deyə çağırırdılar. 1973-cü ildə atası onu “Kortik” filminin çəkilişi üçün elan edilmiş kastinqə aparır. Sergey dərhal Mişa Polyakov roluna təsdiq edilir. Amma filmin yaradıcılarının ağlına da gəlməzdi ki, Sergey artıq 3 aydır, milisdə qeydiyyatdadır. Şuluq uşaq kimi.

 

“Kortik” filminin çəkilişləri xeyli vaxt aparır. Bu müddətdə Sergey bir neçə dəfə çəkilişlərdən imtina etmək istəyir. Çünki saatlarla kamera qarşısında durmaq bu küçələrdən gəlmiş uşağı bezdirmişdi. Amma anası Polina Şevkunenko zülümlə onu çəkilişlərdən getməyə məcbur edir.

 

Film ekranlara çıxandan sonra Sergeyə başgicəlləndirici şöhrət gətirir. Rejissorlar dərhal ikinci serialın, əslində “Kortik”in davamı kimi “Bürünc quş”un çəkilişlərinə start verirlər. Yenə Mişa Polyakov, yenə pioner dostları bürünc quşun sirlərini çözməyə başayırlar. Bir il keçmir sovet uşaqlarına daha bir möhtəşəm film təqdim olunur.

 

Amma daha bir il keçir…

 

***

 

...Buraxılış gecəsindən qayıdan Sergey Şevçkunenko küçədə bir it görür. Bir az da kefli imiş həmin vaxt. İti sığallamağa başlayır. Bu vaxt kənardan itin sahibi çıxır. Sergeyi təhqir edir, hətta vurur. Sergey də onun cavabını verir, yumruqla çənəsini sındırır itin yiyəsinin. Amma nə biləydi ki, bu yumruq onun bütün həyatını alt-üst edəcək. Sən demə, onun vurduğu şəxs hansısa partnomenklatura işçisiymiş. O, şikayətini geri götürmür. Sergeyi attestat almamış həbsə göndərirlər.

 

Amma bir il sora azadlığa çıxır. Anası onun “Mosfilm”ə işıqçı vəzifəsinə götürülməsinə nail olur. Heç bir il keçmir, Sergey oğurluq hadisəsində ilişir. “Mosiflm”in bufetindən iki şüşə çaxır və kassadan pul oğurlayır. Bu dəfə 3 il müddətinə azadlıqdan məhrum olunur. Və bundan sonra artıq onun normal həyata qayıtması mümkün olmur.

 

1981-ci ildə onu məşhur aktrisa Zoya Fyodorovanın qətlində ittiham edirlər. Fyodorova “Kortik” filmində Mişanın nənəsi obrazını yaradıb. Amma müstəntiqlər bunu sübut edə bilmirlər. Yeri gəlmişkən, aktrisanın qətli indiyədək açılmayıb.

 

Amma bir il keçməmiş Sergey narkotik ittihamı ilə 4 il 6 ay müddətinə yenidən həbs cəzası alır. Həbsdəykən türmədən qaçmağa cəhd edir və buna görə həbs müddəti daha bir daha bir il artırılır. 1988-ci ildə həbsdən çıxanda o, artıq ikinci qrup əlil və vərəm xəstəsi idi.

 

1989-cu ildə qanunsuz silah gəzdirməyə görə yenidən həbsə düşür. Bir il həbsdə yatır. Həbsdən çıxandan sonra ikona oğurladığına görə, daha 4 il müddətinə azadlıqdan məhrum olunur.

 

Bu dəfə onu - islaholunmaz Şevkunenkonu SSRİ-nin ən qəddar həbsxanası olan “Vladimir Sentral”a göndərirlər. Burada onu əsl avtoritet kimi qarşılayırlar, ləqəb də verirlər: “Artist”.

 

Şevkunenko “Sentral”da azərbaycanlı qanuni oğru Lotu Hikmətlə bir yerdə yatıb. Həmin illərdə “Vladimir Sentral”da rejim bir az yumşalıbmış. Hikmət kimi ittifaq səviyyəli qanuni oğruların sözü keçirmiş “Sentral”da. Aralarındakı yaxşı münasibətə görə Şevkunenko kimi ipə-sapa yatmayan birinə belə rahat olub burada cəza çəkmək.

 

Həbsdən çıxan kimi isə Sergey Moskvaya qayıdır. Özünə kriminal dəstə yaradır. Və bu mütəşəkkil cinayətkar dəstə Moskvanın ən böyük küçələri sayılan Lomonosovski, Universitetskaya, Vorobyovı qorı, Mosfilmovskaya, Kosıgin, Minskaya küçələrində, bir sözlə, Moskvanın qərbində yerləşən bütün ticarət obyektlərinə haqq qoyur, reketlik edir, silsilə qətllər törədirlər. “Artist” və dəstəsi adıgedən ərazini qorxuda saxlaya bilir.

 

Amma bütün bunların bir sonu olmalıydı... və bu son 11 fevral 1995-ci ildə, gecə saat 22.30-da yetişir. Maşından düşür, mühafizəçilərini buraxır, mənzilə daxil olan kimi qəfil güllə yağışına tuş gəlir. Səs-küyə anası çıxır. Bir neçə güllə də anasına dəyir. Ana-bala qol-boyun şəkildə yerə yıxılırlar. Və bu günə  qədər də Şevkunenkonun qətlinin üstü açılmayıb...

***

 

“Kortik” və “Bürünc quş” filminin pioner qəhrəmanlarının əksərinin taleyi uğursuz olub. Məsələn, Vladimir Diçkovskinin (Genka) aktyorluq taleyi alınmayıb. Hazırda 60 yaşına çatan Vladimr yük maşını sürür.

 

Filmin rejissoru Nikolay Kalinin isə müəmmalı şəkildə dünyasını dəyişib. Filmin əsas qəhrəmanlarından olan Slava rolunun ifaçısı İqor Şuljenko 51 yaşında qəfil vəfat edir. O, ömrünün son illərinədək bənna işləyirmiş.

 

Hə, lap yaddan çıxmamış, filmdə əsas rolardan birinin, ağqvardiyaçı Nikitski obrazını isə Emanuel Vitorqan oynayıb. Bizim bakılı Vitorqan. Hazırda 78 yaşı var və hələ də teatr səhnələrindədir, Rusiyanın xalq artistidir…

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>