Sizin link burada

Ən çətin sevgi, ən gözəl xəyallar, Qurban Qurbanova mesaj - REPORTAJ

Bizi görən kimi dərhal partanın altına girir. Müəllimi səsləyir: “Pəri, ay Pəri, utanma, çıx...”

 

Ha əzizləyir, ha səsləyir, Pəri partanın altından çıxmır. Bizdən utanırmış. Müəllimi deyir, tək sizə eləmir, yad adam görən kimi gizlənir. 

 

 

Bu balaca utancaq qız daun sindromludur. Onunla bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə təşkil etdiyi mediatur zamanı tanış olduq.

 

Yeni olduğundan hələlik hamıya qaynayıb-qarışmır. Əsas müəllimi və dayəsinə alışıb. Danışmasa belə Pərinin üzü daim gülür. Mehribandır.

 

Pəri hələ də partanın altındadır. Müəllimi dilə tutur ki, ordan çıxsın. Ancaq əlindən tutandan sonra müəllimiylə birgə gizləndiyi yerdən çıxır və tutduğu əli buraxmadan özüylə çəkib divana tərəf aparır. Ayaqqabılarını soyunub, uzanır.

 

***

Bu tip məktəblərdə bəzi sinif otaqlarına divan qoyublar. Sakitləşdirici qəbul edən uşaqlar beləcə istədikləri vaxt divanda uzanıb yata bilərlər.

 

İlhamə müəllim deyir, hamının Pəridən xoşu gəlir. Çox pozitivlər. Sadəcə bir az ürkəkdir. Yad adamlara çətin adaptasiya olunur.

 

Gah uzanır, gah da qalxır. Yox, Pərinin yuxusu gəlmir. Sadəcə otaqdakı yad adama belə etiraz edir. Görünür, varlığım onu narahat edir. Qapıya doğru getdiyimi görüb ürəklənir, gəlib öz yerində əyləşir.

 

***

 

Pəridən başqa sinifdə 6 uşaq daha var. Hər birinin də öz problemi var. Məsələn, Anarla Arzu autizmli uşaqlardır. Nurtacda uşaq serebral iflicin qalığı var. Arzu ilə bacıdırlar.

 

Belə uşaqlara nəsə öyrətmək həddindən artıq səbr və təmkin istəyir. Həsənova İlhamə müəllimdə hər ikisi də var. Əks halda uşaqların və valideynlərin sevgisini qazana bilməzdi. Kimsəyə yovuşmayan Pəri onu elə ürəklə qucaqlayır ki...

 

- Tənəffüs olan kimi hamısı qucağıma qaçır.

 

 

Deyir, bu uşaqların sevgi və qayğıya daha çox ehtiyacı var. Lakin bəzən onlara nəsə öyrətmək üçün sərt olmaq da gərəklidir. Şagirdlərindən Anar haqda danışır.

 

- Anar çox çətin uşaqdır. Təzə gələndə onu yığıb-yığışdıra bilmirdik. İndi partada oturur.

 

Anarın 8 yaşı var. Autizmin ağır forması var: rett sindromu. Hazırda o sinifdə yoxdu. Başqa otaqda loqopedlə məşğul olurlar.

 

 

Anarla 2 ildir məşğul olan məktəbin loqopedi Qafarova Günel deyir, Anar təzə gələndə hər şeyi atırmış, qırıb tökürmüş. Çox aqressiv imiş.

 

- Bu gün isə o, xeyli sakitləşib. Parta arxasında sərbəst oturur, sait səsləri tanıyır, muncuğu sapa keçirir, qavrama bacarıqları inkişaf edir. Düzdür, bəzi məşğələləri etmək Anar üçün hələ də çətindir. Onda autizmin ən ağır formasıdır. Bizə sadə görünən vərdişləri bu tip uşaqlar üçün uğur hesab etmək olar.

 

Anar Gəncədən gəlib. Atası ilə anası ayrılandan sonra uşaq atanın himayəsində qalıb. Əsas sevgini ata nənəsindən görüb. Digər uşaqlardan fərqli olaraq, şanslıdır. Onun dalınca gəlib-gedən var. Uzaq yola baxmayaraq, yaşlı nənəsi də, babası da, atası da Anarı ziyarət edirlər. Tez-tez olmasa belə bayramlarda gəlir, tətil günlərində mütləq onu evə aparırlar.  

 

Pəri kimi Anar da yad adamları sevmir. G. Qafarovayla 5-10 dəqiqəlik söhbətimiz onu qıcıqlandırmağa yetir. Oyuncaqların üstündəki kağız üzlüyü soymaq istəyir. Loqoped xanım ha çalışsa da, ona mane ola bilmir. Cırdığı kağızı ağzına alıb dişlərinin arasında sıxır. Müəllimi birtəhər kağız parçasını ondan alır. 

 

Sakitləşməsi üçün otaqdan çıxırıq...

***

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi 1969-cu ildən fəaliyyət göstərir. Məktəb 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbdə 24 sinif otağı, 8 fənn kabineti və 1 informatika otağı var.

 

İnternat məktəbində gecələmək üçün 100 çarpayılıq yer var. Məktəb özü ümumilikdə 180 şagird üçün nəzərdə tutulub. Hazırda internat məktəbində 37 qız, 103 oğlan olmaqla 140 şagird təlim-tərbiyə alır. Onlardan 86-sı müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 55 pedaqoji işçi məşğul olur.

 

***

 

Amin Əsgərov 140 şagirddən biridir. 15 yaşı var. Əslən Tovuzdan olan Amin 2 ildir Bakıdadır. Yaxşı şəkillər çəksə də, idmana marağı daha çoxdur. Dostları ilə tez-tez futbol oynayır. Adətən o, qapıda durur. Qapıçıdır. Ən böyük arzusu isə bir gün “Qarabağ”ın qapısını qorumaqdır. “Qarabağ”dan, onun sonuncu oyunlarından ağız dolusu danışır. Fürsətdən istifadə edib Qurban Qurbanova mesaj da göndərir: 

 

- Qurban müəllim, istəyirəm böyüyəndə  “Qarabağ” komandasının qapıçısı olum. “Zamen”də də olsam, qapıçısı olum.

 

 

Amin körpə olanda atası atıb gedib. Onu nənəsi böyüdüb. Artıq nənəsi də rəhmətə gedib. Anası həm maddi, həm də sağlığı ilə əlaqədar Bakıya tez-tez gəlib gedə bilmir. Bu səbəbdən də Amin anası, doğma rayonu - evi, dostları üçün çox darıxır.

 

- Nənəmdən sonra ikinci ən çox anamı istəyirəm. Bakıya gələndə anama söz vermişəm ki, zəhmətini, ürəyindəki arzuları puç etməyəcəm. Attestat alacağam!

 

Amin əvvəl jurnalist olmaq istəyib. Düzü düz, əyrini-əyri göstərəcəkmiş. Sonra jurnalistikanın onun üçün çətin olacağını düşünüb, polis olmaq xəyallarına dalıb. Zamanla bu arzusunun da reallaşmayacağına inanıb və qapıçılığı seçib. “Qarabağ”ın Avropa Çempionatındakı uğurları onun bu arzusunu daha da alovlandırıb. Nə deyək? Bizə də ona uğur diləmək qalır.

 

- İnşallah, bir gün səni “Qarabağ”ın heyətində görərik.

 

Amin! Amin! Amin!

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>