Sizin link burada

Gələcək elm

GƏLƏCƏK – hələlik baş verməyən, amma baş verəcək hadisələrin çoxluğu, elm gələcəyi yaradan  nəticələrin səbəbidir.  Biz elm və gələcək haqqında nə qədər mülahizə yürütsək də tam təfərrüat alınmayacaq. Çünki elm bütün zamanların qarşında duran çağırışların həllərini təklif edib.

 

Və... bu gün bəşəriyyətin qarşısında duran çağırışlar daha mürəkkəbdir: qlobal təhlükələri önləmək, süni intellektin yaratdığı  yeni imkanlara ayaq uydurmaq  biz insanlara təkcə yeni şanslar deyil, həm də “homo informatikus”dan  gələcəyin yaratdığı şoklara elmi immunitetlə cavab vermək  bacarığı istəyir.

 

Bacaracağıqmı?...  Şübhəsiz ki, elm bütün dövrlərdə insanı gələcəyə bağlayan, aparan ən mükəmməl bünövrə olub. Bunu Aristotel də, Fərabi də, Russo da, Eynşteyn də, günümüzdə süni intellektlə xarüqələr yaradan Elon Mask da deyir.

   

Ötən həftənin elm-təhsil gündəmini Bakıda keçirilən innovasiya ekosisteminin qurulmasına həsr olunmuş beynəlxalq seminarı yaratdı. Təhsil Nazirliyinin təşkilatçılığı və Bakı Mühəndislik Universitetinin ev sahibliyi ilə baş tutan seminarda 3 gün ərzində rəsmilər, tələbələr, tədqiqatçılar, təhsil idarəedənləri dünyanın elm, təhsil nəhəngləri olan Stenford,  Berkli universitetlərinin  spikerlərinin məruzələrində, çıxışlarda innovasiya, startap, vençur  kapitalı, sahibkar universiteti, kreativ iqtisadiyyat mövzusunda  yeni çağırışlarla tanış oldular, fikir mübadiləsi apardılar.  Yaxşı xəbər budur ki, son 3 il ərzində  Təhsil Nazirliyinin digər həmkar qurumlarla  birgə  təşkil etdiyi və elm-təhsil vəhdətini ifadə edən  çoxsaylı tədbirlər seriyası öz keyfiyyət miqyası ilə yeni üfüqlər açır. Məsələn, 2015-ci ildə Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin əqli mülkiyyət və elm departamenti (Clarivate Analytics) arasında bağlanmış müqavilə əsasında ölkəmizin 40 ali təhsil müəssisəsi “Thomson Reuters Web of Science®” elmi platformasına çıxış əldə edib. Bu inqilabi yenilikdir və nəticəsi də çox gözləmədi- Azərbaycan ali təhsil müəssisələrinin 2016-cı ildə impakt faktorlu jurnallarda çap olunmuş məqalələri 2015-ci illə müqayisədə 50% artaraq 384-ə çatdı. 2016-cı ildə Azərbaycan üzrə impakt faktorlu jurnallarda ümumi məqalə sayı 850 olmuşdur ki, onun da təxminən yarısı (384 məqalə) məhz ali təhsil müəssisələrinin payına düşüb.

 

Web of Science™ bazasına daxil olan nəşrlərin sayına görə ATM-lərin ilk onluğu

                                 (1996-2016-cı illər üzrə)

 

Ali Təhsil Müəssisəsinin adı

Elmi nəşrlərin sayı

Elmə nəşrlərə olan istinadların sayı

1

Baki Dövlət Universiteti

1859

5813

2

Azərbaycan Texniki Universiteti

546

1723

3

Azərbaycan Tibb Universiteti

483

1975

4

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

401

1282

5

Azərbaycan Dövlət Pedaqoji Universiteti

282

417

6

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti

140

231

7

Milli Aviasiya Akademiyası

99

60

8

Azərbaycan Dövlət İqtisad Universiteti

82

93

9

Sumqayıt Dövlət Universiteti

53

26

10

ADA Universiteti

50

79

 

 

Digər maraqlı hal ondan ibarətdir ki, 2012-ci ildə AMEA-nın ümumi nəşrlərinin sayı ATM-lərin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda ciddi yaxınlaşma müşahidə olunur. Aşağıda təqdim olunan  diaqramda bu aydın görünür.

 

Web of Science™ bazasına daxil olan nəşrlərin sayına görə AMEA və ATM-lərin müqayisəsi (2012-2016-cı illər üzrə)

 

Son illərdə Təhsil Nazirliyi elm-təhsil əməkdaşlığı ilə bağlı məqsədyönlü fəaliyyət sərgiləyir.  Startapların ali təhsil müəssisələrində yaradılması üçün təşviq, elmi laboratoriyaların yaradılması ilə bağlı fəaliyyət (məsələn, Azərbaycan-Fransız universiteti UFAZ- da yeni tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsü, texnoparkların inkişafı (Bakı Mühəndislik Universiteti nümunəsində), əqli mülkiyyətin qorunması ilə bağlı tədbirlər, elmi nəticələrin kommersiyalaşdırılması, elmi məqalələrin  beynəlxalq əhəmiyyətli  jurnallarda dərc olunması ilə bağlı aparılan sistemli iş) bunu demək üçün əsas verir.  Doğrudur, hələ universitetlərdə elm-sənaye əməkdaşlığının səviyyəsi, ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi, elmi  infrastrukturun imkanları, professor-müəllim heyətinin elmi fəaliyyətə marağının artırılması hələlik arzuolunan olmasa da, ancaq gələcək üçün bünövrəsi qoyulan bir çox uğurlu startlar var. Məsələn, ölkələrin elmi reytinqlərinin əsas göstəricilərindən  biri olan elmi dərclərin son illərdəki keyfiyyət dinamikası bizi sevindirir.  Bunu aşağıdakı  diaqramdan görə bilərik.

 

Web of Science™ bazasından istifadə aktivliyinin dinamikası (ölkə üzrə) (2016-2017-ci illər)

 

Qeyd: Ümumi Azərbaycan üzrə Web of Science elmi bazasından istifadə aktivliyinin dinamikası pozitivdir. Belə ki, 2016-ci illə müqayisədə 2017-ci ildə (il hələ başa çatmayıb) ümumilikdə ölkə üzrə platformaya daxilolmaların sayı 75 % (1.75 dəfə) artmış və 60.000 klik sayına çatmışdır.

 

P.S. Zamanın çağırışı budur: Elm indi əvvəllər olduğundan daha çox lazımdır.Yeri gəlmişkən, bu gün Bakı Dövlət Universitetində 18 ali təhsil müəssisəsindən və AMEA-dan 400-ə yaxın  tezisin təqdim olunduğu doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı öz işinə başlayır.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>