Sizin link burada

Sabiq deputat yenidən MƏHKƏMƏ QARŞISINDA

Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə  təqsirləndirilən şəxsin anket məlumatları  dəqiqləşdirilib.

 

 

Daha sonra D.Xəlilovun vəkili Elvin Səlimov və digər təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlə çıxış ediblər.

 

Onlar məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyiblər.

 

Vəsatət təmin edilməyib.

 

Hakim bildirib ki, həmin vəsatətə lüzum yarandığı təqdirdə məhkəmə baxışı zamanı yenidən baxılacaq.

 

Məhkəmənin növbəti iclası oktyabın 31-nə təyin edilib.

 

 

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

 

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

 

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödənilməsinə yönəldilib.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>