Sizin link burada

Nəsimi Paşayev: “İndi ora uçub-dağılıb... heç kimi buraxmırlar...” – MÜSAHİBƏ

Adətən ona metrodakı problemlərlə bağlı suallar veririk. Bu dəfə isə məktəb illərindən danışacaqdıq. Müsahibə almaq istədiyimi deyincə, ilk reaksiyası belə oldu: “Məktəbə nə olub ki?!” Beləliklə, Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, jurnalistlərin sevimlisi Nəsimi Paşayevdir.

 

1981-ci ildə Yevlax Rayon Xaldan kənd kompleks orta məktəbinə gedib. 6 yaşında.

 

- 6 yaşında məktəbə gedəndə dedilər, sizi birinci sinfə qəbul etmirik. Eksperiment sinif açdılar - hazırlıq, bizi ora qəbul etdilər. O illərdən yadımda körpə uşaq qalıb. Çantasız məktəbə gedən. 1981-ci ildə Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasının bir blokunun açılışı vardı. Rəhmətlik Heydər Əliyev Mingəçevirə gedəndə bizim kəndimizə də gəlmişdi. Bizim kənd məktəbimiz nəinki Azərbaycanın, hətta SSRİ-nin ən tanınmış məktəbi idi. Sinifdə 26 uşaq oxuyurdusa, onlardan 24-ü ali məktəbə qəbul olurdu. Məktəbimizin heyvandarlıq, quşçuluq ferması, limon, ərik, nar və qovaq ağaclarından ibarət bağı, tədris-istehsalat kombinatı vardı. Həftədə bir gün biz kombinatda dərs keçirdik. Orada oğlanlara elektronika, sürücülük, qızlara dərzilik, heyvandarlıq öyrədilirdi. Sonra məktəbimizin mini zooparkı vardı. İçində tovuzquşu belə yaşayırdı. Ayrıca istixanamız belə mövcud idi. Xiyar, pomidor yetişdirirdik. Məktəbimizin futbol, voleybol komandaları respublika üzrə məktəblərarası yarışmalarda 1-2-ci yerləri qazanırdı. Üzgüçülük hovuzumuz vardı. Məktəbimizin qurucusu, həm də direktoru Zahid Şöyubov təhsilə həddindən artıq önəm verən insan idi. Ayrıca bir sahə ayrılmışdı. Böyük siniflər qovaq ağaclarından qələm kəsib əkirdilər. Onlar böyüyəndə nisbətən kiçik siniflər ağacların alağını təmizləyirdilər. Şirvan kanalının kənarında yaşıllaşdırma sahəsi vardı. O vaxt qayda vardı ki, kanal çəkilibsə, ətrafına ağac əkilməlidir. 1 ildən sonra o ağaclar böyüyəndə məktəb onları yaşıllaşdırma idarəsinə satırdı. Satışdan gələn pul məktəbin büdcəsinə yığılırdı. Qarabağ müharibəsi başlayanda tək bizim məktəbin büdcəsindən neçə milyon cəbhəyə pul ayrıldı. Xaricdən Azərbaycana qonaq gələndə respublikada gəzəcəyi yerlər arasında mütləq bizim məktəb də vardı. 15 respublikanın qabaqcıl məktəbləri ilə əməkdaşlıq edirdik. Ukraynanın Boqdanovka kənd məktəbi ilə 30 il dostluq etmişik. Bir il yayda bizim uşaqlar bir aylıq ora gedirdilər, növbəti il onlar bizə gəlirdilər. 86-cı ildə mən Boqdanovkada qalmışam. Pioner düşərgəsində qalırdıq, çuğundur əkirdik.

 

 

Məktəblərindən ürək dolusu danışır və bu gün o məktəbdən əsər-əlamət qalmadığını təəssüflə qeyd edir.

 

İlk dərs gününü yaxşı xatırlamasa da, ilk müəllimini yaxşı xatırlayır.

 

- Etibar müəllim qonşu kənddə yaşayırdı. Ona baş çəkə bilmirəm deyə özümü çox qınayıram. 10-15 ildir onu görmürəm, amma siması, hərəkətləri bu dəqiqə də gözümün qabağındadır. Bizə oxumağı, məktəbi sevdirən, bəlkə də ilk tərbiyəni verən o müəllim olub. Çalışacam ki, bu dəfə rayona gedəndə mütləq ona baş çəkim.

 

Sevimli müəllimini soruşanda bir az duruxur, sonra...

 

- Böyük əksəriyyətini sevmişəm. Elə bir müəllim xatırlamıram ki, haqqında “pisdi” deyəm. Məktəbi bitirəndən sonra müəllimlərimi daha çox sevdim. Məktəb vaxtı səni döyən müəllimə pis gözlə baxa bilərsən, amma məktəbi bitirəndən sonra görürsən ki, yox, onlar yaxşı müəllim olub. Sinif rəhbərimiz Amaliya müəllim vardı. Bizə əzab versə də, çox istəyirdik. Sonra fizika müəllimimiz vardı - Rəna müəllim. Allah rəhmət eləsin, həm də sinif yoldaşımızın anası idi. Əlində taxta gəzdirərdi. Bizi o qədər döyərdi ki... Bir dəfə dərsə təzə jaket geyib getmişdim. Dedi, Nəsimi, dur, dərsi danış. Dərsə hazırlıqsız gəlmişdim. Dedi, dünən sənə təzə jaket alıblar, sən sevindiyindən dərsini oxumayıbsan. Dedi, axşam sevindiyindən qışqırırdın. Eyvana çıxıb qışqırmışdım. Həm də qonşu idik deyə səsimi eşitmişdi.

 

- Döyülmək dediniz, ümumiyyətlə, çox döyülmüsünüz?

 

- O qədər! Bir dəfə tənəffüsdə sinif yoldaşımla dalaşdıq. Mənim valideynlərim uzaqda idilər deyə sinif rəhbərimiz dalaşdığım oğlanın atasını çağırdı. Məktəbdə idman dərsi keçirdi. Dedi, uşağın dəcəllik edib. İkimiz də ayaq üstə dayanmışdıq. Gəldi sinfə, oğlunu döydü. Mən yanında rahat dayanmışam ki, məni döyməz. Birdən ayağını bir addım mən tərəfə qoyub, üzümə sillə vurdu 3 metr dala yıxıldım. Və mən bunu evdə deyə bilməzdim ki, bəs Fəxrəddin müəllim məni döydü. Müəllimlər bizi işgəncə vermək üçün yox, tərbiyələndirmək üçün döyərdilər. Fərq bundadır. Heç vaxt evdə deyə bilməzdim ki, Mahniyar müəllim məni döydü. Kimya dərsi keçirdi. Evdə desəydim, deyəcəkdilər, niyə? Deməsəm, eyvandan çağırıb soruşacaqdılar. O da qonşumuz idi. Rəhmətlik anam bizi o qədər döyüb ki... İşdən gələndə soruşurdu, dərsinizi oxumusunuz? Kim dərsini bilməsə, döyürdü. Başımızı aynabəndin kənarındakı taxtaya o qədər vurub... Yaxşı ki, vurub. O döyülmək bizə tərbiyə verib. Amma bu danışdıqlarım kimlər üçünsə nümunə olmasın. Döymək çıxış yolu deyil. Övladlarımı vurmuram. Mənə görə, döymək tərbiyə metodu deyil.

 

- O dövrdə döyülən uşaq tərbiyəli olurdu, bu dövrdə döyülən uşaq tərbiyəsiz olur. Nə dəyişib?

 

- Vallah, bilmirəm. “Biz elə bilirdik müəllim yemək yemir, siqaret çəkmir” – deyən adam bu gün uşaqdan rüşvət alır, uşaqdan siqaret alır. Uşağa deyir, get mənə araq al, içim. Əslində fərq bundadır. Heç olmasa, öz gördüyünü, dediyini tətbiq etsəydi, bugünkü vəziyyət olmazdı. Söhbət bütün müəllimlərdən getmir, çox gözəl müəllimlərimiz də var, bayaq dediyim kimilər də. Bir məktəb direktoru var, əməkdar müəllim adını da alıb, amma müəllimliyə yaramır.

 

- Söhbət hansı məktəbdən gedir?

 

- Kənddəki. Qapı bir qonşumuzdur, bunu oxuyub sabah mənə nəsə də deyə bilər. Xaldan kənd kompleks orta məktəb bugünkü səviyyəyə düşəcək məktəb deyildi. Bu gün orda uşaqlar məktəbə getmirsə, dərslərini oxumursa, ən böyük səbəbkarlardan biri məktəbin direktorudur. Məktəbi necə idarə edirsə, şagirdlər də onu o cür mənimsəyir. Heç kim deməsin ki, təhsil sistemi bərbaddır-filan. Məktəbi idarə edən direktordur. İşinə nə qədər vicdanla yanaşsa, o məktəbi nə qədər çox idarə etsə, effekt almaq olar. Bu gün elə məktəblər var, valideynlər uşaqlarını ancaq ora göndərmək istəyirlər. Deməli, bunu etmək mümkündür. Məktəbimiz ağlamalı vəziyyətdədir. Hər dəfə o məktəbə girib-çıxanda ağlamağım gəlir. Respublikaya IBM kompüterləri gəlmişdi. Nümunəvi məktəb kimi bizə göndərmişdilər. Bakının əksər məktəblərində, dövlət idarələrində kompüter olmayanda, mən 80-ci illərdə kompüter görmüşəm. İndi həmin kompüterlər yığılıb bir küncə atılıb, məktəbdə kompüter yoxdu. Məktəbimiz təmir olunmur. Ötən il yayda məktəbə getmişdim, Şahin müəllimlə görüşdüm. Dedim, Şahin müəllim, bizim edə biləcəyimiz nəsə varsa, deyin, edək. Məktub yazaq, müraciət edək. Dövlət bu qədər məktəb təmiz etdirib. Faktdır ki, hər il nə qədər məktəb yenidən qurulur. Niyə bizim məktəb təmir olunmur?! Məktəbə girirsən, uçur-dağılır, böyük ərazini bağlayıblar, kimsəni ora buraxmırlar, siniflər pis gündədir. Uşaqlar dərsdə kurtkada oturur. Hələ 70-ci illərdə bizim məktəbin qazanxanası vardı. İndi uşaqlar sinfi isitməyə odun tapmırlar. Həmin qazanxananı təzədən işə salmaq olar. Bizim məktəb adi məktəb deyil. SSRİ üzrə məşhur məktəbdən gedir söhbət. Dedi, yox, narahat olmayın, siz heç bir iş görməyin, məktəb bu il təmir olunacaq. Dərslər başlayanda başa düşdüm ki, aldadıb məni. İstəsə də, istəməsə də, məni aldatmış oldu. Vicdanən özümü narahat hiss edirəm. Ən azından məktəbimizin təmiri üçün kimlərləsə danışa bilərdim. Ən azından nə vaxt təmir olunacağını öyrənə bilərdim. O cür məktəb diqqətdən kənarda qalmamalı idi. Bağlarımızda heyvan otarırlar. Baxımsızlıqdan ağaclar quruyub. Məktəbimizin internatı vardı. Məktəbimiz 11 illik olduğundan qonşu kəndlərin 9 illik məktəblərindən oxumaq üçün uşaqlar bizim məktəbə gələrdilər. Əsasən də Şəkinin yaxın kəndlərindən. Həmin uşaqlar internatda qalırdılar. Birinci gün gəlirdilər, həftənin altıncı günü gedirdilər. Məktəbin hesabına gündə 3 dəfə qidalanırdılar. Daha sonra internatın ikinci mərtəbəsini musiqi məktəbi etdilər. Təhsil Nazirliyinin musiqi məktəbindən əlavə məktəbimizin özünün musiqi məktəbi oldu. Məktəbin uşaq bağçası vardı. 4 yaşından uşaqları qəbul edirdi, məktəbə hazırlayırdı. Uşaqlar bağçada pulsuz-parasız qidalanırdı. Məktəbin ərazisində bunların hamısının ayrıca binası vardı. Kənar rayonlardan təyinatla bizim məktəbə gələn gənc müəllimlərin qalması üçün 8 mənzilli bina vardı.

 

- Məktəb illərində ən yaxın dostunuz kim olub?

 

- Cabbarov Seymur. Kənddə yaşayır. Əslində çox olub. Samir, Sənan, Manaf, qonşu kənddən Zaman vardı. Sonra sizin də tanıdığınız Bəşarətlə (Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri – red.) paralel siniflərdə oxumuşuq. Onların məktəbi 8 illik idi. Bizim məktəbə sonradan gəlmişdi. Yuxarıda dediyim internatdan faydalanan şagirdlərdən biri də Bəşarət olub.

 

- Onda dostlarınız arasında ən çox görüşdüyünüz Bəşarət müəllim olar.

 

- Bakıda yaşamağımıza baxmayaraq, xeyli vaxtdır görüşmürük.

 

“Bəşarəti axırıncı dəfə nə vaxt görmüşəm?”- özünə sual verir və cavabını tapa bilmir.

 

- Bakıda yaşayan bir neçə sinif yoldaşım var. Onları da çoxdandı görmürəm. Yaxşı yadıma saldınız, gərək bir görüş təşkil edim. Atam kənddə yaşayır. İmkan olduqca, ona baş çəkirəm. Hər dəfə sinif yoldaşlarımı da görürəm. Kəndəkilərlə daha tez-tez görüşürəm, nəinki Bakıdakılar ilə.

 

- Sinif yoldaşlarla görüşəndə adətən mövzu məktəb olur. Bəs, siz görüşlərdə məktəb illərində yaşanmış hansı xatirənizi danışıb gülürsünüz?

 

- Bayaq dediyim Şahin müəllim o vaxt bizə tarix dərsi deyirdi. Həftənin altıncı günün altıncı saat onun dərsi vardı. Sinfimizdə 6-7 nəfər kənar kəndlərdən gəlirdi. Onlar evə tez getsin deyə, bəzən axırıncı dərsə qalmırdılar. Qızlar da sinfimizi təmizləmək adıyla icazə alırdılar. Yerdə qalan oğlanlar da dərsə girmək istəmirdi. Şahin müəllimə deyirdik, müəllim, biz gedək? Deyirdi, gedin, amma elə edin ki, guya mənim xəbərim yoxdu. Biz də gedirdik. Samirin atası - rəhmətlik Yusif müəllim həm riyaziyyat müəllimimiz idi, həm də “zavuç” idi. Samir evə gedən kimi atası soruşub ki, ay bala, niyə tez gəlmisən? O da deyib, Şahin müəllim dərsə gəlməmişdi, dərsimiz boş idi. 1 belə, 2 belə, axırda Yusif müəllim gəlib Şahin müəllimdən maraqlanır. O da deyir, yox, mən gəldim, onlar dərsdən qaçmışdılar. Bu bizə pis təsir etdi. 2-3 həftə sonra yenə getdik Şahin müəllimin yanına ki, bəs biz getmək istəyirik. Yenə dedi, gedin, amma mənim xəbərim yoxdu. Razılaşdıq, amma getmədik. Zəng içəri vurulanda Şahin müəllim elə bildi biz getmişik, o da sakitcə çıxıb getdi evinə. Biz də məktəbdə qəşəng səs-küy saldıq, xoşbəxtlikdən Yusif müəllim də məktəbdə idi. Gəldi ki, siz nə edirsiniz? Dedik, Şahin müəllim dərsə gəlməyib, dərsimiz boşdu. Sonra da siz bizi danlayırsınız ki, dərsdən qaçmışıq. (Gülür) Bununla da məsələni həll etdik.

 

Bir qədər fikrə gedir.

 

- O dövr tamamilə başqa idi. Hər səhər dərs başlamazdan məktəbin həyətində toplantı olardı. Məktəbin direktorunun sözü varsa, sözünü deyərdi. 1992-ci ildə ilk dəfə Türkiyə ali məktəblərinə test üsulu ilə qəbul imtahanı keçiriləndə mən və məktəbdən bir neçə uşaq qəbul olmuşduq. Direktor bizi həmin toplantıda hamının önündə təbrik etdi və o vaxtın pulu ilə 1000 rubl pul mükafatı vermişdi. Bizim Türkiyəyə getmək xərcimiz 1100 rubl idi.

 

Deyir, altıncı sinifdə oxuyanda dostu Seymurla özlərindən 3 yaş böyük qızı sevirmiş.

 

- Dostum Seymurun birgə qızların dalınca gedib-gəlirdik. Uşaq idik. Ciddi sevgim olmayıb.

 

“Olsa da, demərəm axı, axşam evə gedəcəyəm”, - zarafatla cavablayır. Gülürük.

 

***

 

Adətən məktəb illəriylə bağlı müsahibəni son zənglə yekunlaşdırırıq. Nəsimi Paşayevin son zəngi ağrılı ilə düşüb. Xocalı faciəsinin baş verdiyi ilə. Ona qədər məktəbdə son zəng təmtəraqlı qeyd olunarmış, lakin 1992-ci ildə məktəb matəmlə əlaqədar son zəngi qeyd etməyib... 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>