Sizin link burada

Türkiyədə prezidentlərin iştirakı ilə D-8 sammiti başlayıb - FOTO

Türkiyənin İstanbul şəhərində islam ölkələri arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək məqsədilə 1997-ci ildə yaradılmış D-8 ölkələri dövlət başçılarının zirvə toplantısı başlayıb.
 
APA-nın məlumatına görə, zirvə toplantısında D-8 təşkilatına müşahidəçi qismində üzv olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edir.
 
Toplantının açılışında çıxış edən D-8 təşkilatının dönəm sədri, Pakistanın baş naziri Şahid Xaqan Abbasi üzv ölkələr arasındakı iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün bundan sonra daha qəti addımlar atılmasının lüzumunu vurğulayıb. Kuala-Lumpurdakı zirvə toplantısında qarşıya qoyduqları məqsədlərə çata bilmədiklərinə diqqəti cəlb edən Şahid Xaqan Abbasi bildirib ki, İX zirvə toplantısında qarşılıqlı mənafeyin və əməkdaşlığın önəmi vurğulanacaq, iqtisadi əlaqələrin mövcud durumu və inkişafı müzakirə ediləcək: “Bundan sonrakı dönəmdə əməkdaşlığımızın sürətini artırmaq məcburiyyətindəyik”. Baş nazir Abbasi üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün özəl sektorun önündəki əngəllərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Sədrliyi Türkiyəyə təhvil verməkdən məmnun olduqlarını söyləyən Şahid Xaqan Abbasi bundan sonra D-8 təşkilatının fəaliyyətinə Pakistanın hər cür dəstəyi verəcəyini deyib.
 
Sonra çıxış edən Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan 1997-ci ildə təşkilat qurularkən dünyada mövcud olan ədalətsizliklərin yenə də davam etməsini təəssüflə qeyd edib: “Təşkilatı qurarkən müharibə yerinə sülh, münaqişə yerinə dialoq, ikili standart yerinə ədalət və inkişaf prinsiplərindən bəhs etmişdik. Müstəmləkənin yerini gəlirin ədalətli bölüşdürülməsi, təzyiqin yerini demokratiyanın tutmasını istəmişdik. İyirmi ildə gəldiyimiz nöqtədə narahatlıqlarımızda nə qədər haqlı olduğumuzu gördük”.
 
R. T. Ərdoğan Uzaq Şərqdən Orta Şərqə və Afrikaya qədər müsəlmanların məruz qaldıqları təzyiqlərdən danışıb: “Mövcud dünya sistemi bir ovuc azlıqdan başqa heç kimi xoşbəxt etmir. Bu qədər istehsalın, bu qədər zənginliyin olduğu dünyada hələ də Afrikadakı insanların gündəlik ehtiyacları təmin olunmur”.
 
D-8 təşkilatı yaradılarkən üzv ölkələr arasında adam başına düşən milli gəlirin ortalama 1820 dollar olduğunu xatırladan Türkiyə prezidenti, hazırda bu rəqəmin 4500 dollara çatdığını, ancaq bunun daha da yüksəldilməsi üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Prezident Ərdoğan hazırda D-8 ölkələri arasında 100 milyard dollar olan ticarət dövriyyəsinin gələcəkdə 500 milyard dollara çıxarılmasının əsas hədəfləri olduğunu deyib. Təşkilata yeni üzvlər qəbul etməkdən çəkinməmək lazım olduğuna diqqəti cəlb edən R. T. Ərdoğan təşkilatın toplantılarında qərarların yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilməsinin işlərin daha sürətlə görülməsinə səbəb olacağını söyləyib: “Hamımız D-8-ə sahib çıxmalı, təşkilatın daha məhsuldar işləməsi üçün daha çox zəhmət çəkməliyik”.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>