Sizin link burada

Azərbaycanın gizli silahı

 

 

“Qarabağ”ın “Atletiko” ilə heç-heçəsi hamımızı sevindirdi. Amma son günlərin ən aktual Qarabağ mövzusu, sözsüz ki, Cenevrə görüşü və bu görüşdən sonra yarana biləcək situasiyadır.

 

Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağın Azərbaycandan kənarda mövcudluğunun münaqişə üçün yeganə həll variantı olduğu barədə dediklərini artıq hamı bilir. Əslində, Sarkisyan yeni söz deməyib. Sadəcə, bir az ritorikanı dəyişib. Amma fikirlər yeni olmasa da onun bu ritorikasından sonra diqqətlər yenidən Azərbaycan Silahlı Qüvvələrinə yönəldi. Hamı müharibə istəyir.

 

Amma bu o demək deyil ki, Sarkisyanın bəyanatından sonra müdafiə naziri Zakir Həsənov Qarabağda müharibəyə başlamalıdır. Ən azı ona görə ki, indiki halda müharibə münaqişənin həlli demək deyil.

 

Azərbaycan bu gün müharibəyə başlayacağı halda ehtimal oluna biləcək variantlar belə ola bilər:

 

  • Bütün cəbhə boyu irimiqyaslı, ildırımsürətli hücum (Blits-kriq)
  • Lokal və yorucu əməliyyatlar (Partizan müharibəsi)
  • Mərkəzi istiqamətdən Xankəndinə qədər ildırımsürətli hücum və Şuşaya desant çıxarılması
  • Cənub istiqamətindən Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması üçün hücum

 

Bu variantların hər birinin doğru və ya yanlış olması müzakirə oluna bilər. Amma bu variantların heç biri son nöqtəni qoymaq üçün yetərli olmaya bilər. Əgər Azərbaycan hər hansı bir variantda hərbi əməliyyatlara başlasa, müharibənin münaqişəni həll etməsi üçün aşağıdakı ssenarilərdən biri ilə davranmalıdır:

 

Birincisi – Dağlıq Qarabağda etnik təmizləmə aparmaqla ərazi bütövlüyünü təmin etmək.

 

İkincisi – Azad olunmuş ərazilərdəki erməni vətəndaşların təhlükəsizliyini təmin etmək.

 

Bu ssenarilər ancaq Cənub istiqamətindən hücum reallaşacağı təqdirdə aktual olmaya bilər. Amma bu halda da Rusiyanın dəstəyi ilə Ermənistandan ola biləcək təzyiqlər uzunmüddətli dağıdıcı müharibəyə çevrilə bilər.

 

Yuxarıdakı ssenarilərin hansı indiki şəraitdə daha məqbuldur sualının cavabı çox çətindir.

Rəsmi Bakı etnik təmizləmə aparıb və bunun arxasında dayanacaq rıçaqlara malik deyil. Sözsüz ki, indi belə bir addımı atmaq iqtidarında olan güc mərkəzləri var. Amma Azərbaycanın belə bir addımı bu güc mərkəzlərinin heç biri tərəfdən dəstəklənməyəcək.

İkinci ssenaridə Dağlıq Qarabağın bütün ərazisində erməni millətindən olan vətəndaşların təhlükəsizliyini təmin etmək imkanları məhduddur. Əvvəla, bu miqyası əhatə etmək üçün güc strukturlarının imkanları məhduddur; ikincisi, Azərbaycan cəmiyyəti buna hazır deyil.

 

Məhz bu şəraitdə Azərbaycanın müharibəyə başlaması məqbul hesab oluna bilməz.

Sözsüz ki, bu şəraitdə Ermənistanın iqtisadi təcrid siyasəti bir qədər də sərtləşdirilməli, Türkiyə, İran və Gürcüstandan bu siyasətin şərtlərinə uyğun davranış tələb olunmalıdır.

 

Eyni zamanda Azərbaycan informasiya müharibəsində daha ciddi və daha peşəkar addımlar atmalıdır. Bunun üçün əldə olan imkanlardan istifadə olunmalıdır.

Unutmayaq ki, əlimizdə “Qarabağ” kimi “gizli silah” var.

 

Doğrudur, bu “silahın” qurucusu hazırda düşmən əlindədir, lakin Qurban Qurbanov kimi bir “mühəndis” onu işlək və çox möhtəşəm bir informasiya silahına çevirə bilib. Sadəcə, bu informasiya silahından istifadə üçün peşəkarlara şərait yaradılmalıdır.

 

İşğal altında olan bir şəhərin komandasının Çempionlar Liqasında çıxışı və “Atletiko” kimi bir komandanın planlarını 10 nəfərlə alt-üst eləməsi, sözsüz ki, müəyyən təbliğat imkanları yaradacaq amillərdir.

 

Müharibə çağırışlarındansa “gizli silah”dan istifadə barədə düşünmək lazımdı...

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>