Sizin link burada

“Yeni romanslar” müsabiqəsinin qalibləri təltif olundu

 

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən “Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbirdə kanalın direktoru, müsabiqənin təşəbbüskarı Ramil Qasımov və əməkdar incəsənət xadimi Elnarə Dadaşova çıxış edərək, layihənin romans janrına, ümumiyyətlə Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıblar. “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov çıxışında həmçinin qeyd edib ki, ölkəmizdə keçirilən muğam müsabiqələri, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Musiqi Festivalı, Caz Festivalı ölkə rəhbərliyinin mədəniyyətimizə verdiyi önəmin, diqqət və qayğının əyani sübutudur. Adları çəkilən müsabiqələrdə gənclərin iştirakına hər il getdikcə daha da çox yer verilir. Ramil Qasımov həmçinin “Romans” müsabiqəsinin də keçirilməsi və gənc bəstəkarlara göstərilən diqqətin bu siyasətin bir qolu olduğunu vurğulayıb. Bütün dövlət müəssisələrində gənclərə böyük etimad, diqqət və qayğı göstərilir. Bu  müsabiqənin də keçirilməsində, gənclərə  göstərdiyi dəstəyə, yaratdıqları şəraitə görə Azərbaycan Televiziyası rəhbərliyinə təşəkkürünü bildirib. R.Qasımov bildirib ki, müsabiqədə seçilən on nəfər bəstəkarlardan səkkizi gənclərdir və bu gənclərdən dördü Azərbaycan Televiziyasında işə qəbul ediliblər. Həmçinin, həmin bəstəkarlar tərəfindən yazılan seçilmiş bu romansların Azərbaycan vokalçılarının repertuarını zənginləşdirəcəyini, romans janrına böyük töhfə verəcəyini deyib. Daha sonra həmin romanslardan ibarət konsert proqramı uğurla baş tutub.
 
 
Qeyd edək ki, bu ilin iyun ayında elan olunan “Romans janrı üzrə müsabiqə”də iştirak edən bəstəkarlar arasından on ən yaxşı əsər pul mükafatına layiq görülüb. Həmin romanslar təqdimetmə mərasiminin sonunda tanınmış vokalçılar tərəfindən tamaşaçılara təqdim olunmuş və böyük rəğbətlə qarşılanıb. “Mədəniyyət” kanalının təşkilatçılığı ilə gələcəkdə də belə layihələrin, müsabiqələrin keçirilməsi nəzərdə tutulur. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>