Sizin link burada

Qərb Rusiyanın Qarabağa girməsinin qarşısını aldı – AKTUAL ŞƏRH

 

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Görüşün nəticələri barədə müxtəlif qiymətləndirmələr oldu və olacaq. Amma bu görüşün nəticələrini qiymətləndirmədən əvvəl yaranmış situasiyanı nəzərdən keçirmək mütləq lazımdır.

 

  • Münaqişə edən tərəflər bölgəni xaraba qoyacaq qədər silah-sursat əldə edib.
  • Bölgəni hər an “qan çanağına” döndərəcək silahlar hər iki tərəfə əsasən Rusiyadan gəlib. Azərbaycan satın alıb, Ermənistan hədiyyə.
  • Rusiya münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və prezident Putinin iştirakı ilə bu təkliflərin yüksək səviyyədə müzakirəsi olub.
  • Rusiyanın təklifləri Azərbaycanın maraqlarına cavab vermir.
  • Rusiyanın fəallaşması fonunda ABŞ-dan da yeni təkliflər paketi barədə bəyanatlar səsləndi.
  • Rusiya və ABŞ arasında Qarabağ münaqişəsinə dair fikir müxtəlifliyi yaranıb.
  • ABŞ-ın əsas müttəfiqi olan Avropadan Azərbaycana təzyiqlər var.
  • Ermənistan yeni siyasi sistemə keçid ərəfəsindədir. Və Rusiya özünə sadiq qüvvələrin hakimiyyətini bu yolla uzatmaq üçün hər cür dəstək verir.
  • Həm Ermənistanda, həm də Azərbaycanda vətəndaşların qarşı tərəfə aqressiv yanaşmasını şərtləndirəcək mühit formalaşıb.

 

Bütün bunlara Rusiya-Türkiyə əməkdaşlığının ABŞ-ı qıcıqlandırmasını və İran məsələsində ABŞ-ın yeni taktikaya keçməsini əlavə etsək, mənzərə tam aydınlaşır.

 

Belə bir fonda Azərbaycan və Ermənistan prezidentləri görüşdü. Yuxarıda sadalananların mahiyyəti vaxtaşırı diqqətinizə çatdırılsa da mətləbə keçməzdən əvvəl situasiyanı bir-neçə cümlə ilə ifadə etməyə ehtiyac var.

 

Məsələ ondadır ki, 2016-cı ilin aprelinə qədər ABŞ, Rusiya və Fransanın timsalında Avropa Dağlıq Qarabağ münaqişəsində eyni platformadan çıxış edirdi. Lakin aprel reallığından sonra Rusiya situasiyaya nəzarət üçün yeni rıçaqlar əldə etmək cəhdindədir. Bu isə ABŞ və onun müttəfiqi olan Avropanı qane etmir. Məhz buna görə də Lavrov planına qarşı Hoqlandın yeni təkliflərin olduğunu ortaya atdı.

 

Və sonda prezidentlər Cenevrədə, neytral bir məkanda bir araya gəldi. Sözsüz ki, məkanın seçilməsi diplomatik bir mesaj idi.

 

İndi isə görüşdən sonra səslənən fikirlərə nəzər salaq.

 

“Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”. Bu sitat həmsədrlərin bəyanatındandır.

 

Amma bundan başqa da fikirlər səslənib. Bu fikrin müəllifi isə Serj Sarkisyandır. Görüşdən dərhal sonra Ermənistan prezidenti bildirib ki, həm o, həm də Azərbaycan prezidenti İlham Əliyev problemin həllinin sadə olmadığını yaxşı anlayırlar. Deməli, tezliklə münaqişənin həllini gözləmək yersiz olardı. 

Minsk Qrupu həmsədrlərinin bəyanatından isə bəlli olur ki, prezidentlərin görüşünü təşkil etməkdə məqsəd münaqişənin həlli yox, gərginliyin azaldılmasıdır. Gərginliyin azaldılması isə status-kvonun möhkəmlənməsi deməkdir.

 

Beləliklə, Qərb, yəni ABŞ və Avropa həm status-kvonu uzatmaq üçün şans qazandı, həm də Rusiyanın əlavə rıçaqlar əldə etməsinin, yəni de-yure Qarabağa girməsinin qarşısını aldı.

 

Əlbəttə, bütün bunlardan sonra diqqət Azərbaycan Silahlı Qüvvələrinə yönəlir. Amma bunun da öz çətinlikləri var. Nə qədər çətin də olsa etiraf etmək lazımdır ki, Azərbaycan qarşıda dayanan maneələri nəzərə almaq məcburiyyətindədir.

 

Azərbaycan ordusuna mane ola biləcək reallıqlar barədə növbəti yazıda.

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>