Sizin link burada

“Yalnışlıq aradan qaldırılıbsa, bu mövzu bağlanıb” - RƏYLƏR

 

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub. 
 

Lent.az-ın məlumatına görə, qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. Dünən isə bununla bağlı  AMEA-nın Tarix İnstitutunun müraciəti yayılıb. Qeyd olunan məsələ ilə bağlı BDU-nun professoru, Tarix elmləri doktoru Anar İsgəndərov və tanınmış jurnalist Elçin Şıxlının rəyini öyrəndik.

 

Anar Isgəndərov- BDU-nun professoru, Tarix elmləri doktoru

 

Tarix riyaziyyat deyil, bəzən belə çatışmazlıqlar olur. İndi bu, çatışmazlıqdır, ya nöqsandır, səhvdir, hər nədirsə oldu və aradan qaldırıldı. Aradan qaldırılmasa idi, bu başqa.Səhv həmin dəqiqə aradan qaldırılıbsa, onu tapana minnətdarlıq edilirsə, başqa nə olsun ? Biz bir raket buraxmamışıq ki, deyək  getdi hədəfə dəymədi, ya da bizim əraziyə düşdü, faciə törətdi. Xəritəyə gəldikdə, Dərbənddən kənarda da çoxlu xəritələr var. Yəni müxtəlif xəritələr var ki ,İranda başqa cürdür, Osmanlıda başqa, Tiflisdə başqa. Əgər bizim  o xəritədə səhv olubsa, yanlışlıq aradan qaldırılıbsa, bununla da mövzu bağlanıb. Arzulayaq ki, gələcəkdə bir də belə şeylər olmasın, hansı kitab gələcəkdə çap olunursa, onun üzərində çox dayanaq, daha məsuliyyətli olaq. O vaxtı Sovet İmperiyası var idi və hər şeyə onlar cavab verirdi. Bu gün artıq 25 ildən çoxdur ki,  müstəqil Azərbaycan dövləti var. İndi bu dəqiqə bizim məsuliyyətimiz ikiqat artmalıdır. Kimsə bir  yanlışlıq edibsə, repressiya dövrü deyil ki, əlin, ayağın kəsək, edam edək, nəslini sürgün edək! Səhv tapılıb, çox sağ olsunlar tapıblar, çalışaq yanlışlığı aradan qaldıraq. İndiki müasir texnika ilə onu aradan qaldırmağa nə var? Bu yanlışlıqlar hər bir ölkənin tarixində ola bilər. Sovet dönəmində biz Səfəvi dövlətini iki yerə ayırmışdıq. Şah Abbasa qədər olan dövr, Şah Abbasdan sonrakı dövr. İndi müstəqil Azərbaycan hələ də çalışır ki, o yanlışlığı aradan qaldırsın. Ancaq bizim də müəyyən qədər səhvlərimiz olub. O səhvə görə  heç kim edam olunmamalıdır.Sadəcə o səhvləri aradan qaldıraq və mükəmməl, obyektiv tariximizi yaradaq. İş olan yerdə nöqsan olur.

 

Elçin Şıxlı- yazar, jurnalist

 

Dərslik mühüm məsələdir. Bizim fəaliyyətimizdə çalışmaq lazımdır ki, belə səhvlər getməsin. Lakin iş varsa, səhv olur. Məsələnin belə şişirdilməsi,  zənnimcə,  doğru deyil. O ki qaldı Tarix İnstitutunun məsələnin qapadılmasından sonra rəy bildirməsinə, bu o deməkdir ki, bizim rəsmi strukturlar həddindən artıq ləng hərəkət edir. Onlar o fikri gərək bəlkə də hamıdan əvvəl bildirəydilər. Yəni bir az fikrin məğzi başqa məsələdir. Onlar bürokratik əngəlləri, yaxud da ləngliyi dəf edəndən sonra, bir sözlə, iş-işdən keçəndən sonra rəy bildirirlər. Hər şeyi çevik həll etmək lazımdır.

 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>