Sizin link burada

Vətəndaşlara pul "atan" "vəkil"ə İlhamə Quliyevanın oğlu dəstək olub? - MƏHKƏMƏ

Bakıda özünü vəkil kimi təqdim edib vətəndaşları həbsdən azad etmək adı ilə aldadıb pullarını almaqla dələduzluq etməkdə təqsirləndirilən Etibar Hüseynov və onun iş ortağı Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Prosesin davamında zərərçəkmişlərdən Zəhra Məmmədova ifadə verib.

O, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyib: “"Qardaşımın oğlu İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü idi. Biz də Etibarı Orxan vasitəsi ilə tanımışıq. Bir neçə dəfə bizə gəlib. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı. Aldığı pulların hamısını da aparıb Nabranda yeyib-içib. 11 ay bizi yola verdi. Hövsanda bağı, evi, maşını var. Satsın, mənim pulumu versin. Həmin pulu borc almışam".

Zərərçəkmiş şəxs qızının indi ev dustaqlığına buraxıldığını, lakin bu işi Etibar Hüseynovun etmədiyini deyib. Zəhra Məmmədovanın qızı Sevinc Məmmədova şahid qismində ifadə verib.

O deyib ki, 2-3 il əvvəl ticarətlə məşğul olub. Devalivasiya zamanı işləri yaxşı olmadığı üçün müştərilərdən adlığı pulları qaytara bilməyib.

Məhkəmə oktyabrın 18-də davam edəcək.

Qeyd edək ki, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Əziz Hüseynovdan 3640 manat alıb.

E.Hüseynov bundan başqa təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər.

Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat alıblar.

E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxamasını təmin edəcəyini vəd edərək Vəli Məmmədovu aldadıb.

İttihamda yazılır ki, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib.

O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Zəhra Məmmədovadan 18 600 manat alıb.

E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan Ağatahir Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>