Sizin link burada

Bizi boğan zəncir

 

 

Ötən əsrin 70-ci illərinin sonunda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsindəki narahatlıq ittifaq ideoloqlarının yuxusunu qaçırmışdı.

 

Səbəb cənubdakı müttəfiq müsəlman ölkələri ilə sərhəddə baş qaldıra biləcək radikal islam hərəkatları barədə kəşfiyyat məlumatları idi.

 

SSRİ Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Mixail Suslovun, beynəlxalq məsələlər üzrə katib Boris Ponomaryovun, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı Yuri Andropovun və müdafiə naziri marşal Dmitri Ustinovun israrlı təkidindən sonra qaban ovundan könülsüz qayıdan baş katib Leonid Brejnev SSRİ-nin cənub ölkələrində dini durumla bağlı ciddi araşdırma aparılması barədə Siyasi Büronun məxfi qərarını qəbul edir.

 

Araşdırmanın nəticəsi olaraq yalnız Azərbaycan SSR istisna olmaqla, Türkmənistan SSR, Özbəkistan SSR, Qırğızıstan SSR və Tacikistan SSR-də həqiqətən radikal dini təriqətlərin qığılcımlarının olduğu və bunun xaricdən qaynaqlanması barədə məlumatlar təsdiqini tapır.

 

Və bu proseslərin fonunda, 1979-80-ci illərdə bir-birinin ardınca iki böyük hadisə baş verir: cənub qonşusu İranda islam inqilabı qalib gəlir, SSRİ “islam xofu” ilə Əfqanıstana girir...

 

Yeri gəlmişkən, həmin illərdə məhz islama münasibətdə SSRİ rəhbərliyi “yumşalma” siyasəti elan etmişdi. Bu çərçivədə yerlərdə dini icmalar yenidən təşkilatlanır, onlara müfti və şeyxülislamlar təyin olunurdu. QMİ-nin hazırkı sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də elə 1980-ci ildə o vaxtkı Qafqaz Müsəlmanlarının Ruhani  İdarəsinə sədr seçildi.

 

Gördüyünüz kimi, hətta o vaxt Kreml də istəsə belə, Azərbaycanda mikroskopla da dini radikal element aşkarlaya bilməyib. Heç ondan əvvəlki dövrlərdə də buna rast gəlinmir. Məsələn, XIX əsrdə Şimali Qafqazda Çar Rusiyasına qarşı hərəkat islam uğrunda hərəkat kimi tövsif olunsa da, Cənubi Qafqazda Azərbaycan ərazisində bu hərəkat əvvəlcə xanlıqların siyasi müstəqillik savaşı, ardınca isə siyasi və sosial etirazlardan qaynaqlanan qaçaq hərəkatından o tərəfə keçməyib. Bu, bizim torpaqlarda Bakıxanovların, Axundovların, Zərdabilərin, Məmmədquluzadələrin, Maqomayevlərin, Hacıbəyovların, Sabirlərin və daha kimlərin intellektual inqilablar etdiyi ərəfə də idi. Və ən əsası, istər xanlıqlar vaxtı, istər qaçaqlar vaxtı, istər bolşeviklər, hətta Stalinin, Xruşovun, Brejnevin dövrlərindən ta indiyə qədər müsəlmanlar Azərbaycanda dini mərasimlərini hay-küysüz, Aşuralarını evlərində, məsciddə elə keçiriblər ki, heç yerdə heç nə heç bir şeylə toqquşmayıb. Nəinki Bakının, heç ucqar rayon mərkəzlərinin küçələri Aşura zənciri və qalxanına “susamayıb”.

 

Yaxşı, indi nə ehtiyac var bunları təkrar xatırlamağa?

 

Hörmətli müsəlman bacı və qardaşlar, buna səbəb son Aşura olaylarıdır.

Gözlədik ara səngisin, sonra məsələyə soyuq halda, zəncirsiz-filansız qayıdaq.

Son bir neçə ildir, şiə müsəlmanların imamları yad etdiyi Aşura günü sanki yeni forma alır. Ya da yeni formaya salmaq istəyirlər. Sanki həmin gün imamları yox, başqa nəyi və kimisə xatırlatmağa çalışanlar peyda olub.

 

Belə ki, indiyə qədər gözümüzün məscidlərdə, yaxud din xadimlərinin evində öyrəşdiyi aşuralar indi məscidlərə, evlərə sığmayıb küçələrdə, meydanlarda “zühur edir”. İndiyə qədər sivil mühitdə gözümüzün öyrəşdiyi məktəbləri, xəstəxanaları, parkları, prospektləri birdən-birə məscidə çevirməkdə nədir məqsəd?

 

Yeri gəlmişkən, 1993-cü ilə qədər Azərbaycanda cəmi 17 məscid vardısa, bu gün artıq 2246 məscid inşa və bərpa olunaraq, istifadəyə verilib.

 

Yəni bu gün ölkəmizdə məscidlərin sayı, aşura mərasimlərinin evlərimizə sığdığı sovet dövrü ilə müqayisədə 200 dəfə çoxdur. Bəs o zaman əli zəncirli, ələmli, xəncərli insanları küçələrə axışmağa, körpə uşaqlar üzərində 1400 il əvvəl peyğəmbər (s) nəvələrinin başına gələnləri xəncər-bıçaqla təkrarlatmağa, hələ inancı qarşısında seçim etməyə belə yaşı çatmayan körpə qızları qara çadraya bürüməyə nədir vadar edən? Yaxud, kim(lər)dir vadar edən?

 

Kim zəmanət verə bilər ki, şüuru hələ tam formalaşmamış uşaq zəncirli və xəncərli döyülmə səhnələri təsirindən sonra bu səhnələrin gerçək aludəsi, gələcəkdə isə radikal dini təriqətlərin oyuncağı, qatı cinayətkar olmayacaq?

 

Axı bizə deyirdilər ki, islam dini, onun peyğəmbəri (s), uğrunda baş yardığınız imamlar sırf elmin (özü də beşikdən qəbirə qədər), sülhün, tərəqqinin tərəfdarıdır!

 

Acı suallar bununla bitmir. Hər il müqəddəs Məhərrəm ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası idarə sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə toplanıb bu ayın, xüsusilə Aşura gününün qeyd edilməsi ilə bağlı verdiyi fətvada əzadarlığın humanist qaydaları açıqlanır. İslamın bütün sülhpərvər və humanist tərəfləri xatırladılaraq, zəncir və digər vasitələr ilə bədəndən qan çıxarılmalar pislənilir, 20 faiz torpaqlarımızın işğalı, şəhidlərimiz xatırladılaraq onların imamlarla birgə yad edilməsi, idarə tərəfindən əvvəlcədən siyahısı elan olunan məscidlərdə ehtiyacı olanlar üçün qanvermə aksiyasında iştirak etməyə çağırışlar edilir. Bu tövsiyələrin reallaşması üçün məscidlərdəki axundlara tapşırıqlar verilir. Aşura günü Şeyxülislam özü başda olmaqla QMİ-də mətbuatın iştirakı ilə qanvermə aksiyası keçirilib bir növ ictimaiyyətə bunun aşılanması üçün müsbət mesajlar verilir. Amma həmin gün idarəyə bitişik Təzəpir məscidi də daxil, Bakının və bölgələrin əksər məscidlərinin həyətlərində, inanclı insanların sıx yaşadığı küçələrdə və meydanlarda başları al qana qərq edən zəncirlər əllərdə oynayır, “xilasedici” ələmlər göydə uçuşur, aqressiv səhnələr göz qaraldır...

 

Aşuraya toplananların əməllərindən görünür ki, bizim – yəni QMİ-nin fətvası yox, kimlərinsə “fətvası”nı icra edirlər. Faciəvi “ərəb tamaşaları” Azərbaycan səhnələrini ram edir.

 

QMİ-nin nəinki Azərbaycanda, azərbaycanlılar arasında müstəsna nüfuzu hər kəsə məlumdur. Onun fətvasına əməl olunmursa, belə çıxır ki,  Aşuranı kənardan kimlərsə gəlib təşkil edir gözümüzün qabağında?

 

Halbuki bizim QMİ, onun sədri Şeyxülislamın mənəvi aləmdə nüfuzu hələ 1990-cı illərdən bizə məlumdur. Həmin il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğının ardınca yaranan xaotik durumda məhz Şeyxülislamın mənəvi liderliyi ilə xalq ayaqda durdu, şəhidlərimizi onların adlarına layiq axirətə yola saldı. Bu, əslində böyük bir yazının mövzusudur, sadəcə bunu yeni nəslə xatırlatma üçün bir misal çəkdim.

Bizi qınamayın. Həsən bəy Zərdabi nəvələriyik. Küçələrimizdə əli qəzetli, kitablı əvəzinə əli ələmli, zəncirli görəndə təlaşa düşməmək olmur.

 

Necə ki bir ara Bakının Nardaran qəsəbəsinə daxil olmaq mümkün deyildi. Olanda da sanki hansısa radikal islam dövlətinin sərt qadağalarla yaşayan bölgəsinə daxil olurdun. İndi artıq dövlət babanın hər mənada abadlaşdırdığı Nardaranda eyni dini ayinlər icra olunur, amma insanlar məhdudiyyətsiz yaşayır. Uşaqlar hökmlə dini mərasimlərə yox, seçimlə məktəbə gedirlər. Necə ki, islam peyğəmbəri Məhəmməd (s) də belə buyurub.

Sanki kimlərsə gəlib orada “qəbilə hakimliyi” qururdu, insanlar əllərindəki zəncirlə boğulurdu, insanlar azad olundular...

 

Bu gün artıq Nardaranda 5 məscid tam şəraitilə fəaliyyət göstərir, bütün məscidlərdə də icmalar qeydiyyatdan keçib. Məqsədi ibadət olanlara dövlət hətta dəstək verib.

 

Çox qəribədir ki, son iki-üç ildə belə “hakimi mütləqlik” cəhdi Azərbaycan azadlıq

tarixinin döyünən ürəyi Gəncəyə də edilir. Son Aşura olayları da elə Gəncəyə hədəflənmişdi sanki.

 

Təsəvvür edin, 1000 əvvəl 7 gözəl haqqında dastan qoşulan (Nizami Gəncəvi, “7 gözəl” poeması XII əsr), indi də Avropa gənclərinin paytaxtı elan olunan (2016-cı ildə) şəhərdə nələrə cəhd edirlər...

 

Müasir təhsil komplekslərinin, abidələşmiş milli mədəniyyət nümunələrinin fonunda, başdan-başa müasir standartlara bürünən küçə və parklarda, təsəvvür edin ki, qəflətən əli xəncərli, ələmli, zəncirli bir kütlə hər tərəfi tutub bağırır. Bunun adı nədir?

 

Gəncənin Azərbaycan tarixində oynadığı rolları özündə əks etdirən tarixi xronologiyadan yazıb bu kimlərəsə nəsə sübut etməyə çalışmayacağıq. Onsuz da onları nə Azərbaycan qəhrəmanlıq tarixinin simvolu Cavad xan, nə də şərqdə ilk demokratik respublikanın elan olunduğu şəhər fenomeni maraqlandırmayacaq.

 

Aşura adı ilə başına zəncirlə vuranın, körpəsinin başını bıçaqla yaranın bunu düşünmək imkanı olarmı?

 

Gəncə inanclılarının daimi and yeri olan İmamzadə türbəsi (Göy İmam türbəsi) dövlət başçısının 2010-cu ildən ayırdığı ümumilikdə 10 milyon manatdan çox vəsaitlə genişləndirilərək, kompleks halına gətirilib. Bir sözlə, sayca 10 dəfə çox inanclıların bu müqəddəs türbəni ziyarət etməsinə şərait yaradılıb.

 

Amma nədənsə hər il bir qrup insan şəhərdən bura rahat nəqliyyatla yox, əli xəncər və zəncirli yürüşlə gəlmək istəyirlər. Niyə? Nə üçün?

 

Tək bu deyil. Ümumiyyətlə, bu şəhərdə Şah Abbas məscidi də daxil olmaqla bütün məscidlər yenidən təmir olunaraq abadlaşdırılıb.

 

Gəncə Azərbaycanın milli və mənəvi dəyərləri adı üstündə olan mərasimlərin nümunəvi keçirildiyi şəhərdir. Məsələn, Novruz bayramının Gəncədə keçirildiyi qədər detallı, inciməyin, başqa bölgədə görməmişəm.

 

Oktyabrın 1-də ölkədə şiə müsəlmanlarının İmam Hüseyn (ə) faciəsini yad etdikləri Aşura günündə Gəncədə bir qrup insanlarla polisin toqquşması xəbəri günün əsas mahiyyətini üstələdi. Sanki kimlərəsə əslində Aşura barədə müzakirələr yox, elə bu mövzular lazımmış.

 

Şəhərdəki Şah Abbas Məscidinin axundu Hacı Rahil deyir ki, Gəncə şəhərində hər bir vətəndaşın dini etiqadına hörmətlə yanaşılır və dini ayinlərin azad şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb: “Şəhərdə Məhərrəm ayı xüsusi şəkildə qeyd edilir, vacib olan əməllər yerinə yetirilir. Bir neçə il bundan əvvəl Gəncədə Aşura günü yürüşlər təşkil edilirdi. Təəssüflə qeyd etməliyəm ki, bir qrup məkrli insanlar şəxsi mənafeləri üçün bu yürüşlərdən istifadə edirdilər, qarışıqlıq yaradırdılar. Son bir neçə ildə lazımi təbliğat və təşviqat işlərindən sonra yürüşlərə son qoyuldu. Məhərrəm ayında daha müsbət əməllər həyata keçirilir. Xeyriyyəçilik tədbirləri, qanvermə aksiyaları həyata keçirilir. Aşura günündə də səhər saatlarından etibarən insanlar şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış xüsusi yerlərə gələrək, irsi qan xəstələrinə yardım etmək məqsədilə qan veriblər” - deyə, axund bildirir.

 

Şahsevənlər məscidinin axundu Hacı Murad Əliyev isə deyir ki, Gəncə şəhərində dini ibadətə heç bir məhdudiyyət yoxdur: “Ümumiyyətlə, burada məhdudiyyət demək gülməlidir, axı bu, niyə və necə ola bilər? Aşura mərasimləri adına uyğun humanist, sakit keçirilir və biz müsəlmanların da istəyi budur. Nohələr deyilir, xütbələr oxuyur, namazlarımızı qılırıq. Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlər, şəhidliyin əsl mahiyyəti açıqlanır, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlər, Qarabağ şəhidləri, Xocalı soyqırımı yad edilir”.

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla iş şöbəsinin müdiri Əlheydər Zülfüqarov ilə söhbətimizdə isə məlum oldu ki, tarixi abidə əhəmiyyətli olanlarla birgə Gəncədə 15 məscid var, onlardan yalnız 7-si təyinatı üzrə fəaliyyət göstərir. Fəaliyyət göstərən 5 məscidin dini icması Dövlət Komitəsində qeydiyyatdan keçib: “İndiyə qədər Gəncədən qeydiyyatdan keçmək üçün müraciət edən istənilən dini icma qeydiyyata alınıb, əks cavab verilməyib”.

 

Ötəri statistikaya da göz atdıq ki, Gəncədən istər ölkə daxili istər xarici universitetlərə qəbul olanlar məsələn 2012-ci ildə sənəd verənlərin 40 %-ni təşkil edirdisə, 2016-cı ildə bu 58 %-dir.

 

Bundan da əlavə, bu şəhər Azərbaycanın istər milli təfəkkür, istərsə də elm tarixində həmişə inqilabi rol oynayıb.

 

Əlindəki zəncirlə bizi boğmaq istəyənlərin amalı, deyəsən, burda bəlli olur...

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>