Sizin link burada

60 ton yük, bağlı nömrə...- Yol polisindən XƏBƏRDARLIQ

 

DİN Baş Dövlət Yol Polisi İdarəsi müxtəlif tikinti materiallarını daşıyan yük avtomobili sürücülərinin paytaxtın Qaradağ rayonu ərazisində yerləşən DYP-nin stasionar postunda əsassız olaraq saxlanılıb incidilmələri, qaydalara əməl etdikləri halda cərimə olunmaları və ya başqa süni problemlərlə üzləşmələri barədə məlumatlara münasibət bildirib.

 

Lent.az-ın Avtosfer.az-a istinadən xəbərinə görə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, DYP bu müraciətlərdən xəbərdardır: "Lakin nədənsə bu “narazı” sürücülərdən heç birinin nə adı, nə də soyadı göstərilməyib və onlardan bir nəfər də olsun yazılı və ya şifahi şəkildə Baş DYP İdarəsinə müraciət etməyib. Görünür, həmin sürücülərin rəsmi qaydada müraciət etməmələrinin səbəbi mətbuat vasitəsilə YPX əməkdaşlarına təsir etməkdir ki, bununla da öz məqsədlərinə nail olsunlar, yəni kefləri istədikləri qaydada, istədikləri çəkidə yük daşısınlar. Əlbəttə, 40 ton əvəzinə 60 ton, bəzən daha artıq yük daşıyan belə sürücüləri asfalt örtüyünün dağılması, yolların vaxtından əvvəl sıradan çıxması və ümumilikdə, yollarda təhlükəsizlik məsələləri düşündürmür. Sözsüz ki, bu niyyətlə qabaqdangəlmişlik edərək polis əməkdaşına qara yaxmağa cəhd göstərən şəxslər nə öz məqsədlərinə çata, nə də tutduqları əmələ görə məsuliyyətdən yayına da bilməyəcəklər".

 

Kamran Əliyevin sözlərinə görə, bu anonim şikayətçilər bilməlidirlər ki, yol təhlükəsizliyinin təmin olunması naminə külli miqdarda dövlət vəsaiti hesabına tikilən yolların dağılmasına DYP əməkdaşları göz yummayacaq və buna imkan da verməyəcəklər: "Məsuliyyətə cəlb olunmamağın yeganə yolu yol hərəkəti sahəsindəki qanunvericiliyin tələblərinin yerinə yetirilməsidir. Yük avtomobillərinin sürücüləri nömrənin üstünü palçıqla süni şəkildə bağlayırlar. Bununla onlar sığortasız, eləcə də kəməri taxmadan maşın sürərkən kameraya, eləcə də sürət həddini aşdıqda radara düşmür. Bundan əlavə, həmin avtomobillərin yük tutumu 40 ton müəyyən edilsə də, 60 tondan çox yük vururlar. Beləliklə də, qayda pozmaqla yanaşı, yolları dağıdırlar və məsuliyyətdən kənarda qalmağa çalışırlar".

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>