Sizin link burada

Göydə bir ulduz var, adı Talıbdı

   

 

26 noyabrda toyum olacaqdı, il 1985. Atam dedi, payız ayında toylar çox olur, gərək gedib aşıqla indidən danışasan, beh verəsən.

 

Atam sözünü bitirməmiş anam inəyimizi eydirə-eydirə dedi: Get Vahidnən danış, əhd eləmişəm, özümüzünküdü, gərək sənin toyunda Vahid oxusun. Atam əvvəlcə dinmədi, yəhəri atın belinə atdı, quşqununu keçirdi, çəkib tapqırını bağladı, ayağının birini üzəngiyə qoyub: Qəşəmin toyunda  Vahid yox, hökmən Mövsün oxumalıdı.

 

Anam dedi,  yox, Vahid oxuyacaq.

 

Atam: O toyda Mövsüm oxumasa, çıxıb gedəcəm Urisetə.

 

Anam dedi, Vahid oxumasa, mən gedəcəm dədəmin öyünə.

 

Atam  dedi: Mövsüm.

 

Anam dedi: Vahid.

 

- Mövsüm.

 

- Vahid.

 

Sonra atam  ayağını saxladı, bildi ki, söznən iş keçməyəcək, göz eləyib məni   çağırdı pəyənin arxasına: Ala bu 50 manatı, bas Mövsümün cibinə, deynən atam dedi ki, noyabrın 26-da  toy var,  səhər tezdən ol Əliqulularda, sən oxuyacaqsan.

Anam  uzaqdan-uzağa var səsilə: Qəşəmin toyunda Mövsün yox, Vahid oxuyacaq.

Atam: Sağlıq olsun, görərik - deyib mindi ata,  nətər  dəhmərlidisə, at quş olub uçdu.

 

Bilmədim neyləyim,  bu tərəfə baxıram ana, o biri tərəfə baxıram ata. Hər halda bilirdim ki, anamın söhbəti nisyə söhbətdi,  yəni mənə beh-zad verməyib, atam  heç olmasa, 50-lik verib, ona görə üz qoydum rayona, pulu verdim Mövsümə, atamın ismarışını çatdırdım, dedim, noyabrın 26-da, saat 8-də olsun bizim qapıda.

Gəldim kəndə, qarşıma  ilk  çıxan  elə  anam oldu, Vahidə dedinmi, sən oxuyacasan?

 

- “Yox” dedim, Vahidi tapmadım, Mövsümə dedim,  50 manat da beh verdim.

Anam sərt və qəti sürətdə dedi:

- Get  bu saat, sənə deyirəm, behi Mövsümdən al, ver Vahidə. Toyda Vahid oxumalıdı, əhdim var, öz əmioğlumuzdu, qonşumuz arvadlara söz vermişəm. İndi onlara nə cavab verəcəyəm?!

 

Mən əlacsız idim, boynumu büküb anama baxırdım.

 

Anam daha real ve kövrədici notlara keçdi.

- Səni qışın qış günündə dalıma şəlləmişəm, kiçik çillədə əlim un cuvalında donub, toylara getməmişəm, gəlinlərlə bəhs eləməmişəm.

 

Anam gördü ki, başımı aşağı salıb peşmançılıq keçirirəm, ona görə daha ağlamalı notlara keçdi.

 

Sənin süd şüşəni qoynumda qızdırırdım, səhərəcən yatmırdım, iki dəfə sənə qurban dedim, atan kəsmədi, gedib öz qardaşımdan alıb gətirdim.

 

Anam  bu işdə onun tərəfində dayanmağımı istəyirdi. Nənəm də Vahidin tərəfində idi.  O  da Vahidin oxumağını qonşumuz  Bəybalanın toyunda görmüşdü, onda mən nənəmin kürəyində şəlləkdə imişəm. Nənəm and içirdi ki, Vahid oxuyanda mən ağlamağımı kəsib ona qulaq asmışam. Toyxanadan aralanan kimi  ağlamaq məni tuturmuş. Hətta Vahid özü deyib: Bu oğlanın  toyunda özüm oxuyacam.

 

Nənəm daha dəqiq faktlarla  fikrini əsaslandırdı.

- Vahid, “Sən, sən” mahnısını oxuyanda sən başladın kürəyimdə oynamağa. Vahid mahnısını oxuyanda səsini kəsdin, başladın diqqətlə qulaq asmağa. Xanpəri nənəmin süfrəsi haqqı, səni elə ordaca şirin yuxu apardı.

 

Düzü çox təsirləndim. Gedib “behi” Mövsümdən alıb verdim Vahidə. Yenə evimizdə atam, anam arasında mübahisə başladı. Atam hazırlaşdı ki, getsin  Moskvaya. Bu dəfə gedib “beh”i alıb verdim Mövsümə.  İndi də  anam hazırlaşdı ki, çıxıb getsin dədəsi evinə, yəni babamgilə. Yenidən   behi Mövsümdən alıb verdim Vahidə. Bu dəfə Vahid haqlı olaraq mənə bu sualı verdi:

 

- Qardaşoğlu, hələ sənin toyun olmayıb?

 

Məsələni kökündən həll eləmək üçün  Vahidlə Mövsüm qərara gəldilər ki,  toyumda ikisi də oxusun.

 

İndi 26 noyabr 1985- ci il. Saat 23.00. Aşıq bəyi tərifləyir, yəni məni. Mövsümün səsi Çinarların üstü ilə qanadlanırdı.

 

Göydə bir ulduz var, adı Talıbdı,

Bəyin anasında xələtimiz qalıbdı.

 

Arxasından Vahid dedi:

Bəyin atasında xələtimiz qalıbdı.

 

Axırda ikisi də xorla dedi:

Bəyin nənəsində xələtimiz qalıbdı.

 

 

Çox kövrəldim. İndi  nənəm, atam, anam həyatda yox.  İl də 2017.

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>