Sizin link burada

Bakıdakı bu unikal məkan "Ginnesin Rekordlar Kitabı"na düşüb - REPORTAJ - FOTOLENT

 

Sovet dövründə “Ümumittifaq könüllü kitabsevərlər” cəmiyyətinin sədri olan Zərifə Salahova Moskvaya ezamiyyəti zamanı kitab dükanlarından birində 23 rubla balaca bir kitab görür: “Krılovun təmsilləri - 1835-ci il nəşr”. O dövr üçün bu məbləğ heç də az pul deyildi. Bir qədər tərəddüd etsə də, kitablara olan sevgisi o kitabı aldırır. O kitab onun gələcək miniatür kitab kolleksiyasının ilk nümunəsi olur. Ondan sonra getdiyi bütün xarici ölkələrdən miniatür kitab toplamağa başlayır. Kitabların sayı 3 minə çatanda isə şəxsi muzeyini açmaq qərarına gəlir.

 

 

**

 

Dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi İçəri şəhərdə 1-ci Zamkovskiy döngəsi, 67 ünvanında yerləşir. 2002-ci ildə yaradılmış muzeyə bu günə qədər 300 mindən çox ziyarətçi baş çəkib. Bunlardan 90 minə yaxını xarici vətəndaşlardır.

 

 

Muzeydə ziyarətçi çox olduğundan bir az gözləməli olduq. Sonuncu ziyarətçi muzeydən çıxar-çıxmaz bələdçi Nataliya qapını bağlayır və bizi muzeylə tanış etməyə başlayır.

 

 

Bura dünyanın ən böyük miniatür kitab muzeyi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Muzeyin bu kitaba düşməsinin maraqlı tarixçəsi var.

 

 

Muzeyi ilk dəfə ziyarət edən turist təəccübünü gizlətmir və belə bir muzeyin dünyada tayı olmadığını deyir. Təkid edir ki, muzeyin təsisçisi Zərifə Salahova mütləq “Ginnesin Rekordlar Kitabı”na müraciət etsin. İsrarlar çoxalınca Zərifə xanım 2014-cü ildə təşkilata müraciət göndərir. Bir neçə ay sonra təşkilatdan onun ərizəsinə cavab gəlib və muzey “Ginnesin Rekordlar Kitabı”na salınıb.

 

 

Bura Zərifə Salahovanın şəxsi muzeyidir. Kolleksiyasında 8500-ən çox kitab var. Kitabların 5500-ü burada, 1055-i Naxçıvandakı filialda, 1052-si isə Gəncədəki filialda sərgilənir. 600-ə yaxın miniatür kitab Şəki üçün hazırlanır. Azərbaycana aid olan kitabları Zərifə Salahova özü çap edir.

 

 

Muzeydə ilk vitrini Azərbaycançılığı təbliğ edən miniatür kitablar bəzəyir. Eləcə də, Azərbaycanın klassik ədəbiyyatı, elm-incəsənətinə dair kitablar var.

 

“2011-ci ildə Zərifə xanım “Fidel Kastro”nuda çap etdi. Buna görə onu Kubaya da dəvət etmişdilər. Kitabların təqdimatı orada oldu” - bələçimiz danışır və vitrində Fidel Kastronun şəxsi imzası olan kitabı göstərir: “Fidel Kastronun xahişi ilə Zərifə xanım sonra Çe Qevaranın vidalaşma məktubunu da çap etdi. Prezident Raul Kastro buna görə ona təşəkkür məktubu da yazdı”.

 

 

 

Muzeydə Nizami, Nəsimi, Müşviq, Üzeyir Hacıbəyov... Rəsul Rzaya qədər onlarla müəllifin kitablar var.

 

 

Vitrinlər arasında ən maraqlısı kolleksiyanın ən kiçik kitabları - mikrokitabların yerləşdiyi rəfdir. Bu kitablar hətta xarici turistlərin üzündə belə təəccüb ifadəsi yaradır. Bu kitablar o qədər kiçikdir ki, kənardan nöqtə kimi görünür.

 

 

Mikrokitabların ən kiçiyi Yaponiyanın “Toppan” nəşriyyatında 2012-ci ildə 250 nüsxə çap edilib. 174-cü nüsxə muzeydədir. 0.75x0.75 mm ölçüsündədir. Kitabın üz və alt qabığı qoyun dərisindəndir. Vərəqləri palıd ağacındandır. “İlin dörd fəslinin rəngləri” adlı kitabın 22 səhifəsi var. Kitabda yapon, Çin və Roma simvollarından istifadə edilib. Ultra nazik dərin çapla çap olunub.

 

 

Digər 2x2 mm ölçüsündə olan 3 mikrokitab da Yaponiyada 1979-cu ildə çap olunub: “Rənglərin əlifbası”, “Qiymətli daşların simvolikası” və “Zodiak işarələri”. İngilis dilində olan hər 3 kitab 16 səhifədən ibarətdir. Hər səhifədə isə 50-100 hərf var.

 

 

Almaniyada çap olunan 3.5x3.5 mm ölçüsündə olan 4 mikrokitab 1964-cü ildə Münhendə istehsal edilib. Biri dinə aiddir, biri sevgiyə, biri olimpiadaya, sonuncusu isə azadlığa.

 

 

Bundan başqa muzeydə nadir kitablar da mövcuddur. 1815-ci ildə çap edilmiş “İllüstrasiya İngiltərə tarixi” kitabı muzeyin nadir nüsxələrindəndir. 200 yaşlı kitab İngiltərənin tarixindən bəhs edir.

 

 

“Puşkinin sağlığında” -1837, Lafontenin “Təmsillər”i - 1850, Şeksprin “Hamlet”i - 1907, “C.F. Kennedinin Andiçmə mərasimindəki çıxışı” -1964 və s. muzeydəki ən nadir kitablarındandır.

 

 

 

Dini kitabların düzüldüyü vitrin də ziyarətçilərin diqqət mərkəzindədir. Üst rəfdə müxtəlif illərdə və ölkələrdə çap edilmiş “Qurani Kərim”, aşağıda “İncil”, “Tövrat” və buddizmə aid kitablar düzülüb. Kolleksiyanın ən qədim 2 kitabı bu vitrindədir: Səudiyyə Ərəbistanda çap olunmuş və 17-ci əsrə aid “Quran” kitabları.

 

Müqəddəs Anna ilə Müqəddəs Fransiskonun bir-birinə yazdıqları məktublar Vatikanda 1540-cı ildə bir kitabda çap edilib. Kitabın xüsusi qabı və sertifikatı da var.

 

 

Çəkiliş müddətində muzeyin qapısının zəngi susmur. Zəngi çalıb, bir qədər gözləyib gedirlər. Bir nəfərdən başqa. İsrarla zəngi çalır, açıq pəncərədən içəri boylanır, Türkiyə türkcəsində qapını açmağımızı xahiş edir.

 

- Biz İstanbuldan gəlmişik. Bu muzeyi görmədən qayıtmaq istəmirik. Əsas da qızım. Axşama İstanbula qayıdırıq. Xahiş edirik... Sadəcə, 5 dəqiqəlik.

 

 

 

Bələdçi qapını açır. Alpər Evrensel deyir ki, qızımla internetdən Bakı haqda məlumat axtarırmış və burada Miniatür Kitab Muzeyinin olduğunu öyrəniblər: “Burada 6500 kiçik kitab varmış. Bu kitablar dünyanın bir neçə ölkəsindən toplanıb. Bu muzeyin başqa nümunəsi yoxmuş. “Ginnesin Rekordlar Kitabı”na düşdüyünü öyrəndik. Bu gün İstanbula qayıdırıq. Sırf buranı görmək üçün gəldik.

 

 

 

Alpər bəyin qızı vitrində üz qabığında Atatürkün rəsmi olan kitabı görüb sevincək qışqırır: “Atatürk!”

 

Nataliya xanım kitab haqda məlumat verir.

 

 

Türkiyəli qonaqların ardınca Dubaydan, Pakistandan, Rusiyadan gəlmiş qonaqlar bir-birinin ardınca muzeyə daxil olur. Rusiyalı qonaqları rus və sovet klassikası düzülmüş vitrin maraqlandırır. Burada L. Tolstoyun, Çexovun, Dostoyevskinin, Qoqolun əsərləri var.

 

 

“Amerikada ərə gedən qızlara anası mütləq bu kitabı hədiyyə edir”, deyə bələdçi məlumat verir. Söhbət “Yoy of cooking” kitabından gedir. Kitabda bütün yemək reseptləri var. Bunu ona muzeyə gələn amerikalı turistlər danışıb.

 

 

 

Bakıya axın edən ərəb turistləri muzeydə də görmək olur. Direktor Suad Mursakulovanın sözlərinə görə, muzey yeni yaranan vaxtlar ziyarətçiləri yerli insanlar olsa da, son illər daha çox turistlərin diqqətini cəlb edir: “Ərəb turistlər çox gəlsələr də, kitablarla o qədər də maraqlanmırlar. Səthi həvəs göstərirlər. Kitablarla daha çox Avropa, ABŞ və Rusiyadan gələn ziyarətçilər maraqlanır.

 

 

Muzeyin ziyarətçiləri arasında tanınmış şəxslər də var. Bu haqda muzeyin xatirə kitabına baxanda görmək olur. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin, Avropa Olimpiya komitəsinin prezidenti Patrik Xiki, məşhur fransız aktyoru Jerar Depardye və bir çox ölkənin Azərbaycandakı səfirləri.

 

 

**

 

Zərifə Salahova kolleksiyasında uşaqları da unutmayıb. Onlar üçün ayrılmış 2 vitrində Rusiya, ABŞ, Kuba, Venesuela, Vyetnam və başqa ölkələrdə çap olunmuş rəngarəng uşaq miniatür kitabları düzülüb.

 

 

Bundan başqa dünyanın bir çox ölkələrində çap olunmuş miniatür kitabları da burada görə bilərsiniz.

 

Qeyd edək ki, muzey birinci və dördüncü günlərdən başqa həftənin 5 günü işləyir. Muzeyə giriş pulsuzdur. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>