Sizin link burada

“Rəşadın rəhbərliyi altında oynamaq istəyərdim” - Bədavi Hüseynov

Azərbaycan millisinin və “Qarabağ” klubunun müdafiəçisi Bədavi Hüseynovun apasport.az saytına müsahibəsi

 

- DÇ-2018-in seçmə mərhələsində Bakıda keçirdiyiniz son matçda Çexiyaya məğlub oldunuz (1:2). Halbuki səfərdə onlardan 1 xal almışdınız...

- Çexiya çox güclü komandadı. Onlarla səfərdə bərabərə qalmağımıza baxmayaraq, rəqibin gücü cari seçmə mərhələdəki nəticələri ilə üst-üstə düşmür. Üç gün əvvəlki matçda isə kifayət qədər qol vəziyyəti yaratdılar. Topla əla rəftar edirdilər və bizi daim gərginlikdə saxlayırdılar. Lakin məğlubiyyətə bunları səbəb göstərib, bəhanə axtarmaq istəmirəm. Düşünürəm ki, daha yaxşı oynamalı və ən azı heç-heçə etməli idik. Doğma azarkeşlərimiz önündəki son qarşılaşmada məğlub olmaq bizi məyus etdi.

 

- Kapitan Rəşad Sadıqovun milli karyerasını başa vurmasının mərkəz müdafiəçisi kimi, sizin meydandakı oyununuza nə kimi təsiri olacaq?

- Artıq uzun illərdi ki, Rəşadla çiyin-çiyinə çıxış edirəm. Bu müddətdə ondan çox şey öyrənmişəm və öyrənməkdə davam edirəm. Bir-birimizi yaxşı başa düşür, tamamlayırıq. Əlbəttə ki, Rəşadın gedişi yığmamız üçün böyük itki olacaq.

 

- Rəşad tezliklə məşqçilik karyerasına başlayacaq. Onun rəhbərliyi altında oynamaq istərdinizmi?

- Bunu çox istəyərdim. Düşünürəm ki, o, məşqçiliyə tam hazırdı. Bunun üçün tələb olunan bütün özəlliklər Rəşadda var. Futbolçuları oyunlara çox yaxşı kökləməyi bacarır. Məşqçi kimi böyük uğurlar qazanacağına şübhə etmirəm.

 

- Qayıdaq cari seçmə mərhələdəki oyunlara. Toplanılan 10 xal ürəyinizcə oldumu?

- Düzdü, qazandığımız 10 xalla yeni rekorda imza atdıq. Ancaq hesab edirəm ki, bu, bizi razı salmamalıdı. Çünki daha yaxşısını etməyə gücümüz çatırdı və bəzi görüşlərdə layiq olmadığımız şəkildə xallar itirdik.

 

- Bu gün son qarşılaşmanızı Almaniyaya qarşı keçirəcəksiniz. Artıq seçmə mərhələni 10 xalla tamamlayacağınızla barışmısınız?

- Nəzərə almaq lazımdı ki, son dünya çempionuna qarşı çıxış edəcəyik. Almaniya seçmə mərhələdəki bütün matçları qələbə ilə başa vurub. Amma yenə də kifayətlənmirlər və istəyirlər ki, maksimum nəticə göstərsinlər. Almanlardan səfərdə xal almaq çox çətindi. Ancaq bu o demək deyil ki, əlimizi aşağı salacağıq. Meydana çıxıb layiqli mübarizə aparacağıq və bacarığımızı ortaya qoyacağıq. Biz o düşüncədə deyilik ki, mümkün qədər az qol buraxaq. Çalışırıq ki, motivasiyamızı yüksək tutaq. Sadəcə, dünya çempionuna qarşı var gücümüzlə çıxış etmək fikrindəyik.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>