Sizin link burada

Hərbi dənizçilərimiz İranda müxtəlif görüşlər keçirib

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təsdiqlənmiş plana uyğun olaraq hərbi dənizçilərimiz Ənzəli şəhərində yerləşən Şəhidlər Memorial Kompleksini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.


Sonra hərbi dənizçilərimiz Ənzəli şəhərinin meri Mirşəm Momenizadənin qonağı olublar. Şəhər rəhbəri qonaqları salamlayaraq Azərbaycan dənizçilərini İranda görməkdən məmnun olduğunu bildirib və Azərbaycana səfəri zamanı unutmadığı xoş xatirələrindən söz açıb. O, həmçinin Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov isə ilk dəfə olaraq hərbi dənizçilərimizin İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>