Sizin link burada

"Çarəsiz ailə, qırılan əlil arabası, səssiz axan göz yaşları..." - 14 yaşlı Rəhimənin HEKAYƏTİ

 

 

“Rəhimə mənə çox əzizdi. 3 övladım var. Onun ürəyimdə yeri tamam başqadır. Bir gün Rəhimənin üzü gülsə, elə bilirəm, dünyalar mənimdir. Yaşıdları məktəbə gedəndə günlərlə ağladım ki, mənim balam niyə məktəbə getmədi?! Kömək üçün hara getdimsə, əliboş qayıtdım, bizə kömək edən olmadı. Dedilər, saxlaya bilmirsənsə, ver əlillər üçün internata. Ana balasını necə internata verə bilər? Hələ balan xəstədirsə, sənə möhtacdırsa? Mən Rəhimə ilə nəfəs alıram. Onsuz yaşaya bilmərəm”.

 

Ürək dağlayan sözləri illərdir sümük xəstəliyindən əziyyət çəkən 14 yaşlı Mehdiyeva Rəhimənin anası Vəsilə Mehdiyeva deyir. İllərdir qızının xəstəliyinə əlac tapa bilməyən çarəsiz ana dərdini Lent.az oxucuları ilə bölüşür.

 

 

Sağlam hamiləlik keçirdiyini deyən Vəsilə xanım normal uşaq dünyaya gətirib. Lakin bir müddət sonra körpənin sol ayağının sağ ayağına nisbətən uzun olduğunu fərq ediblər. Məşəqqətli günlər bundan sonra başlayıb.

 

- Uşağın ayağına “şina” taxdılar, il yarım “şina”da qaldı. “Şina”nı çıxarandan sonra Rəhimə normal uşaqlar kimi yeriyirdi, qaçırdı. Zamanla əl barmaqları böyüməyə başladı. 6 saylı Uşaq xəstəxanasına apardıq. İrandan gəlmiş həkim vardı, dedi, bu hələ harasıdır? “Getdikcə sümüklər daha çox deformasiya olacaq, uşaq şəkildən şəklə düşəcək” dedi, inanmadım. Uşağın bu günə düşə biləcəyini təsəvvür etmirdim. 8 yaşından sonra sümükləri əyilməyə başladı. Son iki ildə beli də əyildi, dizi şişdi. Sonra gicgahları şişdi.

 

 

Danışdıqca əlindəki qovluqdan dediklərini təsdiq edəcək sənədləri, epikrizləri çıxarıb bir-bir mənə uzadır.

 

 

- Baxın, bunu İranda veriblər. Şəkillərimiz də var.

 

 

Rəhimənin xəstəxanadakı şəkillərini göstərir. Gözümü sürüşdürüb stoldakı şəklə baxıram. Rəhimənin körpəlik şəkli idi. Anası dizinin üstdə otuzdurub hər iki əliylə bərk qucaqlamışdı onu. İkisi də xoşbəxt görünürdülər. Bir şəklə baxdım, bir də çönüb Rəhiməyə. Şəkildəki uşaqdan əsər-əlamət qalmamışdı. Əl barmaqları həddindən artıq uzanmış və şişmiş, alnı qabağa çıxmış, sol ayağı sağ ayağından yekə, onurğası səkkiz şəklində əyilib əlil arabasının oturacağını parçalayıb çölə çıxmışdı. Xəstəlik şəkildəki o gözəl uşağı tanınmaz şəklə salmışdı.

 

 

Anası Rəhimənin problemlərini sadaladıqca, hərdən başını qaldırıb bizə baxır, dərhal da baxışlarını yerə dikirdi. Utanırdı, deyəsən. Başı aşağı olduğundan ağladığını ancaq yanağından süzülüb əllərinə damcılayan göz yaşlarından bilmək olur. Səssiz-səmirsiz ağlayırdı.

 

 

Rəhiməni səssiz ağladan bu xəstəliyin doğru-düzgün adını heç anası da bilmir. İranda onlara deyiblər, bir neçə sindrom bir yerdə cəmlənib.

 

 

- Uşağı Moskvaya da apardıq. Diaqnoz qoyulması üçün genetik analiz də verdik. Yenə də diaqnoz qoya bilmədilər. Eləcə də Türkiyədə. İranda dedilər, 4-5 sindrom bir yerdə birləşib. Başqa uşaqda 1 sindrom varsa, Rəhimədə hamısı var.

 

 

Ailəsi 14 ildir Rəhimənin amansız xəstəliyi ilə mübarizə aparır. Bu illər ərzində əllərində olan dəyərli nə varsa, hamısını satıblar. Qızıldan tutmuş yaşadıqları evə qədər.

 

 

- Moskvaya aparanda pulumuz yoxuydu deyə evimizi 17 minə satdıq. 10 min manatını əvvəlcədən alıb, uşağı Moskvaya apardıq. Ordan elə vəziyyətdə qayıtdıq ki... 3-4 günə 10 min manatdan əlimizdə heç nə qalmamışdı. Yaşadığım bu ev həm bizimdi, həm də bizim deyil. Öz evimdə kirayənişin kimi qalıram. 6-7 ay kirayə pulu verdik, sonra o insan gəldi, vəziyyətimizi gördü, möhlət verdi. Gah istədik bankdan pul götürüb 10 min manatı qaytaraq, ya az-az ödəyək, gördük ki, yox, heç nə edə bilmirik. Yaya kimi möhlətimiz var. Allah kərimdi, gərək nə edirik?! Rəhiməyə görə o qədər pullar gedib, amma ortada heç nə yoxdu. Torpağımız vardı, satdıq. Atasının maşını vardı, satdıq. Qızıllarımı, ev əşyalarımızı satdıq. Qəşəng evimiz vardı, onu da Rəhiməyə görə satmışıq. İki yaşı vardı. Gördük xəstəxananın xərclərini ödəyə bilmirik, evi satdıq. Əlimizdə qalan pula buranı aldıq. Balaca qaraj idi. Qarajda xeyli yaşadıq. Sonra yoldaşım qarajı söküb yerində bir otaq tikdi. Hamamımız evin dalında idi. Arxa tərəfdə bina tikəndə bizim hamamı sökmək istədilər. Onda Rəhimənin ayaqları protezdə idi. Uşağı qucağıma alıb buldozerin qabağına çıxdım. Uşağı görüb dayandılar. Sonra oranı tikdirən insan bizə şərait yaratdı – daş, qum, sement verdi, dedi, burdan bir otaq tikin. Hamamın yerində otaq tikdik, oldu iki otağımız. Evin sənədi yoxdu. Yoldaşımın adına qarajın baş etibarnaməsi var. O adam da bizə 10 min manat verdi. Biz də notariusla sənədləşdirmişik ki, biz ondan 10 min manat almışıq.

 

 

Vəsiləgil Füzuli rayonunun Ayıbasanlı kəndindən məcburi köçkündürlər. Deyir, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də onlara həyan yoxdu.

 

 

- Bizi evdən çıxaranda Rəhiməni də götürüb Nazirlər Kabinetinə də getmişəm, “Qaçqınkom”a da. Məni qəbul etdilər, o qədər danışdım-danışdım, qulaq asdılar, axırda da dedilər, biz heç nə edə bilmərik. İcra Hakimiyyətinin başçısının qəbulunda oldum, dedim, mənə çadır verim, qurum, içində yaşayım. Çadırda yaşamağa razıyam, yetər ki, kiminsə sözünü götürməyim. Əsəblərim pozulub. Zəhərli zobdan müalicə alıram. Əllərimin əsməsi təzə dayanıb. Bir ara əllərim yaman əsirdi. İş tuta bilmirdim. Bir nəfər qapımı açıb soruşmadı ki, bəlkə Rəhiməni yuyundurmağa ehtiyac var?

 

 

Kövrəlir.

 

 

- Mən elə bilirəm kimsəm yoxdu, təkəm. Hər şeyimiz əlimizdən getdi, uşaq da sağalmadı. Milli Onkologiya Mərkəzində xeyli dərman yazmışdılar. Elə gün olub bir qutu ağrıkəsici içib. Hamısı da havayı. Sən demə, heç onkoloji xəstəliyi də yoxmuş.

 

Bu ilin martında Rəhimənin vəziyyəti çox pisləşibmiş. Xeyirxah insanların köməkliyi ilə onu İrana aparıblar.

 

- Hətta yemək də yeyə bilmirdi. Qızdırmadan yanırdı yazıq uşaq. Milli Onkologiya Mərkəzində dedilər, dalağında şiş var. Nə qədər müalicə aldı, xeyri olmadı, ağrıları keçmədi. Sahə həkimi vardı. O müalicə yazdı. Dərmanları almağa pulumuz olmadı. Bir neçə gün sonra Ceyran həkim Rəhiməyə baş çəkməyə gəldi. Gördü vəziyyəti pisdi, yataqda can verirdi. Gəldi gördü ana-bala ağlayırıq, cibindən 300 manat çıxarıb verdi ki, Rəhimənin dərmanlarını alaq. Özü uşağın yanında gözlədi, mən gedib dərmanları aldım. O həkimi bizə Allah yetirdi. Sonra Rəhiməni İrana apardıq. Adil müəllimin (millət vəkili Adil Əliyevi deyir) hesabına gedib gəlmişik. Bütün xərcimizi ödəyib, Allah ondan razı olsun! İranlı həkimlərin 2 kurs müalicəsindən sonra Rəhimə xeyli yaxşılaşıb. Ağrıları keçdi, özü sərbəst sağa-sola çevrilə bilir. Yata bilir. Ona qədər ağrıdan yata bilmirdi. Atası ilə birgə gecə səhərə qədər ona keşik çəkirdik. Səhərə qədər uşaq ağrıdan yata bilmirdi. Ağrıkəsicilərlə bir təhər yola verirdik. Sistem yazmışdılar. Bir neçəsini orda vurdurduq, ikisi qaldı. Dərmanları alıb gətirmişik, amma Bakıda heç bir xəstəxana yaxın durmadı ki, risklidir. Sistem xəstəxana şəraitində vurulmalıdır. Sistem bitənə qədər mütləq həkim nəzarətində olmalıdır. Ağır sistemdir. 2 sistemi qalıb. Özü də o sistem çox bahalıdır. İksinə 150 manat pul verilmişdi. 3 aydan bir getməliyik. Pul yoxdu deyə qalmışıq.

 

 

- Növbəti müalicə üçün təxmini nə qədər pul lazımdır?

 

 

- Genetik analiz edəcəklərini deyiblər. Qiyməti 3 min manatdır. Dedilər, genetik analizi Almaniyaya göndərəcəklər. Analizin cavabından asılı olaraq dərmanları dəyişdirəcəklər. 4500-5000 manatımız olsa, gedə bilərik. Analiz verilməsə, 2 min də bəs edər.

 

 

Xəstəliyin müalicəsinə gəlincə, Vəsilə xanım deyir, İranda ona deyiblər ki, müalicəsi var: "Amma ətraflı izah etmədilər. İndiki müalicə sümük əyilmələrinin dayandırılması üçündür".

 

 

Rəhimə azmış kimi Vəsilə xanımın digər övladları da xəstədir. Böyük oğlu Vərəsin ürəyində problem var. Buna görə də əsgərliyə aparmayıblar. Balaca oğlu Rəsul isə qan azlığından əziyyət çəkir. Anasının dediyinə görə, Bakıda ona talassemiya diaqnozu qoyulsa da, İranda bu diaqnoz inkar edilib. Üstəlik həyat yoldaşı Nazim də hepatit xəstəsidir.

 

 

- 14 ildir Rəhiməni, 10 ildir Nazimi, 4 ildir ki, balaca oğlum Rəsulu müalicə etdiririk. İrana gedəndə Rəsulu da özümüzlə apardıq. Müayinə etdilər, dedilər, qan azlığı var. Müalicə yazdılar, indi babatdı. Məktəbə gedib-gəlir. Nazim şirkətdə işləyir. Kombi ustasıdır. Ayda 300 manat maaş alır. 3 aydan bir hepatitə görə müalicə alır. Müalicə almasa, qaraciyər serrozu olacaq. Müalicə müddətində Nazim işə getmir. Onda da müdiriyyət narazılıq edir.

 

 

Dodağının altda sakitcə “Onu da işdən çıxartsalar...” deyinərək mətbəxə keçir. Rəhiməni dilə tuturam (Anasından rəsm çəkməyi sevdiyini öyrənmişəm).

 

- Rəhimə, danış görək, nə var-nə yox? Ən çox nəyi xoşlayırsan? Şəkil çəkirsənmi?

 

 

- Mən? Mənim işim ancaq telefonladı.

 

 

“Telefonum da xarab olub, qalmışam belə” - deyir, əllərini dua edirmiş kimi göyə açır və başını yenə aşağı salır.

 

 

- Nə xoşlayırsan?

 

 

- “Lak”, “aseton”, makiyaj şeyləri.

 

 

Vəsilə xanım kənardan müdaxilə edir.

 

 

- Bəzənməyi çox sevir. Odur e.

 

 

Yatağın üstündəki dırnaq boyalarını, kosmetika qabını göstərir.

 

 

- Bu gün də təzə “lak” aldırıb.

 

 

Rəhimə xoşladığı şeyləri sadalamağa davam edir.

 

 

- Rəsm çəkməyi xoşlayıram.

 

 

Anası yenə müdaxilə edir:

 

 

- Rəhimə bütün günü yazıb-oxuyur, şəkillər çəkir. Öz-özünə öyrənir. Bir gün belə məktəbə getməyib, yazıb-oxumağı evdəcə öyrənib. Belə sakit durmağına baxmayın, Rəhimənin o qədər istəkləri var ki! Ətir istəyir, “lak”, “aseton”, gözünə sürtməyə layner,... istəkləri bitmək bilmir. Bir dəfə “yox”, iki dəfə “yox” deyirəm, üçüncüdə ürəyim dözmür, alıram. Düşünürəm ki, yerisəydi, gəzsəydi, heç onlara ehtiyacı olmazdı. Bütün günü evdə oturur, sıxılır, darıxır. Başını bunlarla qatır. Əvvəl telefonu vardı, o da xarab olub. İndi lap darıxır. Telefonu olanda başı qatışırdı. Hərdən deyirəm, kaş bir balaca həyətim olardı, Rəhimə darıxanda həyətə düşərdi. Qismət...

 

 

Rəhimə görünüşü ilə əlaqədar bayıra da çıxmır. İnsanlar baxışları ilə narahat edirlər onu. Anası deyir, yayda ev çox isti olanda hərdən qapının ağzına çıxarır. Hə, bir də Məhəbbət adlı xeyirxah xanım var, şəxsi maşını ilə Rəhiməni gəzintiyə çıxarır. Ayda 3-4 dəfə. Qalan bütün vaxtı evdə-dörd divar arasında keçirir. Əlil arabası da artıq xarab olub. Belinin əyriliyi arabanın arxa hissəsini yırtıb. Bunları anası mənə danışdıqca, Rəhimə də var gücü ilə arxaya çöküb arabanın yırtılmış hissəsinə baxmağa çalışır. Nə qədər çalışsa da, cəhdləri boşa çıxır, çönə bilmir.

 

 

“Məhəbbət xanım bu gün də gəlməli idi. Maşını xarab olub deyə gələ bilmədi", deyir və  təkrar mətbəxə keçir. Qayıdanda:

 

- Rəhimə çox kaprizli uşaqdı. Ət xörəyi olmadan süfrəyə gəlmir. Səhərdən bəri heç nə yeməyib. Bir balaca çörəyin üstünə şokolad yağı çəkmişəm, onu yeyib, vəssalam. Məcbur 1 kilo ət almışam, ona yemək bişirirəm.

 

 

Üçüncü kurs müalicəsi ləngidiyindən Rəhimənin ağrıları təkrar yaranıb. Əlil arabasında  başını aşağı dikib, əliylə ayağını ovur. Anası:

 

 

- Çox ağrın var?

 

 

Başıyla təsdiq edir.

 

Sentyabrın 15-də Rəhimə üçüncü dəfə İrana getməli idi. Maddi imkanları olmadığından bu səfər ləngiyir. Ləngidikcə də Rəhimənin ağrıları günü gündən artır, kəskinləşir. Bu haqda özü danışmasa da, üzünə baxanda ağrı çəkdiyini hiss etmək olur. Üçüncü müalicə üçün isə cəmi 4500-5000 manat lazımdır. Bu məbləğlə o, sağalıb yaşıdları kimi olmayacaq, amma ən azından ağrılarından xilas olacaq. Gəlin, ona yardım edək.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>