Sizin link burada

Azərbaycan-Çexiya: kim necə oynadı? - TƏHLİL

 

 

Millimiz kapitan Rəşad Sadıqovu qələbə ilə yola sala bilmədi. Apasport.az saytının məlumatına görə, 2017-ci ildə get-gedə zəif təsir bağışlayan Robert Prosineçkinin kollektivi DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə (1:2) görüşdə də meydanı məğlub tərk etdi.

 

Komandamızın uğursuz çıxışı, əslində, təəccüblü olmadı. Hər şey dünən qeyd etdiyimiz yanlış heyət seçimi ilə başladı. Yaxşı ki, Kamran Ağayev matçı yüksək səviyyədə keçirdi. Ağayevin bir neçə epizoddakı gözəl seyvi, həmçinin bəzi vəziyyətlərdə çexiyalı hücumçuların qeyri-dəqiq zərbələri, bəlkə də, 4-5 top fərqli məğlubiyyətin qarşısını aldı. “İkinci mərtəbə”də rəqiblə ayaqlaşa bilməyən komandamız hücumda bir varlıq göstərə bilmədi.

 

Fərdi şəkildə dəyərləndirsək, yalnız Kamran Ağayev, Riçard Almeyda və Əfran İsmayılovu digərlərindən fərqləndirmək olar.

 

Kamran Ağayev – Millimiz böyük hesabla məğlub olmadısa, bunu Kamrana borcludu. Rəqibin 3-4 yüz faizlik qoluna mane olmasına baxmayaraq, bu da kifayət etmədi. Buraxılan qollara görə də qolkiperi qınamaq doğru olmaz. Yeganə nöqsanı kimi, topu oyuna daxil edərkən səhvlərə yol verməsini qeyd etmək olar.

 

Rəşad Sadıqov – Vida matçı olduğundan, risk etmək istəmir, sadə futbol oynayırdı. Əvvəlki görüşlərdən fərqli, topu qəbul edərkən çox irəliləmirdi. Yaxşı nəticə ilə vidalaşmaq istədiyindən, hər xırda səhv zamanı komanda yoldaşlarına irad bildirirdi. Ancaq təəssüf ki, Antonin Barak qələbə qolunu məhz Rəşadla hava mübarizəsindən qalib ayrılaraq vurdu.

 

Bədavi Hüseynov – Oyunu elə də zəif keçirmədi. Düzgün yer seçimi sayəsində bir neçə dəfə rəqibin təhlükəli həmləsinin qarşısını aldı.

 

Pavel Paşayev – Hücumlara dəstək verə bilməməsi bir tərəfə, müdafiədə də boşluqlar buraxırdı. Rəqib məhz onun cinahından xeyli sayda təhlükəli asmalar etdi.

 

Məhəmməd Mirzəbəyov – Birinci hissəni olduqca zəif keçirdi. Yerini tez-tez itirirdi. Boyu balaca olduğundan, çexlər asmaları əsasən həmin cinaha edirdilər. Bir neçə dəfə real qol imkanı əldə etmələrinə baxmayaraq, xoşbəxtlikdən əksər hallarda çərçivəyə düşə bilmədilər. İkinci hissədə isə Mirzəbəyov fərqli çıxış etdi. Üç dəfə kritik müdaxilə ilə rəqibin hücumunu yarımçıq kəsdi.

 

Rahid Əmirquliyev – O qədər də gözə dəymirdi. Rəqib əsasən cinahlardan hücumlara üstünlük verdiyindən, mərkəzdə Rahidə çox yük düşmürdü. Komandamızın hücumlarının qurulmasında da fəal iştirak edə bilmədi.

 

Riçard Almeyda – Meydanın ən yaxşılarından idi. Nəhayət ki, millidə istədiyimiz Riçardı, tam olmasa da, görə bildik. Hücumlara fəal qoşulur, topla uzun reydlər edərək, rəqib müdafiəçilərinə çətin anlar yaşadırdı.

 

Cavid Hüseynov – Meydanda olduğu 79 dəqiqə ərzində nə etdiyini bilmədi. Gah topu özündə çox saxlamaqla hücumu “öldürür”, gah da adi epizodda yanlış ötürmə ilə onu itirirdi. Qara Qarayev meydana daxil olduqdan sonra Cavid sol cinaha keçsə də, orda da heç bir işə yaramadı və nəticədə sona 11 dəqiqə qalmış əvəzləndi.

 

Əfran İsmayılov – Oyunun ən yaxşılarından idi. İlk dəqiqələrdən öndəki “üçlük” arasında yalnız o, seçilirdi. Formada olmadığı hiss olunsa da, bu vəziyyətdə belə, çexiyalı müdafiəçilərə əziyyət verdi. İkinci hissədə Ramil Şeydayevi qapıçı ilə üzbəüz qoysa da, hücumçu bu imkanı dəyərləndirə bilmədi.

 

Dmitri Nazarov – Komandamızın ən zəifi idi. Çox ləng hərəkət edir, topla həvəskar futbolçular kimi davranırdı. Nəticədə Prosineçki 67 dəqiqə onun varlığına dözə bildi. Halbuki 18-ci dəqiqədə paxıllıq etməyib yanındakı Almeydanı zərbə mövqeyinə çıxarsaydı, bəlkə də, nəticə başqa cür olacaqdı.

 

Ruslan Qurbanov – Hücumda itib-batmışdı. Komandamıza penalti qazandırmasına baxmayaraq, zəif oyunu ilə Prosineçkinin yanlış seçim etdiyini göstərdi.

 

Ramil Şeydayev – Ruslandan az oynasa da, ondan daha fəal göründü. Ancaq rəqibin cərimə meydanı yaxınlığında dişsiz olurdu. Bir epizodda özü başlatdığı hücumu qolla tamamlayıb qəhrəmana çevrilə bilərdi. Ancaq qapıçı ilə təkbətək imkanı əldən verdi.

 

Qara Qarayev – Meydana sonradan daxil olan yarımmüdafiəçi oyuna yaxşı qoşulmadı. Xüsusən də, uzun ötürmələrdə dəqiq ola bilmirdi. Bacarığından qat-qat aşağı səviyyədə göründü.

 

Mahir Mədətov – Cəmi 11 dəqiqə mübarizə apardı. Bu müddətdə 1-2 dəfə təhlükəli reyd etməyi bacarsa da, nəyisə dəyişməyə vaxtı çatmadı.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>