Sizin link burada

Ləyaqət günü

 

Birinci sinifə gedəndə bütün hərfləri yazmağı və 10-acan vurma cədvəlini bilirdim. Köçkün məktəblərində adətən çox uşaq olurdu. Bizdə də 50 uşaq var idi. Ən yaxşı oxuyanlardan biri də mən idim. Birinci sinifin sonunda bizi A və B siniflərinə böldülər. İbtidai sinif müəllimimiz məni - ən yaxşı oxuyan uşağı B sinifinə keçirdi. Bizim sinifdəki 25 uşaqdan cəmi 4-ü yaxşı oxuyan idi. Bunun səbəbini illər sonra, ağlım kəsməyə başlayanda anlamışdım. Müəllim ayda iki şirvana onun yanına əlavə məşğələyə gəlmək imkanı olmayan bütün uşaqları ayırıb, B sinifinə atmışdı.

 

Mən isə iki "şirvan"a görə B sinifinə atılanda elə bilirdim ki, Solmaz müəllim heç vaxt yemək yemir, heç vaxt tualetə getmir, hara getsək, bizi izləyir, bizi görür.

 

***

 

İbtidai sinifdə oxuyanda Müəllimlər Günündə sinif müəllimimə 3 kilo qoz aparmışdım. Pulumuz yox idi. Atam qoz satırdı. Evdə 1 kisə var idi. Qozun da kilosu o vaxtın pulu ilə 5 min manat idi. Müəllimlər Günündən 3-5 gün sonra tənəffüs vaxtı sinifdə şuluqluq edirdim, müəllim dedi ki, əgər o gün gətirdiyin 3 kilo qoza güvənib belə edirsənsə, gətirib verəcəm özünə, onsuz da 2 kilosu daş qoz çıxıb.

 

Mən isə onda hələ də elə bilirdim ki, İradə müəllim yemək yemir, su içmir, hava ilə yaşayır.

 

***

 

Biz məktəbi bitirən il ilk dəfə buraxılış imtahanları testlə keçirilirdi. Direktor sinifdə uşaqlardan adambaşı 3 "şirvan" pul yığdırdı ki, cəbrdən imtahan cavablarını versin köçürməyə. Mən vermədim, əvvəl kəsdilər, sonra "3" yazıb, keçirdilər. Həmin il o məktəbdən universitetə bircə mən qəbul olundum.

 

Mən onda artıq bilirdim ki, müəllimlər nəylə yaşayır, necə dolanır, nə iş görür.

 

***

 

9-cu sinifdə oxuyanda yaşadığımız rayonda məktəblərarası futbol çempionatı keçirilirdi. Xocalıdan köçkün düşmüş, soyqırımı zamanı anası gözlərinin önündə diri-diri yandırılmış Məhəmmədin futbol oynamağa idman ayaqqabısı yox idi. Tarix elmləri namizədi, 30 yaşlı müəllimimiz 2 "şirvan"a “krossovka” almışdı ki, Məhəmməd ayaqqabı ilə oynamasın.

 

Mən onda bilmişdim ki, bütün müəllimlər eyni yaşamır, eyni dolanmır, eyni öyrətmir.

 

***

 

Qəbul imtahanlarından birinci dəfə kəsilən qonşumuzu məktəblərindəki kimya müəllimi növbəti ildə təmənnasız hazırlaşdırmışdı. Hətta başqa yerdə işləyən fizika müəllimi dostunu da bu xeyirxah işə qoşmuşdu. O qız indi xəstəxanalardan birində diş həkimi işləyir.

 

O kimya müəllimini tanıyanda bilmişdim ki...

 

**

 

Peşənin ləyaqəti olmur. İnsanın ləyaqəti olur. Ləyaqətlə yaşayan hamı hardasa kiməsə nəsə öyrədir. Peşəsinin adında müəllim yazmağı şərt deyil.

 

**

 

Peşəsinə ləyaqət gətirən müəllimlərə yazdım bunu. Gününüz mübarək. 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>