Sizin link burada

Ağdamda bir məktəb vardı...

 

 

Ağdamda bir məktəb vardı. 1 nömrəli məktəb.

 

Bu məktəb öz şagirdinin adını daşıyırdı. Sədrəddin Bayramovun. Suda boğulan dostunu xilas edərkən həlak olmuşdu. Və bundan sonra onun adı oxuduğu məktəbdə beləcə əbədiləşdirilmişdi.

 

Məktəb düz bazarın yanında idi. Ağdam bazarının. Amma bazar deyildi. Məktəb idi.

 

Bu məktəbə “Abbas bəyin məktəbi” də deyirdilər. 19-cu əsrin 80-ci illərində Ağdamın pullu, həm də ziyalı kişilərindən biri olan Abbas bəy yaratmışdı bu məktəbi.

 

Bu məktəbin şagirdləri arasında dünya şöhrətli alim də var, Azərbaycanın milli qəhrəmanları da.

 

Bu məktəbin müəllimləri də adi müəllimlər deyildi. Onlar arasında milli qəhrəman anası da vardı, milli qəhrəman bacısı da.

 

1992-ci ilin yayında hərbi əməliyyatları zamanı bu məktəbə raket mərmisi düşdü. Damı, mərtəbələr arası tavanı zədələndi...

 

1992-93-cü tədris ilində Ağdamın digər məktəbləri kimi burada da dərslər başlamadı.

 

Üzü qışa dönürdü. Səhər-səhər evdən çıxıb yolumu bazardan saldım. Şəhərin sakitliyinə yayılan bazarın səs-küyünü müşayiət edən qəribə bir taqqıltı diqqətimi çəkdi. Səsin haradan gəldiyini müəyyənləşdirmək üçün diqqət verdim. Səs məktəbdən gəlirdi...

 

Məktəbə yaxınlaşdıqca, taqqıltının artmasından anladım ki, yanılmamışam. Yaxınlaşdım. Heç kim gözə dəymirdi. Amma qapı açıq idi. İçəri girdim. Yuxarı qalxdım.

 

Damda iki nəfər vardı. Dam ustası və direktor Sabir Qasımov. Salam verdim.

 

Sabir müəllim salamımı aldı və dərhal da sözə başladı: “Neynəyim, a bala? Bu vəziyyətdə qışa qalsa, darmadağın olacaq. Hələlik dedim, üstün örtək ki, qar-yağış içəri vurmasın. Gələn dərs ilinə qədər də içərisini düzəldərik ki, uşaqlar dərs keçə bilsin...”

 

Sabir müəllim məktəbin təmiri üçün nə uşaqlardan pul yığmışdı, nə kimsədən kömək istəmişdi. Amma o, müəllim idi, məktəb direktoru idi. Məsuliyyətini dərk edirdi. Bu il də olmasa, növbəti ildə uşaqların məktəbə gələcəyinə inanırdı. Deməli, uşaqların gəlişinə məktəb hazır olmalıdır...

 

İndi Sabir müəllim də, bu məktəbdə milli qəhrəmanlara, dünya şöhrətli alimlərə dərs deyənlərin çoxu da haqq dünyasına qovuşub...

 

İndi o məktəb də yoxdu.

 

İndi bəzəkli-düzəkli məktəblər var. İndi şagirdlərdən pul yığan direktorlar var. İndi şagirdə valideynin puluna görə hörmət qoyan müəllimlər var...

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>