Sizin link burada

Qarabağ üçün Kürdüstan və Kataloniya dərsi

 

Kürdüstanın ardınca Kataloniyada da  referendum keçirildi. Hə ikisində də separatizm “qalib gəldi”.

 

Ermənilərin bu separatçı referendumların nəticələrini bəyənməsi heç də təəccüblü deyildi. Amma burda incə bir məqam diqqətdən yayınmamalıdır. Separatçı referendumların nəticələrini Ermənistan Respublikası adlı bir beynəlxalq subyekt yox, ermənilər dəstəklədi. Əlbəttə, bu, beynəlxalq siyasi konyunkturanın tələblərindən doğan reallıqdı və ermənilər bu reallıqlarla yaxşı manipulyasiya edə bilir. Amma əsas məsələ bu deyil.

 

***

 

Kürdüstan və Kataloniya. Biri İraqdan, digəri İspaniyadan ayrılmaq istəyir.

İraq və İspaniya. Müqayisə etmək çox gülünc görünür.

İraq – müharibədən dağıdılmış, səfalətin meydan suladığı bir müsəlman ölkəsi. Beynəlxalq güclərin poliqonu, İŞİD adlı müasirimiz olan terror qruplaşmasının cəngində xərçəng xəstəsi kimi tükənmək səviyyəsində olan bir ölkə. Demokratiyadan çox uzaq bir məmləkət. 

İspaniya – qədim, tarixi olan bir ölkə. İqtisadi cəhətdən inkişaf etmiş 20 dövlətdən biri. Dünyaya demokratiya dərsi keçən Avropa İttifaqının üzvü.

 

Tamam fərqli iki dövlət. Amma hər ikisi eyni mərəzlə rastlaşıb – separatizmlə.

 

Bəzən deyirlər ki, Azərbaycan da separatizmlə üz-üzədir. Mən isə deyirəm – YOX.

Azərbaycan İŞĞAL FAKTI İLƏ üz-üzədir.

 

Əlbəttə, bu yanaşma tərzini kimsə subyektiv hesab edə bilər. Olsun. Əsas məsələ heç bu da deyil.

 

***

 

Fikir vermisinizsə, son illər Qarabağ problemi ilə bağlı hansısa bir hərəkətlilik olan kimi beynəlxalq təşkilatlardan Azərbaycanda insan haqları, söz azadlığı və demokratik təsisatlarla bağlı problemlərin olduğuna dair fikirlər eşidirik. Bu təzyiqlərin Azərbaycanda verdiyi əks-sədanı da eşidirik. Əks-səda verənlərin məntiqinə görə, Azərbaycan insan haqları, söz azadlığı və digər demokratik təsisatların tam təmininə nail olsa Qarabağ problemi də həll olar.

 

Bax bu yerdə Kataloniya və Kürdüstan paradoksu yada düşür. Kürdüstanı qoyaq bir qırağa. Dünyaya, o cümlədən bizə də demokratiya dərsi keçən Avropa İttifaqının üzvü olan İspaniyadan qopmağa çalışır Kataloniya.

 

Deməli, məsələ demokratiya da deyil.

 

Yuxarıda da dedim ki, mən Dağlıq Qarabağ problemini separatizmdən yaranan münaqişə yox, işğalın yaratdığı reallıq kimi qəbul edirəm. Bəli, hər bir problemin spesifikliyi var.

 

Məsələ heç problemin nə olmasında da deyil.

 

Məsələ problemə yanaşmadadır.

 

Yəni biz Qarabağ probleminin həlli deyəndə nəyi nəzərdə tuturuq? Həm də bu suala Qarabağdakı erməniləri, onların arxasındakı rusları, bizim qarşımızdakı Avropanı nəzərə alaraq cavab verməyə cəhd eləməliyik. Əgər bu cür yanaşmasaq, nə Avropadan gələn mesajların Azərbaycandakı əks-sədasından doğan demokratiya, nə də problemə “Avropa qələt eləyir” məntiqi ilə yanaşanların çağırışlarında səsləndirdiyi müharibə bizi Qarabağa qaytarmayacaq…

 

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>