Sizin link burada

Qağa, polis, mən və icra başçısı

 

 

90-cı illərin sonlarıydı, payız aylarıydı, xalq şairi Zəlimxan Yaqubgilə getmişdim. Ordan-burdan söhbət düşdü. Söhbət gəldi çıxdı ev məsələsinə. Şair kövrəldi. Dedi ki, 80-cı ilin əvvəllərində Bakı şəhərində kiçik bir  torpaq sahəsində  özümə  balaca ev qaraladım. İki ay keçmişdi ki, aləm dəydi bir-birinə. Bütün idarələrdən tökülüb gəldilər,  dedilər, ev qanunsuz tikilib, sökülməlidir. Yenə səninkini (mənə işarə edir) sağ olsunlar özləri söküb. Mənim evimi özümə  sökdürdülər.

 

Əvvəlcədən Zəlimxana Yaquba - qağaya  hər şeyi danışmışdım. Yəni qanunsuz evimi qanuni eləmək üçün  icra hakimiyyətindən  sənəd alınmalıdır. Qağa dedi, bununla işim düzəlirmi? Dedim, hə. Dedi, həmin  sənəd mənim boynuma. Zəng elədi  icra başçısına.  Elə beləcə də  dedi: Kəndli-kəsəkli, elli-obalı, pendirli-qaymaqlı, xəngəlli, üstü qurutlu, yanı cızzaqlı, dili şəkər,  sözü bal, məndən də qəşəng, məndən də gözəl bir eloğlum var,  onun da kiçik bir məsələsi var, gəlirəm yanına. Deyəsən, o da telefonun  o başında dedi, gəl. İki yoldaş olub yola düzəldik,   İcra hakimiyyətinə gəldik. Katibə dedi, icra başçısı getdi qaçıqın və köçkünlərin  problemlərini həll eləməyə. Katibənin  sözündən, naz-qəmzəsindən belə çıxdı ki, biz iş görürük  ey, sizi kimi boş-bekar deyilik.

 

- Günortadan sonra gəlməyəcək? - Zəlimxan Yaqub soruşdu.

 

- Yox, gəlməyəcək.

 

- Sabah necə?

 

- Olmayacaq.

 

Qağa  yenə  zəng elədi, icra başçısı bu dəfə  telefonu  açmadı. Katibə qələbəsinə sevinirdi. Bilmirəm, bu qıza neyləmişik?! Hiss elədim ki, icra başçısının açar-kilidi bu qızın əlindədir. Belə katibələrə nifrət edirəm. Eə bil, bu universitetdə mənimlə  oxuyub, mən də bunu  sevmişəm, sonra almamışam. Bax belə bir qız.

 

Çıxdıq həyətə. Qağa  dedi, sən güdükdə dur, nə vaxt icra başsısı işə gəldi, mənə  xəbər elə. Beləliklə,  bir həftə keçdi. Başçının gəlib-gəlməməyindən xəbərim olmadı. İçra başıçıları adətən binanın arxasından daxil olurlar.  Binaya daxil olanda və çıxanda  polislər ətrafdakı adamları ilim-ilim itirirlər ki, başçı adam görər qanı qaralar. Ona görə  bilmirdim ki, başçı işə  gəlir, ya yox?

 

Problem mənə çox şeylər öyrədib. Ona görə də birinci polisdən başladım.

Dedim:  Hansı rayondansan?

Dedi:  Qazaxdanam.

Düz 3 gün bu polisə Hüseyn Arifin lətifələlərindən danışdım. Gözü yaşarana qədər gülürdü. Axırda dedi, sən öl, sən yaxşı oğlansan, icra başçısı gələndə sənə göstərəcəm.

 

Elə bu zaman qaça-qaç, qova-qov düşdü, dedilər, gizlənin,  başçı gəlir. Polis dedi ki, getmə sən mənim arxamda gizlən. Polis var gücü ilə, özü də pıçıltıyla gödək bir kişini göstərib  dedi: Bax, başçı odur.

 

Qağaya zəng elədim, qağa uça-uça gəldi. Əyləşdik qəbul otağında, yenə həmin katibə. Yenə həmin naz-qəmzə.

 

Katibə qəflətən, özü də  hikkə ilə dedi ki, gözləməyin, qəbul etməyəcək, içəridə telefonla danışır.

 

Sonra dedi, yanında  qonaq var, onunla danışır, gec qurtaracaq.

Qağa dedi  ki, axşamacan gözləyərik.

 

Düz 5 saat keçdi, başçı qağanı qəbul eləmədi. Bəlkə də Azərbaycanda yeganə başçı idi ki, qağa ilə çiling-ağac oynayırdı, o da gəlib mənim bəxtimə düşmüşdü. Elə bil, nə düşündüyümü qağa  duydu, qəflətən  durdu ayağa, qapını açdı, başçıya bir-iki kəlmə daşdan keçən söz dedi, bir onu  gördüm ki, Aşıq Ələsgərdən başladı, Aşıq Şəmşirdə qurtardı.

Düşdük aşağı, qağa mənə  kefin istəyən bir qonaqlıq verdi, cibimə də pul qoydu.

 

İki aydan sonra başçını  işdən çıxardılar.

 

Parlament seçkiləri keçirilirdi, gördüm, küçəmizdə  xeyli adam toplaşıb. Adamları  yara-yara  getdim irəli. Nə görsəm yaxşıdır? Həmin keçmiş başçı. İndi deputat  olmaq istəyir. Dediyi sözlərə bax: Nə vaxt gəlsəniz sizi qəbul edəcəm, nə probleminiz var, hamısını həll eləyəcəm. Belə-belə yağlı-yağlı sözlər.  Gül ağzım açıldı, nə açıldı. Dedim, ayə, sən heç xalq şairi Zəlimxanı Yaqubu qəbul eləmədin, bizi qəbul edəcəksən? Mən heç 5 il qəbuluna düşə bilmədim, indi gəlib burda yazıq-yazıq danışırsan.

 

Tükəz Arvada göz elədim ki, başla. Həmin o keçmiş icra başçısını küçədən itnən qovduq. Bir də oralara gəlmədi.

 

Mən çox qəddar adamam, adamları  çox dəqiq yadda saxlayıram. Bax belə.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>